Gürcüstanda son qərarı xalq verəcək -RƏY

 ABŞ və Avropa İttifaqı vəziyyəti o dərəcədə gərginləşdirə bilər ki, vəziyyət ölkədə vətəndaş qarşıdurmasına gedib çıxa bilər

Qərbin müəyyən siyasi dairələrinin niyyətləri Gürcüstanda “marionetka” hakimiyyətini formalaşdırmaqdır. Lakin hazırda görünən odur ki, onlar buna nail ola bilmədilər. Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələri gürcü xalqının siyasi gücünün ifadəsidir. 
Seçkilərdə hakim “Gürcü Arzusu” demokratik Gürcüstan partiyası qalib gəldi. Beynəlxalq ictimaiyyət, dövlətlər eləcə də beynəlxalq media subyektləri xalqın seçiminə hörmətlə yanaşmalı və nəticələri qəbul etməlidir. Bir sıra xarici dövlətlər Gürcüstanın Baş naziri postuna Qərbin diktəsi ilə hərəkət edən insanın təyin edilməsinə çalışır. Bununla da Gürcüstan müstəqilliyini itirib və ona nəyi buyururlarsa onu icra edən hökumətə malik olardı. Lakin Gürcüstan Qərbin bu təzyiqlərinə boyun əymədi. Gürcü xalqının siyasi iradəsinə söykənərək xalqın etimadını qazanmış “Gürcü Arzusu” partiyası hökumət formalaşdırdı. Eyni senarini biz Ukraynada görmüşük. Ukraynada da seçkilərdən sonra 2004 və 2014-cü illərdə oxşar hadisələr baş verib. Qərbin maliyyə, siyasi, iqtisadi dəstəyi ilə dövlət çevrilişləri həyata keçirilib. Nəticədə Ukrayna xalqı bunun dəhşətli fəsadlarını yaşayır. Hazırda ölkənin mövcudluğu ciddi sual altındadır. Oxşar hadisəni Gürcüstanın da başına gətirmək istəyirlər. Qərbin maliyyələşdirdiyi müəyyən vətəndaş cəmiyyəti institutları, partiyalar, anti-milli ünsür rolunu oynayan qüvvələr, beşinci kolonun nümayəndələri, Qərbin maliyyələşdirməsi müqabilində “əl əli yuyar, əl də üzü” prinsipindən çıxış edərək Gürcüstanda dövlət çevrilişi etməyə çalışırlar. Salome Zurabişvili iddia edir ki, Gürcüstanda konstitusion çevriliş baş verir. Amma həqiqət budur ki, özü bu çevrilişə cəhd edir. Bu gün Gürcüstan tarixi sınaq qarşısındadır. Gürcü xalqı düzgün seçim edərək qərbin bütün təzyiq göstərən qüvvələrinə "yox" deyib. Gürcüstanda formalaşmış yeni hökumət Gürcüstanın gələcəyi ilə bağlı ən düzgün siyasi kursu seçib. Həmin kurs müstəqillik yoludur və milli maraqlara söykənir.

 
Beynəlxalq Münasibətlər və Diplomatik Araşdırmalar Mərkəzinin rəhbəri Samir Hümbətov "Sherg.az"a açıqlamasında deyib ki, Gürcüstanda son üç ayda baş verənlər həqiqətən də ciddi narahatlıq doğuran məsələlərdir. 

Ekspertin sözlərinə görə, indi Gürcüstan seçkiyə gedir və seçkinin nəticəsi artıq bəllidir: 

"Artıq yeni hökumət quruldu. Məsələ burasındadır ki, Gürcüstanda baş verən hadisələr, hadisələrin kökü, yəni səbəbi Gürcüstan dövlətinin "Xarici agentlər" haqqında qanun qəbul etməsindən başlayır. Yəni əslində Qərb ölkələri Gürcüstana deyirlər ki, sən heç bir formada bizə dəymə, biz Gürcüstanda istədiyimiz addımları ataq. Məsələnin kökü bundan ibarətdir. Gürcüstan ölkədə təhlükəsizliyin təmin olunması üçün gəlib-gedən pula, maliyyə dövriyyələrinin nəzarətdə saxlanılmasına və bu məsələdə qeyri-qanuni istifadələrin qarşısını almaq üçün belə bir qanun qəbul etdi. Bu, hər bir dövlətin suveren haqqıdır. Burada qeyri-adi, qanundan kənar hər hansı məsələ yoxdur. İndi belə bir halın yaşanması onu göstərir ki, Qərb dövlətləri Gürcüstandakı mövcud hökumətlə barışmaq niyyətində deyillər. Gürcüstan hökumətinin 2028-ci ilə qədər Avropa İttifaqının danışıqlardan çəkiləcəyi ilə bağlı fikirlər səsləndirməkdədir. Bəlkə də bir az güc göstəricisidir, nəbz yoxlamasıdır. Yaxud da ki, əzələ nümayişi də ola bilər. Amma hər halda münasibətlər gərgindir. Çevrilişin olacağı ehtimalı isə o qədər real görsənmir. Hökumət yeni qurulub. Gürcüstan prezidentinin tutduğu mövqe isə sırf qərbyönümlüdür, hökumətlə tərs münasibətdir. Son nəticədə qərarı Gürcüstan xalqı verəcək, hadisələrin gedişatı ilə bağlı bütün əsas göstərici məhz onların əlindədir. ABŞ və Avropa İttifaqı vəziyyəti o dərəcədə gərginləşdirə bilər ki, vəziyyət ölkədə vətəndaş qarşıdurmasına gedib çıxa bilər. Qərb öz mənafeyini güdmək üçün buna getməyə hazır olduğunu göstərə bilər. Düşünürəm ki, Qərbin ora təsir imkanları çoxdur".