İranın xarici işlər naziri Abbas Ərakçi paytaxt Tehranda İran Ordusu Dəniz Qüvvələri Günü çərçivəsində keçirilən proqramda Suriyadakı son hadisələrlə bağlı açıqlamalar verib.
Sherg.az xəbər verir ki, diplomatiya ilə sahə əməliyyatlarının bir-birini tamamladığını ifadə edən Arakçi, “Diplomatiya hədəflərə çatmaq üçün daha az xərcli və təsirli bir üsuldur. Lakin unutmaq olmaz ki, diplomatiya yalnız ölkənin daxili dinamikası və gücü əsasında inkişaf edə bilər. Diplomatiya və sahə bir-biri ilə ahəngdar hərəkət edir, lakin sahə dəstəyi olmadan diplomatiya səmərəsiz qalır. Diplomatlar yerdəki qüvvələrin dəstəyi ilə hərəkət edirlər” deyə bildirib.
Proqramdan sonra jurnalistlərə açıqlama verən Arakçi qeyd edib: “Bu gün Dəməşqə gedəcəyəm və İranın mesajını Suriya hökumətinə çatdıracağam. Suriya ordusu və hökumətinə qətiyyətli dəstəyimiz davam edir. Suriya ordusu keçmişdə olduğu kimi yenə qalib gələcək”.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi xarici işlər naziri Abbas Ərakçinin bölgədəki hadisələri müzakirə etmək üçün yaxın zamanlarda bəzi ölkələrə səfər edəcəyini açıqlayıb.
O, Ərakçinin bazar günü Suriyaya gedəcəyini və Suriya rəsmiləri ilə görüşəcəyini, daha sonra Türkiyəyə gedərək Türkiyə rəsmiləri ilə bir sıra görüşlər keçirəcəyini bildirib.
Ərakçının səfərlərinin davamında bölgənin digər ölkələrinə də səfəri gözlənilir.