Dünya məktəbində "Mən danışa bilmirəm 2" adlı tədbir baş tutdu

Bu gün Dünya məktəbində "Guys" İctimai birliyi və ÜTÜ MMC "Mən danışa bilmirəm 2" adlı natiqlik və ünsiyyət forumunu təşkil etdi. 
Forum başlamazdan əvvəl himn səsləndirildi və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə Dünya məktəbinin nümayəndələri, millət vəkilləri, könüllülərdən ibarət qrup və media nümayəndələri iştirak etdilər. İlk olaraq forumun təsisçiləri ÜTÜ MMC-nin təsisçisi Zaur Cahangirov və "Guys" İctimai birliyinin təsisçisi Mübariz Quliyev çıxış etdilər. 
Növbəti olaraq millət vəkili Ceyhun Məmmədov çıxış edərək gənclərin nitqlərində üzləşdiyi problemlərin səbəblərindən danışdı. Bir çox siyasətçilərin istifadə etdiyi jest-mimika hərəkətlərindən söhbət açdı.Ulu Öndər Heydər Əliyevin və Barak Obamanın jestikulyasiyadan çox yaxşı istifadə etdiklərini vuğuladı.
Deputat Vüqar İskəndərov çıxışında insanın ən böyük həzzi danışanda aldığını söyləyərək nitqin vacib olduğunu, potensialı olub natiqliyinin olmamasına görə irəli getməyən insanların var olduğunu bildirdi.
Tədbirin gedişində Diləzbər Hüseynova "Ebru necə danışır?", Gültəkin Əliyeva "Nitqindən pul iyisi gəlir", psixoloq Nurşən Qurbanova, Əsmər Kərimbəyova "Görmürəm, eşitmirəm, elə bilirsən bilmirəm?", Zaur Cahangirov "Bir səhv idi çıxış etdim", Ülkər Çələbiyeva "Sözümüzlə necə sataq?" adlı təqdimatları ilə çıxış etdilər. 
40 dəqiqəlik fasilədən sonra tədbir davam etdi. 
Şəlalə Mehdiyeva "Tələffüzüm yerlə gedir" adlı təqdimatı ilə çıxış etdi. Bundan sonra filologiya üzrə fəlsəfə doktoru Dürdanə Rəhimzadə, şeirlə yazıçılar birliyinin üzvü Nuranə Nur, "Həyəcan da gözəldir, səndən gözəl olmasın" adlı təqdimatla Günay İbadova, "5 il sonra nitqini harada görürsən?" adlı təqdimatla Murad Hümbətov və "Bu nə tip danışıqdır?" adlı təqdimatla isə Nahid Cəlil söz aldılar.
Tədbirin sonunda media nümayəndələri və tədbir iştirakçıları sertifikatla təltif olundular. Xatirə fotosu ilə tədbir sona çatdı.

Banuçiçək Kəlbalıyeva/Emil Nağızadə