Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan Azərbaycan hava yollarına məxsus təyyardə olan Rusiya vətəndaşları Moskvaya gətirilib.
APA-nın Moskva bürosu xəbər verir ki, bu gün Rusiya prezidentinin tapşırığına və fövqəladə hallar nazirinin göstərişinə əsasan, Fövqəladə Hallar Nazirliyinin xüsusi tibbi modullarla təchiz olunmuş təyyarəsi Aktauda təyyarə qəzasında yaralanan 9 Rusiya vətəndaşını Moskvaya gətirib. Rusiya Fövqəladə hallar nazirliyinin xüsusi təyinatlı təyyarəsi Moskvanın Jukovski hava limanına enib. Daha sonra təcili tibbi yardımlar 9 yaralını Moskvanın müxtəlif xəstəxanalarına çatdırıblar.
Yaralılardan ikisi Moskvanın Slifasovski adına Elmi Tədqiqat İnstitununun Təcli Tibbi Yardım şöbəsinə gətirilib. Bunlar Çeçenistan sakinləri Arbi Yandarov və Mədinə Arsbayevadır.
Qohumlarının APA-ya verdiyi məlumata görə, Mədinə Asbayevanın vəziyyətinin ağır, Arbi Yandarovun isə qənaətbəxşdir, huşu yerindədir.
Moskvaya çatdırılan yaralı Rusiya vətəndaşları arasında milliyətcə azərbaycanlı olan bir Rusiya vətəndaşı da var. O 1988-ci il təvəllüdlü Zaur Məmmədovdur. Həmin azərbaycanlının Moskvanın hansı xəstəxanasına yerləşdirildiyi barədə məlumat yoxdur. Rusiya Fövqəladə hallar nazirliyi sağlamlıq vəziyyəti yaxşı olanla psixoloji yardım göstəriləcəyini açıqlayıb.