Netanyahunun İran xalqına təbrik mesajı əslində İran rejiminə xəbərdarlıqdır- ŞƏRH

İsrail Baş naziri Benyamin Netanyahunun İran xalqını Novruz bayramı münasibəti ilə təbrik etməsi və təbrikində iki dövlət üçün "dostluq ili" olmasını arzuladığı diqqət çəkib. İsrail və İran arasında davam edən gərginlik, yalnız bu iki ölkənin münasibətlərinə deyil, həm də Yaxın Şərqdəki güc balansına da təsir edir. 

Hər iki ölkə öz maraqlarını qorumaq və artırmaq üçün bir-birinə təzyiq edir. Bu gərginlik, xüsusilə Suriyada, Livanda və Fələstində baş verən hadisələrlə bağlıdır. İsrailin bu ölkələrdəki hərbi əməliyyatları, İranın burada təsir göstərməsi və hər iki dövlətin digər ölkələrlə münasibətləri bu gərginliyin əsas səbəblərindəndir.

Mövzu ilə bağlı politoloq Tural İrfan İsrail və İran arasındakı qarşılıqlı əlaqələrin və bu əlaqələrin bölgəyə necə təsir etdiyi barədə fikirlərini Sherg.az-la bölüşüb:

"İsrail və İran arasındakı gərginlik görüntüsü, həmin ölkələrdəki hazırki rejimlərin müəyyən qərar və maraqlarda zidd mövqelərdə olmalarıdır. İsrail İran rejiminə bununla bildirmək istəyir ki, son dövrdə onun işğallarına ərəb ölkələrində yaxşı zəmin hazırlaya bilmir. Əgər bu cür passivlik davam edərsə o, İran xalqını ayağa qaldıra bilər. Ötən illərdə belə "təbriklər" olmurdu. Çünki İran rejiminin fəaliyyəti İsraili qane edirdi. Hazırda isə İran arabir öz müstəqil qərarları ilə addım atır. Bu da İsraili qane etmir. Suriyadakı sabiq Əsəd rejiminin qalması, İranın da onu uzun illər ayaqda saxlaması İsrailə böyük fayda kəsb edirdi. Sonda İran Suriyanı əldən verdi. İsrail isə indiki İrandan uzaq Suriya hakimiyyətinə, İran dostu olan Əsəd rejimindən daha çox düşmən kəsilib". 

Ekspert bir qədər əvvəl İranın Suriyada müəyyən qüvvələri üsyana qaldırıb hazırki hakimiyyəti devirməyə cəhd etməsinin səbəbinin İsraillə yenidən bazarlıq etmək istəməsi olduğunu bildirib:

"Onun bu cəhdi uğursuz oldu. Ona görə də dərhal İsrail İrana mesaj ötürdü. Eləcə də ABŞ-nin prezidenti İranı vurmaq barədə rəy vermələri üçün Konqresə məktub yolladı. Netanyahunun İran xalqına təbrik mesajı əslində İran rejiminə xəbərdarlıqdır.
Fələstində, Livan və Suriyada İsrailin işğal və qırğınlarına İrandan daha münbit zəmin hazırlayan ikinci dövlət yoxdur. Amma bu zəminin hazırlandığı ölkələrdən ən əhəmiyyətlisi olan Suriya artıq İranın əlindən çıxıb. Livan və Yəmən də əlindən çıxsa daha İran İsrail və ABŞ üçün lazımsız fiqur rolunda olacaq. Bu zaman rejimi devirmək mövzu ola bilər".

Politoloq söyləyib ki, İranın Fələstin uğrunda fədakarlıq obrazı müsəlman ölkələrini bu mövzudan uzaq saxlamaq və İsrailə maksimal dəstək vermək amalı daşıyır. 

"Reallıqda İsrail - Livan, İsrail - Fələstin, İsrail - Suriya savaşlarında nəticə etibarı ilə ən böyük zərər və ziyana, işğala məruz qalan ölkələr bu ölkələr olub. İran bildiyi halda ki, İsrailin hərbi gücü və ABŞ ilə müstəqilliyi zəminində sözü gedən ölkələrin nailiyyət əldə etməsi absurddur, yenə də proksi qüvvələrinin əli ilə münaqişəni alovlandırır və nəticə İsrailin xeyrinə bitir.
İranın indiki rejimi ilə İsrailin gizli əlaqələri hətta keçmiş İran-İraq müharibəsi dövründən bəri inkişaf edir. İsrail o zaman İrana 3 milyard dollardan artıq dəyərdə silah, sursat verdi. Məhz İran qalib gəlsin deyə İraqın nüvə obyektlərini bombaladı. O dövrdən bəri İranla İsrail bir-birinə qarşı süni düşmən obrazı görüntüsü yaratmaqla böyük fayda verirlər". 

Müsahibimiz sonda İsrailin "İran qorxusu" ilə ərəb ölkələri sərhəddində silahlandığını, İranın isə öz xalqını "İsrail qorxusu" ilə qorxudub əsarətdə saxladığını qeyd edib.