İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsi gündəlik müzakirə predmetinə çevrilib. Sıradan bir hadisə olmadığı üçün bu məsələnin Türkiyə mediası ilə paralel Azərbaycan KİV-lərində də gündəmi zəbt etməsi təbii haldır. Qeyd edək ki, İmamoğlunun həbsi ətrafında baş verənlər siyasi müəmma olaraq qalır və ona qarşı irəli sürülən ittihamların nə qədər doğru, yaxud yanlış olmasından asılı olmayaraq, hakimiyyətə əsas iddialı şəxsin oyundankənar vəziyyətə salınmasının arxasındakı siyasi hədəflər diqqət çəkir.
Bəzi ekspertlər üçün İmamoğlunun həbsində siyasi hədəf CHP-də qüvvələr balansını idarə etmək, müəyyən qədər Özgür Özalın önünü açmaq və Türkiyədə Avropa siyasi xəttini neytrallaşdırmaq kimi görünür.
Siyasi ekspert Vüqar Dadaşov isə "Sherg.az"a açıqlamasında deyib ki, Türkiyədə baş verən mitinqlər ölkədaxili proseslərin nəticəsi deyil. Onun sözlərinə görə, keçmiş prezident seçkilərində CHP-dən namizəd Əkrəm İmamoğlunun həbsi ictimayətə açıqlanan təkzibedilməz cinayət əməllərinə görə hüquq müstəvisində olan məsələ olsa da, onun həbsinin siyasiləşdirilməsinə xaricdən daha güclü dəstək verilir, maraq göstərilir:

"Türkiyədə İmamoğlunun ətrafında gedən prosesləri Azərbaycan və türk etnosu kontekstindən qiymətləndirsək, qısa və konkret demək olar ki, CHP və Əkrəm İmamoğlu Azərbaycana və Türk birliyinə qarşı siyasi sistem və siyasi fiqurdur. Bir dəfə də olsun nə İmamoğlu, nə də təmsil etdiyi CHP Ermənistan Azərbaycan münasibətlərində Azərbaycana dəstək verməyib, əksinə Ermənistana və ermənilərə xüsusi rəğbət və simpatiya nümayiş etdirib. 44 günlük müharibə zamanı İmamoğlu və ümumən CHP Azərbaycana qarşı təxribatlarla yadda qalıb, nəinki dəstək verib. Əkrəm İmamoğlu Azərbaycana münasibətdə konkret və yumşaq desək zəmanəmizin Süleyman Dəmirəlidir. Siyasi fəaliyyəti dövründə İmamoğlu və təmsil olduğu CHP türk biliyi haqqında bir kəlmə belə dilə gətirməyib. CHP və Əkrəm İmamoğlunun siyasi fəaliyətinin ən təhlükəli istiqati isə, ölkə daxili kiçik etnik qrup və dini təriqət nümayəndələri ilə siyasi iş birliyidir. Qeyd edilən iş birliyinin əsl mahiyyəti bəllidir ki, Türkiyə daxili separatizm və dini dözümsüzlük yaymaqla ölkəni zəiflətmək mümkün olsun. Dini, islami baxımdan da Əkrəm İmamoğlu qərbyönümlü siyasi fiqurdur və açıq şəkildə də Qərb, Avropa dəyərlərini İslam dəyərlərindən üstün tutur və bunu gizlətmir".
İmamoğlunun həbsinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla əlaqələndirilməsinin tamamilə yersiz olduğunu vurğulayan ekspert deyib ki, Ərdoğan türk və islam birliyini prioritet götürərək Türkiyəni nəinki regionun, bütün dünyada söz sahibinə, qlobal gücə çevirib:
"Ölkələrdə siyasi idarəçilik sistemini və siyasi mənzərəni dəyişmək gücünü göstərib. Türkiyə artıq dünyanın əsas və öndə gedən müstəqil hərb sənayesinə malikdir. Dünyanın İqtisadi və enerji tranziti və logistika mərkəzi ola bilib. Bütöv Avropa özünün təhlükəsizliyini təmin etmək üçün Türkiyəyə sığınır. Cənab Ərdoğan keçmiş Osmanlı imperiyasının nüfuzunu və təsirini bərpa edə bilib. Türkiyə prezidenti Ərdoğanın yeritdiyi sisasi kursu dəyişmək cəhdı türk xalqına xəyanətə bərabərdir. Əkrəm İmamoğlu və CHP - nin siyasi fəaliyyəti Türkiyə üçün ən ağır nəticələrə səbəb ola bilər. Bir neçə həftə əvvəl Macarıstan, Serbiya və Slovakiyada başladılan mitinqlərin Türkiyədəki mitinqlərlə əlaqəsi açıq görsənməsə də, bu da qlobal dünya bölgüsünün tərkib hissəsi kimi, artıq formalaşmaqda olan yeni dünya düzənində Türkiyəni aparıcı rolunu məhdudlaşdırılası istəyidir. Əkrəm İmamoğlu da buq məqsədə istifadə olunan fiqurdur. Heç şübhəsiz ki, Avropanın bəzi qüvvələri, xüsusən də Vatikan Türkiyənin islam, türk dayağı kimi bərpa olunmasına mane olmaq üçün cəhdlər edir. Bu işdə İranın "xidmətinə" də ehtiyac yaranıb. İran artıq CHP - nin siyasi fəaliyyət istiqaməti olan dini təriqətlərlə əlaqəsinin imkanlarını işə salıb. Hətta İran, Türkiyənin tarixə keçirdiyi PKK, kürd-türk qarşıdurmasını, öz siyasi ərazisində Cənubi Azərbaycanda Urmiyada Kürdüstan - Azərbaycan etnik zəmində mümkün çaxnaşmanın təsiri ilə bərpa etmək niyyətindədir".
O, demokratiyanın təhlükəli hakimiyyət hərisləri üçün manipulyativ üsula çevrilməsinin artıq heç kim üçün gizli qalmadığını deyib. Ekspert qeyd edib ki, oturuşmuş dövlətlər, böyük xalqlar dərin dövlət imkanları ilə təhlükəli siyasi ambisiyalı şəxslərin hakimiyətə yollarını bağlayır. Türkiyə də də belə bir oturuşmuş sistemin varlığı Türkiyənin milli təhlükəsizliyi üçün olduqca vacib dayaqdır.