
Cənub Qaz Dəhlizi strateji önəm daşıyan uğur modelidir -TƏHLİL
Bakıda keçirilən tədbirlərdə imkanların müzakirə olunması, görülən işlərin qiymətləndirilməsi baxımından çox vacibdir
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində 3-cü iclasları keçirilib. Bu mühüm tədbirlər Azərbaycanın enerji siyasətində strateji mərhələ olmaqla yanaşı, ölkəmizin regional və qlobal enerji bazarlarında artan rolunu bir daha nümayiş etdirir. Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın enerji diplomatiyasının ən uğurlu nümunələrindən biridir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində həyata keçirilən bu layihə ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşa çevrilməsinə imkan yaradıb. Bununla yanaşı, Azərbaycan yaşıl enerji sahəsində də iddialı planlar quraraq, bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində mühüm addımlar atır. Bərpaolunan və yaşıl enerji əsasında istehsal edilən elektrikin ixracı Azərbaycanın enerji strategiyasında yeni eranın başlanğıcıdır. Ölkəmizdə energetika sahəsində bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi Prezident İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürülüb və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bu enerjinin payının 30 faizə çatdırılması hədəf kimi müəyyənləşdirilib. Cənub Qaz Dəhlizi Avropaya qaz nəqlini təmin edən mühüm enerji layihəsidir. Bu layihənin gerçəkləşməsi uzun və çətin bir proses olub. Dəhlizin təməli 1997-ci ildə qoyulsa da, 2003-cü ildə onun iqtisadi cəhətdən səmərəsiz ola biləcəyi ilə bağlı ehtimallar, həmçinin xarici təzyiqlər və müxtəlif bürokratik maneələr layihənin həyata keçirilməsini çətinləşdirdi. Lakin Prezident İlham Əliyevin siyasi iradəsi və strateji baxışı nəticəsində bu maneələr aradan qaldırıldı və layihə yeni inkişaf mərhələsinə keçdi. 2013-cü ildə Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin dörd layihəsi – “Şahdəniz”, “Cənubi Qafqaz Boru Kəməri”, TANAP və TAP-ın genişləndirilməsi ilə bağlı Sərəncam imzaladı. Məhz bundan sonra Cənub Qaz Dəhlizi tam gücü ilə işlək vəziyyətə gətirildi və Azərbaycan qazının Avropaya çatdırılmasına başlanıldı. 2014-cü ildə layihənin daha sistemli və effektiv idarə olunmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin Sərəncamı ilə “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti yaradıldı. Bu qurum layihənin maliyyələşdirilməsi, idarə olunması və inkişaf etdirilməsi ilə bağlı mühüm funksiyalar yerinə yetirir. 2015-ci ildən etibarən isə Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantıları mütəmadi olaraq keçirilməyə başladı. Bu görüşlər layihənin beynəlxalq səviyyədə əlaqələndirilməsinə, tərəfdaş ölkələrlə əməkdaşlığın gücləndirilməsinə və Cənub Qaz Dəhlizinin uzunmüddətli dayanıqlığının təmin edilməsinə xidmət göstərir. Bu gün Cənub Qaz Dəhlizi təkcə Azərbaycanın deyil, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin əsas dayaqlarından birinə çevrilib. Azərbaycanın qətiyyətli siyasəti və uğurlu enerji strategiyası nəticəsində bu layihə tam gücü ilə işləyir, ölkəmiz beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin inkişafında və həyata keçirilməsində liderlik edib. Dövlətimizin başçısı dəfələrlə bu layihənin mühüm əhəmiyyətini vurğulayaraq, Azərbaycanın Avropanın etibarlı enerji tərəfdaşı olduğunu bəyan edib. 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimindəki çıxışı zamanı Prezident Əliyev layihənin əhəmiyyətini bu sözlərlə ifadə edib: “Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi məsələlərinin həllinə də kömək göstərəcək. Bu gün enerji təhlükəsizliyi ilə bağlı məsələlər dünya gündəliyində çox ciddi dayanır və ölkələrin milli təhlükəsizliyi, o cümlədən enerji təhlükəsizliyindən böyük dərəcədə asılıdır. Cənub Qaz Dəhlizi enerji resurslarının şaxələndirilməsi işində də çox önəmli layihədir və hesab edirəm ki, əvəzolunmaz layihədir. Bu layihədə biz həm mənbələrin, həm marşrutların şaxələndirilməsini görürük. Çünki ancaq bu təqdirdə biz tam mənada enerji resurslarının şaxələndirilməsi haqqında danışa bilərik. Sadəcə olaraq, yeni marşrutların açılması və eyni mənbədən qidalanması tam mənada enerji şaxələndirilməsi məsələsi deyil. Biz isə, sözün əsl mənasında, enerji şaxələndirilməsi layihəsini icra edirik. Azərbaycan qazı yeni mənbədir və Cənub Qaz Dəhlizi yeni enerji damarıdır, Avropanın enerji xəritəsini yenidən tərtib edən layihədir. Bu layihənin həyata keçirilməsində iştirak edən bütün tərəflərin maraqları təmin edilib. Bu da çox önəmlidir. Burada maraqlar balansı gözlənilib”. Cənub Qaz Dəhlizi sayəsində ölkəmiz Avropanın enerji təhlükəsizliyinə töhfə verən əsas oyunçulardan birinə çevrilib. Son illərdə Azərbaycanın bu sahədə qazandığı uğurlar və atdığı strateji addımlar layihənin dayanıqlılığını daha da möhkəmləndirib. Cənub Qaz Dəhlizi təkcə Azərbaycanın deyil, bütövlükdə Avrasiyanın enerji xəritəsində mühüm dəyişikliklərə səbəb olub. Bu boru kəməri sistemi, eyni zamanda, enerji təhlükəsizliyinin və beynəlxalq əməkdaşlığın bariz nümunəsidir. Layihənin uğurla reallaşması Azərbaycanın strateji tərəfdaş kimi mövqeyini gücləndirib, region ölkələri arasında əməkdaşlığı dərinləşdirib və Avropanın enerji təchizatında etibarlı mənbəyə çevrilməsinə gətirib çıxarıb. Həqiqətən Cənub Qaz Dəhlizi yalnız infrastruktur layihəsi deyil, həm də qlobal enerji bazarında balans yaradan və uzunmüddətli perspektivdə strateji önəm daşıyan uğur modelidir.
Millət vəkili Vüqar Bayramov "Sherg.az"a deyib ki, Azərbaycan regionun, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin formalaşmasında yeni alternativ mənbədir. Deputat vurğulayıb ki, Azərbaycan artıq Avropa qitəsinə sadəcə xam nefti ilə deyil, həmçinin 2020-ci ilin sonundan etibarən öz mavi qazı ilə də çıxır:

"Azərbaycanın mavi qaz ixrac etdiyi 12 ölkədən 10-u Avropa qitəsində yerləşir. Bu da Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni göstərən əsas faktorlardandır. Eyni zamanda Azərbaycanda mavi qaz hasilatının artması müşahidə olunur. 2024-cü ildə Azərbaycan tarixində ilk dəfə olaraq mavi qazı hasilatı 50 kub metrdən çox oldu. Bu, ixrac imkanları deməkdir. 25 milyard kub metrdən artıq mavi qaz ixrac olunub. Onun əhəmiyyətli hissəsi Avropa bazarına ixrac olunan mavi qazdır. Cənub Qaz Dəhlizi üzrə həm Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasların keçirilməsi Azərbaycanın regionun enerji təhlükəsizliyindəki rolunu xarakterizə edir. Digər tərəfdən enerji əməkdaşlığının genişləndirilməsi baxımından yeni imkanlar deməkdir. Nəticə etibarı ilə burada görülən işlər, perspektiv olaraq həyata keçiriləcək layihələr müzakirə olunur, reallaşır. Nəzərə alaq ki, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə həm də daxili şəbəkələrdən istifadə etməklə Avropada daha çox ölkələrə mavi qaz nəql edir. Xüsusən, Yunanıstan, Bolqarıstan Qaz İnterkonnektorunun istifadəyə verilməsi mavi qazın Avropada daha çox ölkəyə çatdırılmasına imkan yaratdı. Bu kontekstdə Bakıda keçirilən tədbirlərdə imkanların müzakirə olunması, görülən işlərin qiymətləndirilməsi baxımından çox vacibdir".