ABŞ İran müxalifətinə dəstək verməkdən imtina etməyəcək

Qərbin nəzəri hər zaman Xalq Mücahidləri Təşkilatının üzərində olub
Rza Pəhləvi ətrafında formalaşan müxalifətə dəstək bəllidir


ABŞ İran hakimiyyətinə müxalif təşkilatı dəstəkləmədiyini açıqlayıb. Qeyd olunub ki, Vaşinqton İranın Xalq Mücahidləri Təşkilatını demokratik müxalif hərəkat saymır. Ağ Ev hesab edir ki, bu təşkilat İran xalqını təmsil etmir. ABŞ Dövlət Departamentindən bildirilib ki, Vaşinqton Xalq Mücahidləri Təşkilatına heç bir maliyyə dəstəyi vermir və onların üzvlərini təlimatlandırmır, habelə bu qurumla xüsusi əlaqəsi yoxdur. Xatırladaq ki, Xalq Mücahidləri Təşkilatı İrandakı rejimə qarşı siyasi-hərbi yolla mübarizə aparır. ABŞ və koalisiya qüvvələri İraqda hərbi əməliyyat başlayandan sonra mücahidlər ölkədən çıxarılaraq Albaniya ərazisində yerləşdirilib. Bu hərəkatın Parisdəki tədbirlərinə də icazə verilməyib. Bir müddət əvvəl Milli Müqavimət Şurası Parisdə illik iclas keçirmək istəyib. Amma Fransa polisi buna razılıq verməyib. Təşkilat bunu tənqid edib və İranda hakim dini faşizmin şantajının qurbanı və girovu olmaq kimi qiymətləndirilib. Son günlər Omanda ABŞ və İran nümayəndələrinin qapalı görüşlər keçirməsi ilə bağlı məlumatlar da yayılıb. 
  
Mövzunu "Sherg.az"a dəyərləndirən siyasi şərhçi Cəmaləddin Quliyev deyib ki, Xalq Mücahidləri Təşkilatı İranda islam inqilabının ilk illərindən meydana çıxmış bir hərəkatdır. Analitik vurğulayıb ki, sadəcə onların təqdim etdiyi konsepsiya mövcud hakimiyyətin konsepsiyasından bir az fərqli idi: 

"Sonrakı dövrlər ərzində hərəkat üzvləri İraqa mühacirət etmişdilər. Həm də özlərinin silahlı dəstələrini, media vasitələrini, böyük biznes şəbəkələrini qurmuşdular. Ancaq İraqa qarşı koalisiya qüvvələrinin fəaliyyətə başlamasından sonra həmin təşkilat İraqdan çıxarıldı və ABŞ hərəkatı terror qurumu kimi tanıdığını bəyan etdi. Ötən müddət ərzində həm Amerika, həm İran, həm də Azərbaycan mediasında hərəkatla bağlı məlumatlar əks olundu və bəlli oldu ki, mövcud İran rejiminin konsepsiyasından az fərqlənən Xalq Mücahidləri Təşkilatının şərti konsepsiyasının Xomenei rejiminə alternativ olması arzulanmayıb. O səbəbdən İraqda Səddam rejiminin devrilməsindən sonra "Xomenei islamı", "Xomenei şiəliyi" qalib gəldi və hakim mövqeyə çevrildi. Yəni İraqda Nəcəf mərkəzli şiəlik deyil, Qum mərkəzli şiəlik hakimdir. Bu da onu göstərir ki, ABŞ ilə İran arasında bu məsələdə gizli sövdələşmə var. Bu da təbiidir, ABŞ böyük ölkədir və İran da regional dövlətdir. İki ölkənin siyasətində bildiyimiz və bilmədiyimiz məqamlar var. Elə olur ki, illər sonra hansısa sızmalar nəticəsində gizli sövdələşmələr üzə çıxır. Məsələn, İraq-İran müharibəsi zamanı ABŞ-nin İrana silah yardımından söhbət gedirdi. Görünür, ABŞ həm İran, həm də İraqla əlaqə qurmaqla iki ölkənin silah arsenalını nəzarətdə saxlamaq istəyirdi. Qərbdə uzun müddət İraq müxalifətinin lideri kimi Əhməd Çələbi qəbul olunurdu. Sonradan bəlli oldu ki, Əhməd Çələbi İran xüsusi xidmət orqanlarına bağlı şəxs imiş. O vaxt sabiq İran Prezidenti Əhməd Nejat bir etiraf etmişdi ki, İraq və Əfqanıstanla bağlı ABŞ və İran arasında sıx əməkdaşlıq olub". 

  C.Quliyevin fikrincə, bütün bunlar o demək deyil ki, Vaşinqton-Tehran əməkdaşlığı daimi və davamlıdır: "Nə vaxt maraqlar üst-üstə düşür, o zaman əməkdaşlıq yaranır. Terror təşkilatı kimi tanınsa da, Qərbin nəzəri hər zaman Xalq Mücahidləri Təşkilatının üzərində olub. Bu təşkilatın bazası hazırda Albaniyada yerləşir. Lakin bazanın Albaniyadan çıxarılması da müzakirə olunmaqdadır. Bu da ABŞ-İran yaxınlaşması fonunda baş verən hadisədir. Omanda da gizli danışıqlar aparılır, amma bu, o anlama gəlmir ki, ABŞ bütövlükdə İran müxalifətinə dəstək verməkdən imtina edəcək. Bunun əksini sübut edən xeyli faktlar mövcuddur. ABŞ Prezidenti Co Baydenin hakimiyyətə gəldiyi ilk gündən verdiyi bəyanatlar ortadadır. Rza Pəhləvi ətrafında formalaşan müxalifətə dəstək də bəllidir. Amerika və Avropada yaşayan liberal dünyagörüşlü İran müxalifətinə də dəstək verilir. Bütün bunlar göstərir ki, Tehran rejiminə müxalif olanlara dəstək göstəriləcək. Sadəcə, Xalq Mücahidləri Təşkilatının dəstəklənməsi sual altındadır".