"Tehran daha çevik və rasional idarəetmə modeli qura bilsəydi, sanksiyalara baxmayaraq iqtisadiyyatın müəyyən qədər stabilləşdirilməsi mümkün olardı"
"Məhz bu sahədə yol verilən səhvlər ölkədə kəskin bahalaşma, qıtlıq və sosial narazılığın dərinləşməsinə gətirib çıxarıb”
Dünyada cərəyan edən bir sıra proseslər beynəlxalq gündəmi zəbt edib. Bu proseslərin ən diqqətçəkən ünvanlarından biri isə yenidən İrandır. 2025-ci il dekabrın 28-də ölkədə inflyasiyanın sürətlə dərinləşməsi və milli valyutanın ABŞ dolları qarşısında rekord həddə dəyər itirməsi səbəbilə, son üç ilin ən kütləvi etiraz aksiyaları başlayıb.
İlk etiraz qığılcımları Tehranın Qapalı Bazar ərazisində alışıb və qısa müddət ərzində dalğa kimi yayılaraq ölkənin müxtəlif şəhər və əyalətlərini əhatə edib. Gərginliyin artması ilə təhlükəsizlik qüvvələri etirazçıları dağıtmaq məqsədilə gözyaşardıcı qazdan istifadə edib. Xüsusilə paytaxt Tehranda silahlı iğtişaşçıların bir neçə bölgədə dövlət qurumları və hökumət binalarına hücumları davam etdirdiyi bildirilir. Rəsmi mənbələrin açıqlamasına görə, qarşıdurmalar zamanı təhlükəsizlik qüvvələrinin bir əməkdaşı da daxil olmaqla azı 20 nəfər həyatını itirib. Hadisələr beynəlxalq müstəvidə də ciddi rezonans doğurub. ABŞ Prezidenti Donald Tramp etirazlara açıq dəstək nümayiş etdirərək bildirib ki, İranda dinc nümayişçilərə qarşı güc tətbiq ediləcəyi təqdirdə, Vaşinqton proseslərə müdaxilə edə bilər. Bu açıqlama rəsmi Tehranın sərt reaksiyasına səbəb olub. İranın ali dini liderinin baş müşaviri Əli Şamxani xəbərdarlıq edib ki, ABŞ-nin ölkənin daxili işlərinə müdaxiləsi kəskin cavabla nəticələnəcək. İranın ali rəhbəri Seyid Əli Xamenei isə baş verən hadisələrin kökünü hökumətin səriştəsizliyində deyil, “düşmənin məqsədyönlü və məkrli siyasətində” gördüyünü bildirib. Onun fikrincə, valyuta bazarında qiymətlərin nəzarətsiz artımı təsadüfi xarakter daşımır. Məsələ xarici qüvvələrin planlı fəaliyyətinin nəticəsidir. Xamenei vurğulayıb ki, xalqın dəstəyi ilə düşmənə qarşı qətiyyətli mübarizə aparılacaq. İran Prezidenti Məsud Pezeşkian isə ilkin mərhələdə fərqli mövqe nümayiş etdirib. O, mövcud iqtisadi çətinliklərə görə hökumətin məsuliyyət daşıdığını bəyan edib və rəsmi şəxsləri ABŞ kimi xarici aktorları günahlandırmaqdan çəkinməyə çağırıb. Lakin Trampın iddialı açıqlamasından sonra Pezeşkianın ritorikasında da dəyişiklik müşahidə olunub. O, etirazçılara qarşı zorakılıq olacağı təqdirdə ABŞ-nin onları “xilas edəcəyi” ilə bağlı bəyanatını, cəfəngiyyat adlandırıb. Daha sonra İran prezidenti həqiqət, ədalət və imamın yolu ilə gedən bir millətin heç bir qüvvə tərəfindən sarsıdıla bilməyəcəyini vurğulayıb.
Politoloq Zərdüşt Əlizadə Sherg.az-a açıqlamasında İranda baş verən kütləvi iğtişaşların təkcə daxili sosial narazılıqlarla izah edilə bilməyəcəyini qeyd edib.
Onun sözlərinə görə, mövcud proseslərin formalaşmasında həm İran hakimiyyətinin apardığı səmərəsiz daxili siyasət, həm də Qərbin uzunmüddətli təzyiq mexanizmləri həlledici rol oynayır.
Ekspert bildirir ki, İran İslam Respublikası təxminən 40 ildir beynəlxalq sanksiyalar altında fəaliyyət göstərir və bu müddət ərzində ölkənin sərbəst iqtisadi manevr imkanları ciddi şəkildə məhdudlaşıb:
“İran sanksiyalar ucbatından neftini sərbəst sata bilmir, qabaqcıl texnologiyalara çıxışı yoxdur. Qərb demək olar ki, bütün əsas sahələrdə İrana sistemli şəkildə maneçilik törədir. Bu da birbaşa olaraq iqtisadi duruma və əhalinin sosial rifahına mənfi təsir göstərir. Mövcud sanksiyalar İran iqtisadiyyatına ciddi zərbə vurub, lakin bütün məsuliyyəti yalnız xarici amillərin üzərinə atmaq da doğru deyil. Rəsmi Tehran daha çevik və rasional idarəetmə modeli qura bilsəydi, sanksiyalara baxmayaraq iqtisadiyyatın müəyyən qədər stabilləşdirilməsi mümkün olardı. Məhz bu sahədə yol verilən səhvlər ölkədə kəskin bahalaşma, qıtlıq və sosial narazılığın dərinləşməsinə gətirib çıxarıb”.
Politoloq vurğulayıb ki, İran mətbuatı artıq bu problemləri açıq şəkildə gündəmə gətirirərək, iqtisadi böhranın miqyasını gizlətmir. O, İran Prezidenti Məsud Pezeşkianın ali dini elitanın siyasətini tənqid etməsini də ölkə daxilində mövcud siyasi ziddiyyətlərin açıq təzahürü kimi qiymətləndirib.
Z.Əlizadə ABŞ-nin mövqeyinə toxunaraq, Vaşinqtonun İranla bağlı siyasətini kəskin tənqid edib:
“Xüsusilə Donald Tramp administrasiyası beynəlxalq münasibətlərdə ikili standartlara əsaslanan imperialist xətt yürüdür. Tramp bir tərəfdən Qəzzada uşaqların öldürülməsini pisləyir, digər tərəfdən isə İsrailə silah sataraq, hərbi dəstək göstərir. Trampın Venesuela və Yaxın Şərq neftinin ABŞ-yə məxsus olması ilə bağlı səsləndirdiyi açıqlamalar onun imperialist düşüncə tərzini açıq şəkildə nümayiş etdirdiyini göstərir”.
İranda davam edən iğtişaşların hazırkı mərhələsinə toxunan politoloq bildirib ki, proseslər hələlik rəsmi Tehranın nəzarəti altındadır. Onun sözlərinə görə, İran hakimiyyətinin kifayət qədər güclü təhlükəsizlik infrastrukturu və sərt cəza mexanizmləri mövcuddur. Lakin etirazların uzunmüddətli və kütləvi xarakter alması hakimiyyətin zəifləməsinə səbəb ola bilər.
Z.Əlizadənin fikrincə, məhz belə bir vəziyyətdə ABŞ və İsrail İran İslam Respublikasını devirmək üçün daha aktiv addımlar atmağa çalışacaqlar:
“Bu gün Misir, Mərakeş, Səudiyyə Ərəbistanı və Qətər kimi ölkələr İsrailin işğalçı siyasətinə faktiki olaraq müqavimət göstərmir. İran isə regionda İsrailə qarşı prinsipial və açıq mövqe nümayiş etdirən yeganə dövlətdir. ABŞ və İsrail İranı məhz bu mövqeyinə görə düşmən hesab edir. Qətərlə İranın müqayisəsi də bu baxımdan diqqətçəkicidir. İranda nisbi siyasi pluralizm və müxalif fikirlər mövcud olduğu halda, Qətərdə avtoritar idarəetmə hökm sürür”.
Zərdüşt Əlizadənin qənaətincə, Qərb dövlətləri uzun illərdir sanksiya mexanizmləri vasitəsilə İran İslam Respublikasını zəiflətməyə cəhd göstərir. O, beynəlxalq mediada Qərb və yəhudi lobbisinin dominant mövqedə olduğunu, Fələstin məsələsində isə beynəlxalq hüququn selektiv şəkildə tətbiq edildiyini xüsusi vurğulayıb. Politoloqun fikrincə, İsrailin mülki əhalini bombaladığı bir şəraitdə öz torpaqlarını müdafiə edən HƏMAS-ın terror təşkilatı kimi təqdim olunması, ikili standartların açıq və bariz təzahürüdür.
Aybəniz Səfərova