Professor : İsrail faktoru sülhə mane oldu
ABŞ-İran-İsrail arasında 40 gün davam edən müharibə aprelin 8-də müvəqqəti atəşkəslə sona çatıb. Pakistanın vasitəçiliyi ilə ABŞ və İran nümayəndə heyətləri arasında aprelin 11-də İslamabadda keçirilən danışıqlar uğursuzluğa düçar oldu. Tərəflərin görüşə Hörmüz boğazı və nüvə proqramı ilə bağlı fərqli arqumentlərlə gəlməsi sülh razılaşmasının qarşısına sədd çəkib. ABŞ-nin vitse-prezidenti C.D.Vens İran ilə razılığa gələ bilmədiklərini açıqlayıb. Onun sözlərinə görə ABŞ-yə lazım olan əsas məsələ, İranın nüvə silahı yaratmayacağına dair tam zəmanət verməsidir. Vensin nüvə proqramı üzrə uğursuz açıqlamaları bu məsələnin həllini tapmadığını ortaya qoyur. Danışıqlardan öncə diqqəti cəlb edən məqamlardan biri isə İranın vitse-prezidenti Məhəmməd Rza Arefin sosial media hesabında etdiyi paylaşım oldu. O, Vaşinqtonun “İsrail prinsipləri”ni rəhbər tutacağı təqdirdə razılığa gələ bilməyəcəklərini bəyan etmişdi.
Mövzu ilə bağlı Marmara Universiteti Humanitar və Sosial Elmlər Fakültəsinin professoru, türk tarixçi Ali Satan Sherg.az-a bildirib ki, ABŞ və İran arasında 1979-cu ildən bu yana ən yüksək səviyyəli danışıqlar baş tutub:
“Təssüflər olsun ki, danışlar uğursuzluqla başa çatdı. Görüş qapalı formatda keçirildiyi üçün uğursuzluğun səbəblərinə dair təfərrüatlar tam şəkildə ictimaiyyətə açıqlanmayıb. İsrail bu prosesdə iştirak etməsə də “Destabilizasiyaedici aktor” olaraq tərəflərin sülh istiqamətində irəliləməsinə növbəti dəfə maneə törədib. İsrailin Baş naziri dəfələrlə Trampı İranla atəşkəsdən çəkindirməyə çalışıb. Pakistan rəhbərliyi atəşkəsə Livanın da daxil edildiyini açıqlasa da, bu addım ABŞ və İsrail tərəfindən sərt reaksiyalarla qarşılanıb”.
Analitikin fikrincə, İsrailin razılaşmadan kənarda qalması danışıqların müsbət nəticə verməyəcəyini əvvəlcədən şərtləndirirdi:
“Əfsuslar olsun ki, İsrail qanlı qarşıdurmadan əl çəkmək niyyətində deyil. Rəsmi Təl-Əviv 40 ildir ki, ABŞ-ni İrana qarşı hərbi əməliyyatlara cəlb etməyə çalışır. İsrail rəhbərliyi İranın nüvə potensialını məhdudlaşdırmaq üçün ABŞ-nin hərbi gücündən istifadə edir. Vaşinqtonun siyasi dairələrinin açıqlamaları göstərir ki, əvvəlki prezidentlər İsrailin tələblərini rədd ediblər. Yalnız Tramp onların qurduğu tələyə düşdü. İsrail yaranmış geosiyasi fürsətdən maksimum səviyyədə faydalanaraq, öz strateji maraqlarını irəli aparmağı hədəfləyir. Lakin müharibə nə ABŞ və İranın, nə də dünyanın maraqlarına uyğundur”.