ABŞ İsrail olmadan razılaşma imzalamağa tələsir - Türk tarixçi Ali Satan

Lakin qəbul edilən qərarların doğurduğu ağır fəsadlar yaxın günlərdə üzə çıxacaq

Əgər Tramp İsrailin inadkar mübarizəsinə rəğmən onu yenə də razılaşma imzalamağa razı salsaydı, ABŞ supergüc imicinə yenidən geri dönəcəkdi 

Yaxın Şərq regionu müharibənin təsirindən çıxmağa başlayıb. İyunun 15-də Pakistan rəhbərliyinin açıqlamalarına əsasən Vaşinqton və Tehran arasında memorandum imzalanıb. Tarixi sənədə ABŞ adından Prezident Donald Tramp və vitse-prezident Cey Di Vens, İran tərəfindən isə parlamentin sədri Məhəmməd Baqir Qalibaf imza atıb.

Dünya ölkələri tərəflərin mütərəqqi addımını alqışlasalar da, bəzi siyasi dairələr İsrailin mövqeyindən narahatdır. Tramp İsrailin sazişin şərtlərindən məmnun olduğunu bildirsə də, Baş nazir Benyamin Netanyahu mübarizənin hələ başa çatmadığını bəyan edib. İsrailin mühüm razılaşmadan kənarda qalması, atəşkəs təməli üzərində imzalanacaq yekun müqavilənin taleyini sual altına salır.

Marmara Universiteti Humanitar və Sosial Elmlər Fakültəsinin professoru, türk tarixçi Ali Satan Sherg.az-a bildirib ki, ABŞ-İsrail-İran qarşıdurması tarixdə ən çox sual doğuran hadisələrlə yadda qalacaq:

“Əslində münaqişənin başından bəri, ABŞ-nin müharibəyə maraqlı olmadığı, İsrailin təkidi ilə bu prosesə daxil olduğu barədə mühüm şəxslər tərəfindən açıqlamalar verilib. Necə və hansı səbəbdən başladığı tam aydın olmayan müharibənin başa çatması da eyni dərəcədə çətin olacaq. İsrail artıq müharibə ilə nəfəs alan dövlətə çevrilib. Onun məmnun qalmadığı razılaşma davamlı və təhlükəsiz xarakter daşıya bilməz. ABŞ İsrail olmadan razılaşma imzalamağa tələsir. Lakin qəbul edilən qərarların doğurduğu ağır fəsadlar yaxın günlərdə üzə çıxacaq. Əgər Tramp İsrailin inadkar mübarizəsinə rəğmən onu yenə də razılaşma imzalamağa razı salsaydı, ABŞ supergüc imicinə yenidən geri dönəcəkdi”. 

Professorun sözlərinə görə, İsrailin razılığı olmadan imzalanan sənədin sonu yenə də müharibəyə gedib çıxacaq:

“Bu zaman, ABŞ üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmədiyi üçün qlobal liderliyini itirəcək və supergüc statusunu qorumaq cəhdləri iflasa uğrayacaq. ABŞ at oynatdığı günlərinə geri qayıda bilməz. Bunun nümunəsini İranla yaşanan qarşıdurmada da gördük. Yeni dünya nizamının formalaşma prosesi sürətlənir. Netanyahunun müharibəni regiona yaymaq cəhdləri yalnız İsraili deyil, dünyadakı yəhudi icmalarını da çətin vəziyyətə salacaq”. 

Tarixçinin fikrincə, aqressiv və avantürist siyasətçilər dünyanı idarəolunmaz xaosa sürükləyir:

“Bəzi ölkələr geosiyasi üstünlüyü əldə etmək üçün tək çarəni insanları qırıb-talamaqda görürlər. İsrail hökümətinin siyasi dəst-xətti də bunun üzərində qurulub. Dünyada sülhü dəstəkləyən bütün dövlətlər müharibə şüarlarından əl çəkməyənlərə qarşı vahid və qətiyyətli mövqe sərgiləməlidir. Çünki yerləşdiyi regionun hər qarışına göz dikənlər, növbəti mərhələdə bütün dünyaya sahib olmağın planlarını quracaqlar”.