ABŞ və İran bu tarixə kimi razılaşa bilər - Fidan

  Bu həftənin sonuna qədər İran və ABŞ arasında Hörmüz boğazı ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılması mümkün ola bilər.

Axar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan bildirib.

Fidan qeyd edib ki, Hörmüz boğazının açılması əsas şərtlərdən biri idi və tərəflər bu istiqamətdə hərəkət etsələr də, prosesin praktik icrası ilə bağlı fərqli yanaşmalara malik idilər:

“Tərəflərdən biri özündən xəbərsiz müəyyən addımların atıldığını gördü, gəmilərə hücumlar baş verdi, gərginlik artdı və boğazın bloklanması ilə nəticələndi. Boğazdan keçidin tənzimlənməsi ümumi qarşılıqlı anlaşmaya əsaslanmalıdır. Dünəndən etibarən tərəflər arasında aparılan diplomatik səylər nəticəsində nisbi sakitlik dövrü başlayıb. İndi isə qarşılıqlı anlaşmanı yenidən təmin etməklə problemi həll etmək lazımdır. Düşünürəm ki, boğazdan keçidlə bağlı fikir ayrılıqları həftəsonuna qədər aradan qaldırıla bilər".