İran iqtisadi çöküşdədir, müharibə uzansa, “daxildən partlayış” qaçılmazdır
Yaxın Şərqdə gərginliyin pik həddə çatdığı, qlobal güclərin maraqlarının toqquşduğu bir vaxtda ABŞ və İran arasındakı münasibətlər dünya siyasətinin əsas gündəmini təşkil edir.
İqtisadi sanksiyaların boğucu təsiri, nüvə ambisiyaları və bölgədəki "kölgə müharibələri" fonunda hər iki tərəf həm daxili, həm də xarici təzyiqlərlə üz-üzədir.
İsrail faktoru və Tramp administrasiyasının gözlənilməz gedişləri isə vəziyyəti daha da mürəkkəbləşdirir. Müharibənin nə ilə nəticələnəcəyi isə sual altındadır.
Güney Azərbaycan Televiziyasının (GünAzTV) rəhbəri, Amerikada mühacir həyatı yaşayan Güney Azərbaycanın milli fəalı Əhməd Obalı mövcud geopolitik mənzərə, tərəflərin gizli strateji hədəfləri və müharibənin mümkün sonluğunu ilə bağlı Sherg.az-ın suallarını cavablayıb:
-ABŞ-İran arasında hazırda geopolitik vəziyyəti necə qiymətləndirirsiniz? Tərəflərin müharibəyə münasibəti necədir?
-Hazırkı vəziyyətlə bağlı həm İran, həm də Amerika savaşın bitməsini istəyirlər. İranın bunu istəmə səbəbi ölkənin çox ağır vəziyyətdə olmasıdır. Bundan əlavə iqtisadi basqı altında qalmaq İran üçün çox çətindir. Dövlət daxilində maaşların verilməsində problemlər yaranıb. Dövlət öz işçilərinin maaşlarını verməkdə çətinlik çəkir.
-İranın daxili iqtisadiyyatı ilə bağlı məsələni bir az daha aça bilərsiniz? Xüsusən sənaye və məşğulluq sahəsində durum nə yerdədir?
-Bir çox şirkətlər, xüsusi iş yerləri və dövlətə bağlı böyük müəssisələr- polad fabrikləri, dəmir zavodları, maşınqayırma müəssisələri və ümumiyyətlə sənaye ilə bağlı şirkətlərin çoxu işçilərinin əksəriyyətini işdən çıxarmağa məcbur olur. Çünki iş yoxdur. Xüsusilə kiçik iş yerləri daha çox ziyan görüblər. Onlar da işçiləri ixtisar etməyə məcburdurlar.
Gündəlik əməkhaqqı ilə çalışan fəhlələr üçün də demək olar ki, iş qalmayıb. Buna görə də İran daxilində yüksək səviyyədə işsizlik mövcuddur. Bahalıq isə ciddi şəkildə artıb. Bir çox qida məhsullarında və xüsusilə dərmanlarda qiymətlər təxminən 300%-ə qədər yüksəlib.
Vəziyyət belədir ki, ölkədə pul yoxdur, insanlar işsiz qalıb və bahalıq çox yüksək səviyyəyə çatıb. Bu səbəbdən ölkə daxildən partlamağa doğru gedir.
İran tam uduzmaq və ya tam təslim olmaq da istəmir. Çünki əlində heç nə qalmasa belə, ən azından nüfuzunun və etibarının bir hissəsini qorumaq istəyir. Bu baxımdan Tehran hesab edir ki, Amerikanın üzərində də müəyyən basqılar var. Buna görə müharibənin bir qədər uzanması İran üçün tamamilə fəlakətli görünmür.
-Bəs Vaşinqtonun bu müharibəni bitirmək istəməsinə təsir edən amillər nələrdir?
- Amerikanın üzərində əsas basqı dünya enerji bazarındakı bahalıqdır. Bu vəziyyət dünya iqtisadiyyatına mənfi təsir edir. Bir çoxları bunun səbəbkarı kimi Amerikanı görür. Buna görə də Tramp həm dünya liderləri, həm böyük şirkətlər və iqtisadi dairələr, həm də ölkə daxilində artan benzin qiymətləri səbəbindən bu savaşı bitirməyə yönəldilir. Xüsusilə benzinin bahalaşması Tramp üçün daxili siyasi təzyiq yaradır.
Ancaq Ağ ev rəhbəri də İranı indiki vəziyyətində olduğu kimi buraxmaq istəmir və ona müəyyən tələbləri var. O, İranın nüvə proqramını dayandırmasını istəyir. Həmçinin İran daxilində 60%-ə qədər zənginləşdirilmiş nüvə materialının ölkədən çıxarılmasını, mümkün olsa Amerikaya verilməsini tələb edir. Bundan əlavə, İranın raket proqramı məsələsi də var.
-Tərəflər bu mövcud vəziyyətdə qələbə və ya məğlubiyyəti necə təyin edirlər?
-Burada hər iki tərəfin bir tərəfdən müharibəni uduzmamaq, digər tərəfdən isə müəyyən qədər qələbə qazanmaq niyyəti var.
İndiki vəziyyətdə müharibə bu şəkildə dayansa, Amerika özünü uduzmuş hesab etməyəcək. Çünki istəsə, sonradan yenidən təzyiqləri davam etdirə bilər. İran isə sistemin, yəni İslam Respublikasının və Molla rejiminin hakimiyyətdə qalmasını özünə bir qələbə kimi təqdim edir.
Bununla yanaşı, İran üçün əlavə bir qələbə də nüvə zənginləşdirməsini davam etdirə bilmək ola bilər. Hazırkı vəziyyət əsasən bundan ibarətdir.
-Amerikanın iqtisadi embarqoları və blokadası İranın gələcəyinə hansı təsirləri göstərir?
-Amerikanın İran limanlarını faktiki mühasirədə saxlaması, neft satışındakı problemlər və ölkəyə pul axınının qarşısının alınması İran iqtisadiyyatını daha da çətin vəziyyətə salıb. İran satdığı neftin pulunu belə tam şəkildə əldə edə bilmir. Bir çox maliyyə vəsaiti xarici banklarda dondurulub. Tehran həmin pullara çıxış əldə edə bilmir.
İran çox ağır iqtisadi və siyasi basqı altındadır. Bu vəziyyətdə müharibəni uzun müddət davam etdirmək onun üçün çox çətin görünür. Əgər savaş davam etsə, İranın qalan sənaye sahələrinin də böyük hissəsi məhv ola bilər.
Hazırkı vəziyyətin nəticəsində İran artıq təxminən 15-20 il geri düşmüş hesab olunur. Müharibə davam edərsə, bu geriləmə daha da dərinləşəcək. Ölkənin bərpası üçün 20-25 il, bəlkə də daha çox vaxt lazımdır.
Bu baxımdan əsas basqının daha çox İranın üzərində olduğu görünür.
-Son günlər İran daxilində Prezident Pezeşkianın Müctəba Xamenei ilə görüşməsi barədə dolaşan xəbərlər nə dərəcədə realdır?
-Pezeşkianın Müctəba Xamenei ilə görüşməsi haqqında xəbərlər var. Doğrudur ki, Pezeşkian bildirib ki, görüş olub və onların arasında təxminən iki saat yarımlıq səmimi söhbət keçirilib. Amma hələ də tam bəlli deyil ki, bu görüş həqiqətən baş tutub, yoxsa yox.
Çünki İran dövləti Müctəba Xameneinin öldüyünü və ya çox ağır vəziyyətdə olduğunu, kimsə ilə danışa bilmədiyini gizlədir. Buna görə də məsələ hələ 100% aydın deyil. Hətta əgər görüş olubsa belə, bunun üzbəüz görüş və ya telefon danışığı olması da bəlli deyil.
Bu səbəbdən Müctəba Xamenei ilə görüş məsələsi hələlik o qədər də əhəmiyyət daşımır. Xüsusilə də ona görə ki, görüşdən sonra Pezeşkian açıqlamır ki, həmin iki saat yarım ərzində hansı mövzular müzakirə olunub. Halbuki iki saat yarım uzun müddətdir və əgər görüş baş tutubsa, yəqin ki, 4-5 əsas məsələ, xüsusilə də savaş məsələsi müzakirə olunub.
Amma bununla bağlı ciddi, geniş və ətraflı məlumat verilmir. Buna görə də bu görüş haqqında böyük suallar yaranır. Ümumiyyətlə, əgər Pezeşkian Müctəba Xamenei ilə görüşübsə, bir çox məsələlərə aydınlıq gətirilməli idi. Lakin burada aydınlıqdan daha çox suallar ortaya çıxır.
-İsrail faktoru və Netanyahunun mövqeyi bu prosesə necə təsir edir?
-Burada üçüncü mühüm faktor İsraildir. Netanyahu savaşın bitməsini istəmir. Amma məsələ hələlik əsasən Trampın əlində olduğuna görə Netanyahu çox da önə çıxmır.
Netanyahunun daxildə də problemləri var, məhkəmə prosesi davam edir və savaş olduğu müddətdə bu məsələ arxa plana keçib. Digər tərəfdən, əgər İsrail bu savaşdan tam qalib çıxarsa, Netanyahu İsrail tarixində ən güclü və “qəhrəman” liderlərdən biri kimi tarixə düşəcək. Bu halda onun daxildəki məhkəmə problemləri də əvvəlki qədər əhəmiyyət daşımayacaq.
-Amerika ilə İran arasında mümkün bir anlaşma İsrailin hərbi planlarını tamamilə dayandıra bilərmi?
-Netanyahu savaşı davam etdirmək istəyir. Amma o, Amerika ilə İran arasında danışıqlar getdiyi üçün tam sərbəst hərəkət edə bilmir. Bununla belə, Amerika ilə İran arasında sülh və ya anlaşma əldə olunduqdan sonra İsrail daha sonra öz istəyi ilə savaşı yenidən davam etdirə bilər.
Hətta ola bilər ki, Amerika ilə İsrail arasında belə bir razılaşma olsun: əvvəlcə Amerika İranla məsələni müəyyən qədər həll etsin, daha sonra isə İsrail prosesi davam etdirsin və həmin vaxt Amerika İsrailə dəstək versin.
Çünki İsraillə İran arasında hərbi baxımdan hava yolu, yəni Suriya və İraq üzərindən keçən marşrut faktiki olaraq açıq qalır. İsrail bu istiqamətdən İrana nisbətən rahat şəkildə çata bilir. Bu baxımdan İsrailin yolu hər zaman açıq hesab olunur.
-Sizcə regionun digər oyunçuları, xüsusən Körfəz ölkələri bu gərginliyə necə baxırlar?
- Onlar da bir tərəfdən İranın tam təslim olmasını, nüvə proqramının dayandırılmasını və raket sisteminin məhdudlaşdırılmasını istəyirlər. Amma digər tərəfdən, özləri də böyük ziyan görmək istəmədikləri üçün bu məsələlərdə çox ön plana çıxmırlar.
Bu səbəbdən ərəb ölkələrinin İrana qarşı əsas tələbləri də daha çox Amerika üzərindən həyata keçirilir.
-Savaşın sonu ilə bağlı proqnozunuz var?
-Ümumiyyətlə, savaşın gedişatı ilə bağlı vəziyyət qarışıq olaraq qalır. Xüsusilə də Trampın hər gün yeni bir məsələ ortaya atması və insanları çaşdırması səbəbindən indidən dəqiq qərar vermək və ya qəti proqnoz söyləmək çətindir. Amma məntiq onu göstərir ki, savaş hələ bir müddət də davam edəcək.