Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, əgər Ermənistan hesab edirsə ki, ona Avropa İttifaqında olmaq Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə müqayisədə daha sərfəlidir, o zaman belə seçim edə bilər. Lakin bu, Rusiyanın hesabına baş verməməlidir.
Sherg.az xəbər verir ki, Overçuk bu fikirləri Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPBİF) çərçivəsində "RİA Novosti" agentliyinə müsahibəsində səsləndirib.
“Biz ermənilərin özləri üçün nəyin daha yaxşı olduğuna qərar vermələrinin tərəfdarıyıq. Əgər onlar hesab edirlərsə ki, Avropa İttifaqında olmaq onlar üçün daha rahat və daha faydalıdır, əlbəttə ki, həmin yolu seçə bilərlər”, - deyə o bildirib.
Rusiya rəsmisi Ermənistanın istədiyi halda belə bir seçim edə biləcəyini vurğulayıb.
“Amma bizim hesabımıza yox”, - deyə Overçuk əlavə edib.
Qeyd edək ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu bu il iyunun 3-dən 6-dək keçirilir.