ABŞ və Ukrayna Rusiyaya yeni təşəbbüs hazırlayıb

ABŞ və Ukrayna Rusiya ilə münaqişə çərçivəsində hava məkanında atəşkəsin tətbiqini nəzərdə tutan yeni təşəbbüsü müzakirə ediblər.

Sherg.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Məlumata görə, Kiyev və Vaşinqton Moskva üçün yeni təklif hazırlayıb. Təklif döyüş əməliyyatlarının hava məkanında dayandırılmasını nəzərdə tutur və Rusiyaya təqdim edilməsi planlaşdırılan yeni sülh təşəbbüsləri paketinin bir hissəsi olacaq.

Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov Moskvanın Ukrayna münaqişəsi ilə bağlı mövqeyini tərəfdaşlarına çatdırmağa davam edəcəyini, o cümlədən münaqişənin yaranma səbəblərini izah edəcəyini bildirmişdi.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl bəyan etmişdi ki, Moskva Ankoricdə müzakirə olunan kompromis variantlarına hazırdır. O, həmçinin bildirmişdi ki, hərbi əməliyyatların dayandırılması ilə bağlı qərar Ukrayna tərəfinin mövqeyindən asılıdır.