ABŞ-ın Yaxın Şərqdəki hegemonluğunun zəiflədiyi bildirilir.
Sherg.az xəbər verir ki, Britaniyanın "The Economist" jurnalı ABŞ-ın bölgədə əsas təhlükəsizlik memarı rolundan tədricən imtina etdiyini yazıb.
Nəşr bunun iki əsas əlamətini göstərib. Birincisi, Vaşinqtonun Yəməndə husilərə qarşı hərbi əməliyyatlarda Səudiyyə Ərəbistanına qoşulmaması və husilərlə razılaşma əldə etməsidir. İkincisi isə Yaxın Şərqdəki ABŞ hərbi kontingentinin azaldılmasının gözlənilməsidir.
"The Economist" qeyd edir ki, hazırda bölgədə 19 bazada təxminən 30-40 min ABŞ hərbçisi yerləşir. Lakin müharibələr pilotsuz uçuş aparatları və ucuz raketlər qarşısında bu qüvvələrin həssaslığını göstərib.
Nəşrin fikrincə, ABŞ-ın bölgədəki siyasətindən ən çox Çin faydalanıb. Çin Fars körfəzi neftinin ən böyük alıcısına çevrilib, Süveyş kanalı isə Çin mallarının Avropaya daşınmasında mühüm rol oynayır.
Bununla belə, "The Economist" vurğulayır ki, söhbət ABŞ-ın Yaxın Şərqdən tamamilə çıxmasından deyil, bölgədə hegemonluqdan və qaydaları təkbaşına müəyyən etmək cəhdindən imtinasından gedir.