Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Türkiyənin həm NATO, həm də regional təhlükəsizlik baxımından mühüm rol oynadığını bildirib.
Sherg.az xəbər verir ki, Brüsseldə jurnalistlərə açıqlama verən Kallas qeyd edib ki, Türkiyə strateji əhəmiyyətə malik tərəfdaşdır və müdafiə, miqrasiya, regional sabitlik, eləcə də Yaxın Şərq və Cənubi Qafqaz məsələlərində vacib rol oynayır.
O, iyulun 7-8-də Ankarada keçiriləcək NATO Ankara Zirvəsi barədə danışarkən bildirib ki, bu toplantı həqiqətən tarixi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, son dövrlərdə transatlantik münasibətlər ciddi təzyiq altında qaldığından müttəfiqlərin birlik nümayiş etdirməsi xüsusi önəm kəsb edir.
Kallas vurğulayıb ki, Türkiyə NATO-nun ikinci ən böyük ordusuna və güclü müdafiə sənayesinə malikdir:
“NATO baxımından Türkiyə Alyans daxilində son dərəcə mühüm mövqeyə sahibdir. Avropa təhlükəsizliyi və xüsusilə Qafqazda sabitliyin təmin olunması üçün Türkiyə ilə dialoq aparmaq vacibdir”.
Aİ rəsmisi həmçinin Avropanın ayrıca ortaq ordu yaratmasına ehtiyac olmadığını bildirib. Onun fikrincə, əsas məqsəd NATO daxilində Avropa qanadını gücləndirmək, müdafiə qabiliyyətlərini artırmaq və hərbi xərclərdən daha səmərəli istifadə etməkdir.
Kallas İsrailin son addımlarının Avropada geniş şəkildə tənqid olunduğunu da qeyd edib və iki dövlətli həllin dəstəklənməsinin Aİ üçün prioritet olaraq qaldığını vurğulayıb.