Avropa İttifaqı da gözlərini yumdu 

19 yük maşını ilə şərti sərhədlərimizdə oyun qurulub Azərbaycan Ermənistanın Fransayla birgə planlaşdırdığı "humanitar yardım" şousunu cavabsız qoymamalıdır
Məlum olduğu kimi, Ermənistandan 400 ton yük "humanitar yardım" adı ilə Xankəndi istiqamətində yola çıxan 19 yük maşını şərti sərhədlərimizə kimi gəlib.
Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, Laçın sərhəd-buraxılış məntəqəsinin mövcudluğunu həzm edə bilməyən Ermənistan tərəfinin ölkəmizlə razılaşdırmadan Azərbaycanın suveren ərazilərinə “humanitar yük” adı altında avtomobil karvanını göndərməsi ərazi bütövlüyümüzə və suverenliyimizə qəsddir. Bu, Laçın sərhəd-keçid məntəqəsinə qarşı növbəti təxribat olmaqla yanaşı, İrəvanın danışıqlardan dərhal sonra belə bir addım atması bu ölkənin prosesdə səmimi olmadığını, vəziyyəti gərginləşdirməklə beynəlxalq ictimaiyyəti çaşdırmaq niyyətində olduğunu göstərir. 
Təxribatda Avropa İttifaqının Ermənistandakı missiyasının və diplomatik korpusun da alət edilməsi, bunun əvvəlcədən planlaşdırılmış addım olduğunu nümayiş etdirir. 15 iyun tarixində Laçında sərhədçilərimizin atəşə tutulması, qaçaqmalçılıq hallarına cəhd edilməsi daxil olmaqla, Ermənistan tərəfinin sözügedən təxribatı, bu ölkənin məkrli təcavüzkar siyasətdən əl çəkmədiyinin bariz nümunəsidir.
 Bu təxribat bir daha göstərir ki, Ermənistanın “bölgədə gərgin humanitar vəziyyət” iddiaları bu ölkənin manipulyasiyası və qeyri-qanuni fəaliyyətləri davam etdirmək niyyətindən başqa bir şey deyil. Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün “Ağdam-Xankəndi” yolundan və digər alternativ yollardan istifadə daxil olmaqla, bir sıra təkliflər irəli sürülüb. Bu təkliflərin Avropa İttifaqı, Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən dəstəklənməsinə baxmayaraq, erməni tərəfi bütün təkliflərə qarşı çıxıb. Müvafiq humanitar fəaliyyətə maneçilik törədilib. Bu da onların humanitar vəziyyət barədə iddialarının siyasi şantaj olduğunu göstərir. Bu addımlar, humanitar fəaliyyəti siyasiləşdirməklə yanaşı, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tanınmasına dair bəyanatlarla ziddiyyət təşkil edir. Qeyd edilən təxribatda Avropa İttifaqının Ermənistandakı missiyasının və diplomatik korpusun da alət edilməsi, bunun əvvəlcədən planlaşdırılmış addım olduğunu nümayiş etdirib. Məlumat üçün deyək ki, Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan sərhədinə göndərilən 19 yük maşını ilə bağlı paylaşım edib. Paşinyan, guya, “Qarabağ ermənilərinin üzləşdiyi vəziyyətə göz yuma bilmədikləri” üçün bu addımı atdıqlarını bildirib. Halbuki erməni blogerlər Xankəndi və ətrafında hər hansı ərzaq çatışmazlığı olmadığını bildiriblər. Hətta Xankəndidəki separatçı ünsürlər özləri çağırış edərək, dəbdəbəli həyat tərzi ilə bağlı videolar yaymamağı tövsiyə edirlər ki, yalançı təbliğatları ifşa olunmasın. 
Prezidentin köməkçisi Hikmət Hacıyev tvitterdə yazıb ki, Brüsseldə razılaşdırıldığı kimi, Ağdam-Xankəndi yolu bütün növ yüklərin daşınması üçün tam hazırdır. Amma bu yoldan istifadəyə imkan verməmək, yerli sakinləri girov kimi istismar etmək, malların çatdırılmasının imitasiyasını aparmaq spekulyasiya, manipulyasiya və şantajdan başqa bir şey deyil. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi, mətbuat katibi Ayxan Hacızadə də deyib ki, bu, təmiz təxribatdır və erməni tərəfinin manipulyasiyasıdır: "Azərbaycanın suveren ərazilərinə “humanitar yardım” adı altında və Azərbaycanın razılığı olmadan avtomobil karvanlarının göndərilməsi onun ərazi bütövlüyünə və suverenliyinə qəsddir”. 
  
Millət vəkili Sahib Alıyev deyib ki, Azərbaycan Ermənistanın Fransayla birgə planlaşdırdığı, Rusiyaya da bəlli səbəblərdən məmnunluq bəxş edən "humanitar yardım" şousunu cavabsız qoymamalıdır. Deputat bəyan edib ki, cavab yumşaq və sərt tədbirlər görülməklə gerçəkləşdiriləcək, yəni hibrid xarakter daşıyacaq: 
"Hər halda Hindistandan alınan hərbi texnikanın İran üzərindən Ermənistana necə ötürüldüyünün çəkilərək yayılması elə-belə deyildi. Mümkündür ki, bunun ardınca Rusiyanın Qarabağdakı hərbi kontingentinin Ermənistan Ordusunun oradakı özləri kimi müvəqqəti tör-töküntüsü ilə sıx əməkdaşlıqlarını əks etdirən növbəti kadrlar da paylaşılsın. Bu isə o deməkdir ki, bizə qarşı düşmənçilik hissləri azalmaq əvəzinə daha da güclənən, revanşizmə can atan qövmə yenidən ötən əsrin axırları olmadığını xatırlatmaq lazım gələcək. Mümkündür ki, qarşı tərəfin təxribat şousuna simmetrik cavab da verilsin. Görünür, Qarabağdakı ermənilərə ərzaq, humanitar xarakterli digər malların Ağdam üzərindən çatdırılacağını deməklə yanaşı, onun sərgilənməsinə də ehtiyac var. Ermənistanın təxribat şousunun oyunçuları kimi çıxış edən Avropa Birliyinin "mülki missiyası" və Rusiyanın Qarabağdakı müvəqqəti hərbi kontingentinin suverenliyimizə yanaşmaları bir-birindən çoxmu fərqlənir?! Sizə də elə gəlmirmi ki, bizim üçün vasitəçilərin kimliyi yox, atdıqları addımların maraqlarımıza cavab verib-vermədiyi və qarşı tərəf üzərində təsirlilik dərəcəsi önəmlidir. 
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə deyib ki, bunların arxasında Ermənistanın siyasi hakimiyyəti durur. Ekspertin sözlərinə görə, bu, əvvəlcədən razılaşdırılmış bir oyundur: "Avropa İttafaqı prosesləri izlədiyini ifadə edir. İzləsinlər, etiraz etmirik. Amma yaxşı olardı ki, Avropa İttifaqı Azərbaycan tərəfinin Ağdam yolu üzərindən humanitar yardım təklifini alqışladığını vurğulayardı. Bunun əvəzinə "prosesi izləyirik", "Laçın yolunu açın" kimi açıqlamalar məsələyə obyektiv yanaşmamaq deməkdir. Əmin olsunlar ki, hamısı boş və nəticəsiz oyunlardır. Bütün dünyanın Azərbaycan ərazisi kimi tanıdığı bölgədə hansısa etnik qrupa humanitar yardım göstərilməlidirsə, bu, ancaq Azərbaycan dövlətinin razılığı və bizim ərazimiz vasitəsilə həyata keçirilə bilər".
Politoloq Natiq Miri də bildirib ki, Ermənistanın 19 yük dolu karvanının sərhəd-keçid məntəqəsinin qarşısına yaxınlaşmasında məqsəd Azərbaycanı fakt qarşısında qoymaqla legitim və prinsipial mövqeyindən geri çəkilməyə vadar etməkdir: 
"Buna qəti olaraq imkan vermək olmaz. Çünki karvan Azərbaycana buraxılarsa, ölkəmiz əleyhinə presedent yaradacaq və hər erməni havadarı olan ölkələrdən karvanlar davam edəcək ki, burda əsas qayə də yenidən Laçın yolunu "su yoluna" döndərmək istəyidir. İkincisi, belə güzəşt Qarabağdakı ermənilərin, həqiqətən də, ərzaq qıtlığı yaşadığının bir növ etirafı demək olar. Üçüncüsü, suverenliyimizin nə qədər kövrək, elastik olduğunu nümayiş etdirmiş olarıq. Dördüncüsü, Qarabağ probleminin ədalətli həllinə mənfi təsir göstərəcək".