Ukrayna Prezidenti Volodimir Zelenskinin son açıqlamaları göstərir ki, rəsmi Kiyev hazırda danışıqlar prosesində yaranmış durğunluğun səbəbini təkcə Rusiya ilə mövqelərin uzlaşmamasında deyil, həm də beynəlxalq gündəmin dəyişməsində görür. Zelenskinin fikrincə, ABŞ və qlobal ictimaiyyətin diqqətinin İran ətrafında cəmlənməsi Ukrayna ilə bağlı diplomatik prosesin arxa plana keçməsinə və danışıqların faktiki olaraq dalana dirənməsinə səbəb olub. Bununla yanaşı, Kiyev nə Moskva, nə də Vaşinqtondan danışıqların bərpasına dair konkret siqnallar almadığını bildirir ki, bu da prosesin yaxın perspektivdə aktivləşəcəyi ilə bağlı ciddi suallar yaradır. Zelenskinin mayın 9-u ilə bağlı mümkün atəşkəs təşəbbüslərinə ehtiyatla yanaşması isə rəsmi Kiyevin Moskvanın bu cür addımlarını taktiki manevr kimi qiymətləndirdiyini göstərir. Bu fonda Ukrayna rəhbərliyi yalnız real və uzunmüddətli nəticə verə biləcək atəşkəs təşəbbüslərinə açıq olduğunu nümayiş etdirir.
Hərbi-siyasi ekspert Həşim Səhrabli Sherg.az-a deyib ki, Zelenskinin Vaşinqtondan izahat tələb etməsi indi ABŞ-Ukrayna münasibətlərindəki etimaddan daha çox, mövcud situasiyaya uyğun bir hal kimi dəyərləndirilməlidir:

"Çünki burada söhbət Ukrayna–Amerika münasibətlərindən ziyadə, Ukrayna ilə Tramp administrasiyası arasındakı münasibətlərdən gedir. Çünki faktiki olaraq Tramp administrasiyası Amerika dövlətinin ikinci dəfə prezident seçildiyi dönəmə qədərki dövlət siyasəti ilə tamamilə ziddiyyət təşkil edib. Yəni Tramp ikinci dəfə hakimiyyətə gələndən sonra özündən əvvəlki administrasiyaların, hətta özünün ilk prezidentlik dönəmindəki fəaliyyətlərinin belə əksinə gedən addımlar atır. Burada söhbət təkcə müharibələrdən getmir. Eyni zamanda, məsələn, ABŞ-nin ənənəvi müttəfiqi olan Qərbi Avropaya qarşı həyata keçirdiyi addımlar da ciddi narahatlıq doğurur. Eyni zamanda Tramp artıq özünü fərqli siyasi fiqur kimi təqdim edir. Britaniya kralı ilə bağlı paylaşımda da bu açıq görünürdü. Yəni Trampın özünü artıq bir növ “kral” kimi görməsi və ətrafının onu prezidentdən daha çox bu formada təqdim etməsi onu deməyə əsas verir ki, ABŞ-nin hazırkı administrasiyası əvvəllər demokratiyanı bayraq edən administrasiyalarla da ziddiyyət təşkil edir. Əgər əvvəllər ABŞ demokratiya adı altında dünya üzərində bu vasitə ilə öz maraqlarını həyata keçirməyə çalışırdısa, bu gün Tramp administrasiyası bu yanaşmaya da ciddi zərbə vurur. Eyni zamanda həm ənənələrə, həm də Qərb müttəfiqlərinə ciddi zərbə vurur.
Analitikin sözlərinə görə bugünkü əsas məsələ Tramp administrasiyasının Ukraynaya yanaşmasıdır:
"Məhz Zelenski də izahatı ABŞ dövlətindən yox, indiki ABŞ administrasiyasından istəyir. Böhran da məhz burada yaranıb. Yəni bu, ABŞ ilə Ukrayna arasında deyil, Tramp administrasiyası ilə yaşanan böhrandır. Sabah Tramp administrasiyasının müddəti bitəndə, yeni seçilmiş administrasiya ənənəvi ABŞ siyasətinə qayıdacaqsa və Ukraynanı dəstəkləməyə davam edəcəksə, o zaman iki dövlət arasındakı hansısa gərginlikdən danışmaq mümkün olmayacaq.
Ekspert əlavə edib ki, Ukrayna üzrə danışıqların taleyinin Yaxın Şərqdəki vəziyyətdən asılılığı var:
"Çünki domino effekti ilə hadisələr bir-birinin ardınca düzülür və bu şəkildə inkişaf edir. Amma tam mənada yalnız ondan asılıdır desək, bu, yanlış olar. Ona görə müəyyən qədər asılıdır ki, bu gün həqiqətən də İran ətrafında baş verənlərdən sonra sanki Ukraynada baş verənlər bir növ dünya ictimaiyyətinin diqqətindən düşüb. Eləcə də Tramp administrasiyası artıq daxili arenada belə “bizim indi öz problemimiz var” mesajını verir və həm ABŞ ictimaiyyətinin, həm də dünya ictimaiyyətinin diqqətini Yaxın Şərqə, İran ətrafında baş verənlərə yönəltməyə çalışır. Ancaq bu demək deyil ki, artıq Ukrayna məsələsi İran məsələsi bitəndən sonra həll olunacaq. Ondan əvvəl də bitə bilər. Burada sadəcə maraqlar toqquşması var. Əgər Zelenski hakimiyyəti ABŞ administrasiyası ilə razılaşıb ortaq bir qərara gələrsə və Rusiya ilə kompromisə razı olarsa, elə sabah münaqişə bitə bilər və burada İran məsələsinin hər hansı bir əhəmiyyəti olmaz. Ən əsası isə budur ki, İran məsələsi son 2–3 ayda ön plana çıxıb. Bundan əvvəl də dəfələrlə kompromis, sülh və ən azından atəşkəsin əldə edilməsi üçün müxtəlif görüşlər keçirilmişdi, ancaq heç biri uğurlu olmamışdı. Bunun səbəbi İran və ya başqa bir münaqişə deyildi.Səbəb o idi ki, tərəflərdən heç biri öz niyyətlərində, öz şərtlərində güzəştə getmək istəmirdi və qarşı tərəfdən bir növ təslimiyyətə bərabər güzəştlər tələb edirdi. Bu gün də eyni situasiya davam etdiyi üçün Ukrayna ətrafında danışıqlar dayanıb. Ona görə ki, ortada vasitəçilik edən tərəflər, xüsusən də Amerika Birləşmiş Ştatlarının özü görür ki, necə bir müddət əvvəl Ukraynanın şərtləri nə idisə, bu gün də eyni olaraq qalır. Eyni şəkildə Rusiyanın da şərtləri əvvəl necə idisə, bu gün də dəyişməyib. Hər kəs yaxşı başa düşür ki, köhnə şərtlərlə yeni danışıqlara getmək mümkün deyil. Bunun üçün tərəflərdən biri və ya hər ikisi şərtlərini yumşaltmalıdır. Ya da tərəflərdən biri, yaxud hər ikisi meydanda artıq çətinliklərlə üzləşdiyini anlayıb kompromisə hazır olmalıdır".