Baxçalıdan CHP-yə çağırış: Hadisələr küçəyə daşınmamalıdır

MHP lideri Dövlət Baxçalı CHP-nin 38-ci qurultayı ilə bağlı məhkəmənin verdiyi qərardan sonra yaranan siyasi gərginliyə münasibət bildirib. O, CHP daxilindəki qarşıdurmanın küçə aksiyalarına çevrilməsinə cəhd göstərildiyini iddia edib.

Sherg.az xəbər verir ki, MHP lideri xüsusilə Özgür Özəlin səsləndirdiyi “fiziki mübarizə” çağırışlarını sərt tənqid edərək bunu “yeniyetmə inqilabçılığı” adlandırıb.

Baxçalı bildirib ki, məsələ hüquqi müstəvidə həll olunmalı, ictimai asayişi poza biləcək addımlardan çəkinilməlidir:

“Hadisələr küçəyə daşınmamalıdır. Türkiyəni qarışdırmağa heç kimin cəsarəti çatmamalıdır”.

O, həmçinin CHP daxilindəki böhranın yeni siyasi ittifaqların və partiyaların yaranmasına gətirib çıxara biləcəyi barədə fikirlər səsləndirib.

Baxçalı vurğulayıb ki, məhkəmə qərarına hörmət edilməli və siyasi proseslər hüquq çərçivəsində aparılmalıdır. O, korrupsiya iddialarının da obyektiv şəkildə araşdırılmasının vacibliyini qeyd edib.