Almaniyanın “Covestro” kimya şirkətinin baş direktoru Markus Ştayleman Avropa İttifaqında (Aİ) yüksək enerji qiymətləri səbəbindən regionda istehsal olunan enerji tutumlu kimyəvi maddələrin dünya bazarında rəqabətsiz olduğunu bildirib.
Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Ştayleman Avropanın kimya şirkətlərinə enerji tutumlu istehsal əvəzinə innovativ məhsullara fokuslanmağı tövsiyə edib. O qeyd edib ki, Aİ hansı sənaye sahələrinin strateji əhəmiyyət kəsb etdiyini və dövlət dəstəyi almalı olduğunu müəyyən etməlidir, amma kimya sənayesinin subsidiyalaşdırılması da son çarə kimi nəzərdən keçirilməlidir.
“Covestro” rəhbərinin bu açıqlaması şirkətin Çin və BƏƏ-də müəssisələrin tikintisinə 4 milyard avroya qədər investisiya qoymaq qərarı fonunda verilib. Nəşr yazıb ki, Avropanın kimya sənayesi yüksək enerji qiymətləri, Aİ-nin ekoloji tələbləri və Çin istehsalçılarının rəqabəti səbəbindən təzyiq altındadır.