Avropa qitəsi tarix boyu türkün gücündən qorxub, çəkinib

Türkiyəni, Azərbaycanı rəqib görürlər
“Qarabağ münaqişəsi illər ərzində Aİ-nin Azərbaycana təzyiq vasitəsi olub. İndi isə Avropa strukturları bu vasitəni itirib, çünki Azərbaycan öz suverenliyini bərpa edib”
Əfsuslar olsun ki, Qərb ölkələri Azərbaycanla Ermənistan arasında mövcud vəziyyətə, antiterror tədbirlərinin mahiyyətinə və nəticəsinə ədalətlə yanaşmır. Qərb dairələri tərəfindən əsassız şəkildə Azərbaycanı "etnik təmizləmə" siyasəti həyata keçirən ölkə kimi təqdim etmək cəhdləri özünü açıq büruzə verir. Heç şübhəsiz, bu xətt Avropa Parlamenti, Avropa İttifaqı, Fransa, Niderland, Almaniya və digər bəzi ölkələrin mövqeyində aydın görünür. Ermənistana ardıcıl maliyyə və humanitar yardımın göstərilməsi, silahlandırılması istiqamətində atılan addımlar, Aİ-nin bu ölkədəki hərbiləşmiş missiyasının müddətinin uzadılması ehtimalının yüksək olması, Paşinyan başda olmaqla Ermənistan rəsmilərinə edilən siyasi reveranslar Qərbin ikiüzlülüyündə, ikili standartlarında və riyakarlığında heç bir şübhə yeri qoymur. Avropa İttifaqının qəbul etdiyi anti-Azərbaycan qərarların arxasında da Fransa başqa olmaqla adıçəkilən ölkələr durur. Fransa Cənubi Qafqazda, konkret olaraq Ermənistanda möhkəmlənmək və orada kök salmaq üçün əlindən gələni edir. Qarabağ münaqişəsi illər ərzində Aİ-nin Azərbaycana təzyiq vasitəsi olub. İndi isə Avropa strukturları bu vasitəni itirib, çünki Azərbaycan öz suverenliyini bərpa edib. Qeyd etmək lazımdır ki, Avropanın regional mexanizmlərinə münasibətdə Azərbaycan həmişə vicdanlı davranıb. Amma Avropa təsisatları özlərinin selektiv yanaşmaları ilə gözləntiləri doğrultmayıb. Azərbaycanın 20 faiz ərazisi Avropa Şurasının üzvü tərəfindən işğalda saxlanılıb, amma təsisatın məhz hüquq adına effektiv reaksiyasını görməmişik. Avropa İttifaqının bir sıra üzvləri və Avroparlamentin timsalında təsisatları isə açıq formada erməni təcavüzü və separatizminə dəstək veriblər.
  Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsi, Qarabağda keçirtdiyi anti-terror əməliyyatı, ölkəmizin ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa etməsi sadəcə erməniləri narahat etmədi. Ekspert vurğulayıb ki, Azərbaycanın uğurları həm də Ermənistana dəstək verən bəzi Avropa ölkələrində, xüsusən Fransa və erməni lobbisinin güclü olduğu digər ölkələrdə də təşviş yaratdı:
"Erməni lobbisinin fəaliyyət göstərdiyi Qərb ölkələrində həmin lobbi həm də seçki kütləsi deməkdir. Həmin dövlətlərdə iqtidara gəlmək istəyən siyasi güclər erməni lobbisinin səsini qazanmaq üçün ilk növbədə həqiqəti danırlar, erməni yalanlarına alət olurlar. Digər tərəfdən, Azərbaycan-Türkiyə əməkdaşlığı, qardaşlığı sayəsində bölgədə yeni geosiyasi durum yaranıb. Avropa ölkələri bu durumdan da ehtiyatlanırlar.
Qərb, xüsusən Avropa qitəsi tarix boyu türk varlığından, türkün gücündən qorxub, çəkinib. Ona görə də Türk dünyasının iki, həm mühüm dövlətinin - Azərbaycanın və Türkiyənin yüksəlişini həzm edə bilmirlər. Artıq bu iki ölkəni özlərinə ciddi rəqib görürlər. Əvvəllər Qarabağ məsələsindən istifadə edərək rəsmi Bakıya siyasi təzyiq göstərməyə çalışırdılar, neft-qaz müqavilələrində müəyyən güzəştlərə nail olmaq istəyirdilər. İndi bunları bacarmırlar. Azərbaycan qələbə çalmış müzəffər, güclü bir ölkədir. Avropanın isə enerji təhlükəsizliyi məsələsində ciddi boşluqları var. Azərbaycan Avropanın enerji təchizatında da olduqca mühüm yerə sahibdir. Artıq Azərbaycan diktə edən tərəfdir".
  Ə.Şahidov vurğulayıb ki, Azərbaycana təzyiq xarakterli addımların heç bir faydası yoxdur: "ATƏT-də, AŞ PA-da ölkəmiz əleyhinə qətnamələr, bəyanatlar əhəmiyyətsizdir. "Daldan atılan daş topuğa dəyər" atalar sözündəki kimi bundan sonrakı cəhdlər mənasızdır. Azərbaycan addım-addım hədəflərinə çatmaqdadır. Siyasi-iqtisadi və hərbi cəhətdən daha da gücləndikcə, heç bir xarici güc bizə təsir göstərə bilməyəcək".