Axios: ABŞ İsraildən İranın enerji obyektlərinə zərbə endirməməyi istəyib

ABŞ administrasiyası İsraildən İranın enerji infrastrukturuna, xüsusilə də neft hasilatı ilə bağlı obyektlərə hücum etməməsini xahiş edib.

Sherg.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Axios" portalı məlumat yayıb.

Məlumata görə, israilli bir rəsmi ABŞ tərəfinin onlardan İranın neft infrastrukturu ilə bağlı mümkün zərbələr barədə əvvəlcədən məlumat verməyi xahiş etdiyini bildirib.

"Axios"un mənbələrinin sözlərinə görə, belə bir xahişin səbəblərindən biri ABŞ prezidenti Donald Trampın münaqişədən sonra İranın neft infrastrukturundan istifadə etmək niyyəti ilə bağlıdır. Bildirilir ki, Vaşinqton bu sahədə Venesuela ilə qurulan enerji əməkdaşlığına bənzər modeldən yararlanmağı düşünür.

Bundan əvvəl, martın 9-da ABŞ-nin Cənubi Karolina ştatından olan respublikaçı senator Lindsi Qrem İsraili İranda hədəfləri seçərkən ehtiyatlı davranmağa çağırıb. O, xüsusilə ölkənin neft hasilatı sektoruna zərər verə biləcək hücumlardan çəkinməyin vacibliyini vurğulayıb.