Azərbaycan-Almaniya münasibətləri Rusiyaya qarşı yönəlməyib - TƏHLİL

  • Azərbaycan müstəqil xarici siyasət yürüdən suveren dövlətdir və bütün ölkələrlə qarşılıqlı hörmətə, bərabərhüquqluluğa və milli maraqlara əsaslanan ikitərəfli münasibətlər qurmaq hüququna malikdir

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfərinə Rusiya mediasında inanılmayacaq səviyyədə qəribə, öz adı ilə desək, qeyri-siyasi, qeyri-diplomatik və primitiv reaksiya verilib.

Axar.az xəbər verir ki, Kremlə bağlı olan və Kremldən gələn siyasi direktivlərlə fəaliyyət göstərən “Lenta.ru” portalı Dövlət Dumasının hakim Vahid Rusiya Partiyasından olan deputatı Aleksandr Tolmaçevin fikirlərini işıqlandırıb. Gənc deputat Tolmaçev isə öz düşüncəsinə uyğun davranıb, Azərbaycanın “Ermənistanın yolunu tutmaq niyyətində olduğunu” uydurub:

“Bakı İrəvanın yolunu tutmaq niyyətindədir. Qeyd etmək istərdim ki, Rusiyadan uzaqlaşmaq və Avropaya yaxınlaşmaq heç vaxt heç kimə uğur gətirməyib. Əksinə, təcrübənin göstərdiyi kimi, belə bir qərar iqtisadi və siyasi problemlərə səbəb olur. Ermənistan artıq Rusiya ilə etibarlı, güclü və perspektivli əlaqələrin kəsilməsindən yaranan çətinliklərlə üzləşir”. Qəribədir ki, Vahid Rusiyanın 33 yaşlı deputatlıq verilən gənci bununla kifayətlənməyib, Azərbaycanı hədələməyə davam edib, “Təəssüf ki, Azərbaycan Ukrayna və Ermənistanın səhvlərindən dərs çıxarmır” sözləri ilə normal siyasətçiyə utanc gətirən açıqlamalarına davam edib: “Avropa ölkələri ilə tərəfdaşlıq pis bir şey deyil, lakin problem ondadır ki, "yeni dostlar" Rusiya ilə əlaqələri kəsməyi əsas şərt kimi qəbul edirlər”. 

Mövzunu Sherg.az-a şərh edən siyasi ekspert Elçin Xalidbəyli bildirib ki, Rusiyada, xüsusilə hakim partiyanı təmsil edən deputatların səsləndirdiyi fikirləri şəxsi mövqe kimi qiymətləndirmək doğru deyil. Onun sözlərinə görə, belə açıqlamalar adətən Kremlin siyasi tezislərinə və formalaşdırdığı gündəliyə uyğun şəkildə verilir:

“Bu baxımdan, sözügedən rusiyalı deputatın Azərbaycanla bağlı səsləndirdiyi fikirlər də rəsmi olmasa da, Kremlin qeyri-rəsmi siyasi mövqeyinin ifadəsi kimi dəyərləndirilə bilər. Rusiya neoimperialist bir dövlətdir. Kreml də elə bir, Kremldə elə bir düşüncə var ki, güya postsovet ölkələrinin hamısı etdikləri bütün addımları Rusiya ilə razılaşdırmalıdır, Rusiyadan icazə almalıdır. Halbuki bu absurd və məntiqsiz bir yanaşmadır. Rusiya özü hər hansı bir ölkə ilə münasibətlər quranda postsovet ölkələri ilə qətiyyən məsləhətləşmir. Və ona görə də postsovet ölkələrinin, o cümlədən də Azərbaycanın Rusiya ilə hər hansı bir məsələdə, yəni Rusiyaya aidiyyəti olmayan bir məsələdə Kremlə məsləhətləşməsinə qətiyyən ehtiyac yoxdur. Azərbaycan çoxvektorlu xarici siyasət kursu yürüdür. Dünyanın bütün ölkələri ilə normal münasibətlər qurmağa çalışır. O cümlədən də Avropa ölkələri ilə və onlardan biri olaraq da Almaniya ilə normal münasibətlər quraraq strateji tərəfdaşlıq əlaqələrinə malik olmağa, iqtisadi-ticari münasibətləri inkişaf etdirməyə çalışır. Və bu da rəsmi Bakının doğru siyasət yürüttdüyünü göstərir. Və belə bir addımların atılması zamanı da, yəni Almaniya-Azərbaycan münasibətlərini inkişaf etdirərkən də Rusiyanın mövqeyini nəzərə almağa ehtiyac yoxdur, çünki bu Rusiyaya ait məsələ deyil”.

Elçin Xalidbəylinin sözlərinə görə, Azərbaycan-Almaniya münasibətləri heç bir halda Rusiyaya qarşı yönəlməyib. Eyni zamanda, Azərbaycanın Rusiya ilə əməkdaşlığı da Almaniya daxil olmaqla hər hansı digər dövlətə qarşı formalaşdırılmır. Ekspert vurğulayıb ki, Azərbaycan müstəqil xarici siyasət yürüdən suveren dövlətdir və bütün ölkələrlə qarşılıqlı hörmətə, bərabərhüquqluluğa və milli maraqlara əsaslanan ikitərəfli münasibətlər qurmaq hüququna malikdir:

“Bakı bu hüququnu həyata keçirərkən hər hansı üçüncü dövlətin mövqeyindən deyil, öz milli maraqlarından çıxış edir. Rusiyanın neoimperialist mövqeyi isə istənilən halda hər hansı bir nəticəyə nail ola bilməz, çünki Azərbaycan artıq müstəqil xarici siyasət yürüdən bir ölkə kimi Rusiyanın yanaşma tərzinə bağlı ola bilməz. Əslində Kreml hələ də ümid eləyir ki, postsovet ölkələrinə nəzarəti əlində saxlayabiləcək, halbuki bu, həmin dövr artıq çoxdan arxada qalıb və postsovet ölkələri müstəqil münasibətlər qurmaq mərhələsini inkişaf etdirməkdədirlər. Təbii ki, Rusiyada hesab eləyirlər ki, belə açıqlamalarla, hem də dolayısı hədələrlə postsovet ölkələrini Qərb ölkələri ilə münasibətlər qurmaqdan çəkindirə bilərlər. Ancaq görünən ondan ibarətdir ki, Rusiyanın belə hədəflərə, yəni neoimperialist hədəflərə nail olması olduqca çətin məsələdir."