
Azərbaycan çoxdan sübut edib
Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi; “Biz dünyaya sadəcə neft yox, həm də multikultural dəyərlər, tolerantlıq da ixrac edirik, bunun yollarını göstəririk" 
Azərbaycan müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı diyar kimi tanınıb. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub. Bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib. Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə yaşayır. Multikulturalizm ingilis dilindən tərcümədə “çoxlu mədəniyyətlər” deməkdir. Multikultural və tolerant dəyərlər ümumbəşəri xarakter daşıyır.
Tarixi ənənələrə nəzər salsaq görərik ki, istər Səfəvilər dövləti, istər XIX-XX əsrlər maarifçilik dalğası, istərsə də Xalq Cümhuriyyəti dövründə Azərbaycan ərazisində yaşayan digər etnik xalqlar və dini qrupların nümayəndələrinin təmsilçiliyini özündə cəmləyən bu siyasi davranış XX əsrin sonlarında Ümummilli Lider Heydər Əliyev tərəfindən dövlətçilik ideologiyası formasına çevrilib. Tolerantlıq və multikulturalizm ənənələri bərpa edilib. Azərbaycan multikulturalizminin siyasi əsasları Azərbaycan Respublikasının Konstitusiyasının bəndlərində, qanunvericilik aktlarında, fərman və sərəncamlarda öz əksini tapıb. Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması bu gün beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir. Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti onu çoxmillətli, çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı edib.
Ölkəmizdə mədəniyyətlərarası dialoqun formalaşmasını şərtləndirən əsas amillərdən biri də Azərbaycanın coğrafi baxımdan qərarlaşdığı məkanın Şərqlə Qərbin qovuşağında yerləşməsidir. Azərbaycan bu gün iki fərqli sivilizasiya arasında körpü rolunu oynamaqla, Şərq və Qərb yarımkürələrində öz nüfuzunu gücləndirməkdədir. Bu ideya dövlətin xarici siyasət kursunda da kifayət qədər özünü əks etdirir. Bu gün Azərbaycan BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı kimi mötəbər təşkilatların tamhüquqlu üzvüdür. Azərbaycan Avropa İttifaqının həyata keçirdiyi “Şərq tərəfdaşlığı” layihəsi çərçivəsində Avropaya inteqrasiya prosesini uğurla davam etdirir. Azərbaycanda tolerantlıq mühiti hər zaman ən yüksək səviyyədə olduğu üçün burada multikulturalizm, millətlər və dinlər arasında olan münasibətlərə, dialoqa həsr edilmiş beynəlxalq səviyyəli bir çox tədbirlər, elmi konfranslar keçirilir.
Multikulturalizm dövlət siyasəti olmaqla yanaşı, müasir Azərbaycan cəmiyyətində dəyişməz həyat tərzi kimi təzahür edir. Azərbaycanda olan tolerant və multikultural reallığın təkcə azərbaycanlıların deyil, xarici ölkə alimlərinin, görkəmli elm xadimlərinin, siyasət nümayəndələrinin, həmçinin tələbələrin gözü ilə dünyaya təqdim edilməsi də müsbət ənənəyə çevrilməkdədir. İyulun 10-da Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşündə də Azərbaycandakı tolerantlıq mühiti xüsusi vurğulanıb. Şeyxülislam Allahşükür Paşazadə diqqətə çatdırıb ki, Müqəddəs Taxt-Tacla Azərbaycan Respublikası arasında, habelə Roma Katolik Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında mövcud münasibətlər yüksək səviyyədədir.
Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin dəvəti ilə 2002-ci ildə Roma Katolik kilsəsinin başçısı Papa II İohan Pavel Azərbaycanı ziyarət edib, ölkəmizdə azsaylı katolik icması üçün kilsə inşa edilib. QMİ sədri diqqətə çatdırıb ki, Müqəddəs Taxt-Tacla Azərbaycan Respublikası arasında əlaqələrin möhkəmlənməsində Azərbaycan Prezidenti İlham Əliyevin Vatikana dövlət səfərləri xüsusi rol oynayıb. Dövlət başçımızın və birinci xanım Mehriban Əliyevanın Vatikanda və Azərbaycanda Müqəddəs Taxt-Tacın rəsmiləri ilə görüşləri, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun xəttilə Vatikanda həyata keçirilən layihələr misilsiz tarixi əhəmiyyətə malikdir. Şeyxülislam Allahşükür Paşazadə etnik və dini müxtəliflik multikultural Azərbaycan dövlətinin milli sərvəti olduğunu deyib. Bildirilib ki, Azərbaycan bu monolitliyi, dini-mənəvi harmoniyanı, xalq-dövlət birliyini Azərbaycan xalqının Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əyani şəkildə nümayiş etdirdi:
"Bu gün məscid və məbədlərimizi yerlə-yeksan edən erməni vandalizminin izlərini bütün dünya görür, basdırdıqları minalar bu gün də yüzlərlə mülki şəxsin həyatına son qoymaqda davam edir. Dövlətimiz işğaldan azad etdiyimiz ərazilərdə vandalizm qurbanı olmuş dini-mənəvi irsimizi heç bir ayrıseçkilik qoymadan bərpa edir, yenidən qurur. Lakin təəssüflər olsun ki, əsrlər boyu bütün dini icmaların sülh və əmin-amanlıq şəraitində yaşadığı Azərbaycana qarşı ermənilərin körüklədiyi əsassız, ədalətsiz və qərəzli ittihamlar səngimir. Təəssüf doğuran haldır ki, erməni revanşistləri müxtəlif beynəlxalq təşkilatların tribunalarından ölkəmiz əleyhinə iftira kampaniyaları aparır, hətta dini platformadan - Ümumdünya Kilsələr Şurasından öz məkrli siyasi məqsədləri üçün sui-istifadə edirlər. Erməni Apostol Kilsəsi erməni revanşizminin önündə gedir, qisas təbliğatı, beynəlxalq müstəvidə Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. Uzun illər ərzində erməni siyasi liderlərin cinayətkar əməllərinə mənəvi haqq qazandıran erməni kilsəsinin rəhbərliyinin təhriki ilə Ümumdünya Kilsələr Şurası Azərbaycan əleyhinə qərarlar verir. Biz dünyanın aparıcı, nüfuzlu dini mərkəzi olan Vatikanın bu məsələyə münasibətdə ədalətli mövqe, qətiyyətli yanaşma sərgiləyəcəyinə ümidvarıq". Sonra Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin çıxış edib. Diqqətə çatdırılıb ki, Azərbaycan və Müqəddəs Taxt-Tac arasında çox gözəl əlaqələr mövcuddur. Humanitar məsələlərdə hər iki ölkə eyni məqsədə malikdir: "Ötən il hər iki ölkənin arasındakı əlaqələrin 30-cu illiyini qeyd etmişdik. Azərbaycan multikultural ölkə kimi parlayır. Mən ən gözəl arzularımı Azərbaycana çatdırır, bu ölkəyə daim sülh arzu edirəm".
Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas, "Space" telekanalında yayımlanan "İnam" verilişinin ideya müəllifi və aparıcı Seyid Camal Əzimbəyli "Sherg,az"a deyib ki, multikulturalizm və tolerantlıq Azərbaycanın ən ciddi uğurlarından biridir. Ekspert bildirib ki, Azərbaycan dövləti dünyaya tolerantlığın, birgəyaşayışın, həmrəyliyin, mədəniyyətlərarası multikultural dəyərlərin mühafizə olunmasının ən gözəl nümunəsini nümayiş etdirir: "Azərbaycana bu cür səfərlərin edilməsi çox önəmlidir. Bu, müsəlman və dünyəvi ölkə olan Azərbaycanda tolerantlığın, xoşgörünün, millətlərarası, dinlərarası münasibətlərin inkişafının bariz nümunəsidir. Söhbət təkcə səfərdən də getmir.
Multikultural dəyərləri ən geniş mənada özündə əks etdirən Azərbaycanda mühüm beynəlxalq tədbirlərin keçirilməsi, konfransların təşkil olunması dünyada Azərbaycan nümunəsini ortaya qoydu. Mən dünyanın müxtəlif ölkələrində oluram, tədbirlərə qatılıram. İnanın, Azərbaycanı sevməyən məkrli qüvvələr belə ölkəmizdəki birgəyaşayış mühitindən, tolerantlıqdan, mədəniyyətlər və dinlərarası münasibətlərin inkişafından heyrətlə danışırlar.

Dünyada özünü birliyin, bərabərliyin, tolerantlığın "beşiyi" sayan, insan haqlarından, azadlıqlardan dəm vuran Qərb ölkələrində mövcud vəziyyət, dini-irqi ayrı-seçkilik göz önündədir. Azərbaycan dövləti Fransaya açıq çağırış etməlidir ki, insan haqlarına bu qədər təcavüz etmək olmaz. Yaxşı olar ki, Fransa insan hüquqlarına hörmət göstərmək nümunəsini Azərbaycan dövlətindən götürsün. Bu nümunələrdən biri də fərqli din böyüklərinin, ayrı-ayrı millətləri təmsil edən şəxslərin Azərbaycanda yüksək səviyyədə qarşılanması, onlara göstərilən münasibətdir. Biz sübut etdik ki, dünyaya sadəcə neft yox, həm də multikultural dəyərlər, tolerantlıq da ixrac edirik, bunun yollarını göstəririk".