Azərbaycan-Əlcəzair siyasi əməkdaşlığı: Diqqətçəkən məqam Fransa faktorudur

Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attafı qəbul edib. Görüşün diqqətçəkən məqamı Prezident İlham Əliyevin Əlcəzair rəhbərini ölkəmizə rəsmi səfərə dəvət etməsidir. Prinsip etibarilə bu dəvət ötən ilin noyabrın 1-də Prezident İlham Əliyevin Əlcəzair başçısının dəvəti ilə Zirvə toplantısında Fəxri qonaq statusunda iştirak etməsinə bir cavabdır.

Politoloq Turan Rzayev "Sherg.az"a bildirib ki, Afrika qitəsinin ən zəngin dövlətlərindən biri olan Əlcəzairlə Azərbaycan arasında beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində fəal əməkdaşlıq həyata keçirilir. 

Ekspertə görə, son illər xüsusilə iki ölkə siyasi kontekstdə sıx əməkdaşlıq edir: 

"Azərbaycan-Əlcəzair siyasi əməkdaşlığında diqqətçəkən bir digər məqam Fransa faktorudur. Rəsmi Parisin son illərdə sərgilədiyi destruktiv, ermənipərəst, separatist və islamafob xarici siyasət Bakı ilə münasibətləri soyuqlaşdırıb. Fransa-Əlcəzair münasibətləri də tarixi ədavətdən və Parisin vaxtaşırı bu ölkənin daxili işlərinə müdaxilə etməsi səbəbindən tez-tez gərginləşir. Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairlinin qətlə yetirilməsi və üzr istəmək yerinə Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümüklərini müharibə qənimətləri kimi saxlaması iki ölkə münasibətlərini daha çıxılmaz hala salır. Bakı Parisin anti-Azərbaycan siyasətinə qarşı adekvat cavab vermək və gözünü qorxutmaq üçün diplomatik müstəvidə təzyiq rıçaqlarını artırır. Əlcəzairlə əməkdaşlıq buna misal ola bilər. Xüsusilə Bakının həm dini kontekstdə, həm də soyqırım aspektində Əlcəzairdə baş verənləri qabartması Fransaya yönəlik açıq siyasətdir. Əlcəzair prezidentinin ölkəmizə səfəri zamanı baş tutan görüşdə hər iki ölkənin lideri Fransa əleyhinə daha sərt və ciddi bəyanatlar verə bilər".