Ermənilər qorxuya düşüb
İşğaldan azad edilmiş ərazilərimizdəki bölmələrin hazırlığı, xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkil edilməsi erməniləri qorxuya salıb. Ermənistanda Azərbaycanın Qarabağdakı separatçılara qarşı əməliyyata hazırlaşdığı iddiaları irəli sürülür. Hətta Ermənistan Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyətə bu iddia ilə bağlı müraciət edib.
Rəsmi İrəvan iddia edir ki, Azərbaycan Qarabağda əməliyyatlara hazırlaşır və buna görə də onlar beynəlxalq ictimaiyyətdən “erməniləri qorumağı” istəyirlər. Son günlər separatçıların ordumuza qarşı təxribatları fonunda Ermənistan XİN-in bu iddiası təsadüfi deyil və konkret hədəfə hesablanıb. Hazırda Qarabağda erməni əhalisinin reinteqrasiyası prosesinə hazırlıq aparılır. Prezident İlham Əliyevin separatçılar üçün son seçim olaraq amnistiya təklifini verməsi və bunun beynəlxalq səviyyədə qəbul edilməsi bölgədəki vəziyyəti dəyişib. Bu, separatçıların mövcudluğunu sual altına saldığı kimi, Ermənistanın “Bakı-Xankəndi formatı”, “beynəlxalq mexanizm” kimi məsələlərlə Qarabağ iddiasını davam etdirmək perspektivini də sıradan çıxarıb. Bu fonda separatçıların bölgədə təxribatları genişləndirəcəyi, hərbi eskalasiya yaradaraq, “erməni əhalisi Azərbaycana reinteqrasiya edə bilməz” görüntüsü yaradacağı bəllidir. Son təxribatlar da buna hesablanıb. Ermənistan XİN-in iddiası isə “özünü sığortalamaq” gedişidir.
Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev "Sherg.az"a deyib ki, İkinci Qarabağ savaşından sonra Azərbaycan Ordusu mütəmadi təlimlər keçirir, peşəkarlığını daha da artırır. Professorun sözlərinə görə, hazırda Azərbaycan Ordusu NATO standartları səviyyəsindədir:
"Ölkənin müxtəlif bölgələrində yerləşdirilmiş bölmələrimizin yüksək hazırlıq səviyyəsinə keçməsi daxili işimiz, daxili qərarımızdır. Orduda addımlar mövcud hərbi doktrinaya görə atılır. Silahlı Qüvvələrimiz Azərbaycanın müdafiəsini, təhlükəsizliyini təmin edir. Ona görə də ordu bölmələri daim hazırlıqlı səviyyədə olur, hər an düşmən təxribatı ilə üzləşəcəkmiş kimi tətikdə dayanır. Biz indiki məqamda Ermənistanla müharibəyə hazırlaşmırıq. Ancaq Qarabağda antiterror əməliyyatını hər an başlada bilərik. Heç buna Müdafiə Nazirliyinin silahlı qüvvələri də baş qoşmaz. Daxili qoşun birliklərimiz Azərbaycan ərazisindəki antiterror əməliyyatını uğurla həyata keçirərlər. Kifayət qədər peşəkar ordumuz var. Ermənilərin bundan narahat olması, qorxuya düşməsi bizi maraqlandırmır. Çünki ermənilər tarixin hər mərhələsində özlərinə himayədar, qoruyucu axtarışında olublar. Onlara qarşı "təmizləmə siyasəti" aparıldığını iddia ediblər. Düzdür, beynəlxalq aləmdə də haqsızlıq, ədalətsizlik hökm sürür, lakin artıq dünya ictimaiyyəti də yavaş-yavaş ermənilərin iç üzünü görür, tanıyır".
C.Nuriyevin sözlərinə görə, erməni təxribatlarının başında erməni kilsəsi dayanır:
"Bölgədə müharibənin bitməsində maraqlı olmayan güclər arasında Rusiyanın hərbi elitası ilə yanaşı, erməni kilsəsi və İran da var. Fransa da bir yandan öz maraqları naminə İrəvana təzyiq göstərir. Paşinyan hökuməti əməlli-başlı çıxılmaz vəziyyətdə qalıb. Ancaq Baş nazir başa düşməlidir ki, Ermənistanın nicatı Azərbaycan və Türkiyə ilə normal münasibət qurmaqda, əməkdaşlıq etməkdədir. İndiki halda erməni tərəfinin istənilən təxribatı Azərbaycana hərbi əməliyyatlar üçün əsas verəcək və İrəvanın ziyanına olacaq".