"Azərxalça" ilə "Azəripək" birləşdirildi - FƏRMAN

"Azərxalça" Açıq Səhmdar Cəmiyyəti "Azəripək" ASC-nin ona qoşulması formasında yenidən təşkil edilir.

Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanda ipəkçiliyin və xalçaçılığın inkişafı, milli sənətkarlıq irsinin qorunması və təbliği üzrə əlavə tədbirlər haqqında Fərman imzalayıb.

Fərmana əsasən, “Azəripək” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməsi processesi dayandırılır. Qax Rayon Damazlıq İpəkçilik Stansiyası əmlakı ilə birlikdə Cəmiyyətin tabeliyinə verilir. "Azərxalça" ASC "Azəripək" ASC-nin hüquqi varisidir və onun bütün hüquq, öhdəlik və əmlakı Cəmiyyətə keçir. Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi 3 üzvdən – sədr və onun 2 müavinindən ibarət İdarə Heyəti həyata keçirəcək.

Fərmanla Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi Prezidentə, Nazirlər Kabinetinə və İqtisadiyyat Nazirliyinə həvalə edilir. Dövlət başçısı Cəmiyyətin yenidən təşkili, ləğvi, İdarə Heyətinin yaradılması, rəhbər və üzvlərinin vəzifəyə təyini və azad olunması səlahiyyətlərini saxlayır.

Nazirlər Kabinetinə aşağıdakı tapşırıqlar verilib:

3 ay müddətində normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təklifləri hazırlayıb Prezidentə təqdim etmək;

6 ay müddətində yaş baramanın daxili emalının genişləndirilməsi, ipəkçilik üzrə tam istehsal zəncirinin formalaşdırılması və yüksək əlavə dəyər yaradan ipək məhsullarının istehsalının artırılmasına dair təklifləri təqdim etmək;

3 ay müddətində Cəmiyyətin yeni nizamnaməsini, strukturunu və nizamnamə kapitalının miqdarını Prezidentlə razılaşdırmaqla təsdiq etmək;

6 ay müddətində "Azəripək" ASC-nin əmlakının Cəmiyyətin balansına verilməsini təmin etmək.

İqtisadiyyat Nazirliyi Cəmiyyətin nizamnamə kapitalına dair təkliflərini 2 ay müddətində Nazirlər Kabinetinə təqdim etməli və qurumun dövlət qeydiyyatına alınması üçün tədbirlər görməlidir.

Cəmiyyət xalçaçılıq, baramaçılıq və ipəkçilik ənənələrinin tanıdılması, brendləşdirilməsi və ixracının təşviqi ilə bağlı təkliflərini aidiyyəti qurumlarla razılaşdırmaqla 6 ay müddətində Prezidentə təqdim etməlidir.

Aqrar Subsidiya Şurasına təhvil verilən yaş baramaya və tut bağlarının salınmasına görə verilən subsidiyanın məbləğinə yenidən baxılması tapşırılıb. Maliyyə Nazirliyi isə tədbirlərin maliyyələşdirilməsi üçün zəruri vəsaitin ayrılmasını təmin edəcək.