Bakıda Azərbaycan-Tacikistan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

Bu gün Azərbaycan səfiri Əlimirzamin Əskərov Tacikistan Respublikası və Azərbaycan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın Tacikistan tərəfindən həmsədri, Tacikistan Respublikasının iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizadə ilə görüşüb.

Bu barədə APA-ya Azərbaycanın Tacikistandakı səfirliyindən bildirilib.

Görüşdə Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində gələcək əməkdaşlıq məsələləri, o cümlədən sözügedən Komissiyanın cari ilin 7 iyul tarixində Bakıda keçiriləcək növbəti iclasının gündəliyinə daxil olan məsələlər müzakirə edilib.

Eyni zamanda, tərəflər Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi sahədə əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.