Bakıdakı terror cəhdində İran izi...  - ŞƏRH

"Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) həyata keçirdiyi əməliyyatda saxlanılan Əfqanıstan İslam Respublikasının vətəndaşı böyük ehtimalla həmin ölkənin tapşırığı ilə terror aktı törətməyi planlaşdırmayıb". 
Bunu"Sherg.az"a Sabiq MTN polkovnik-leytenantı, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl Azərbaycanda terror aktı törətməyi planlaşdıran xarici ölkə vətəndaşının saxlanılmasından danışarkən bildirib. Onun qənaətincə, sözügedən xarici ölkə vətəndaşının başqa dövlət və ya terror təşkilatının tapşırıqlarını yerinə yetirdiyi hiss olunur: 
"Şübhələr İranı göstərir. Cənub qonşumuz Azərbaycana və başqa dövlətlərə qarşı terror cəhdlərində çox vaxt digər ölkə vətəndaşlarından istifadə edir. Saxlanılan şəxs başqaları ilə əlbir olub. Nəzərə almaq lazımdır ki, həmin adamlar daha çox həm İranın xüsusi xidmət orqanları, həm də dindarların təsiri altındadır. Həmçinin unutmayaq ki, adıçəkilən şəxsin qaldığı yer daha çox İsrail səfirliyinə yaxındır. İran-İsrail əlaqələri hamımıza bəllidir. Hədəfdə İsrail-Azərbaycan münasibətlərini pozmaq dayanır. Perspektivdə isə məqsəd beynəlxalq təşkilatların qərar qəbuletməsinə təsir etməkdir".
Qeyd edək ki, Azərbaycanda terror aktı törətməyi planlaşdıran xarici ölkə vətəndaşı tutulub. Bu barədə Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat verib. Aparılan araşdırmalara görə, Əfqanıstan İslam Respublikasının vətəndaşı, 1990-cı il təvəllüdlü Favzan Musa Xanın digər şəxslərlə qabaqcadan əlbir olaraq, Azərbaycan Respublikası ərazisində ictimai sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə partlayış, yanğın və ya digər bu kimi hadisələrlə müşayiət olunacaq, insanların həlak olması, onların sağlamlığına zərər yetirilməsi, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli halların baş verməsi ilə nəticələnəcək terror aktı törətməyi planlaşdırması müəyyən edilib.