“Bu, mütləq şəkildə Rusiyanın oliqarx çevrələrinin, Kremldəki qüvvələrin fəaliyyəti ola bilər”
Baş verənlər Priqojinin ağlının məhsulu deyil - Rusiyada xaos
“Vaqner” Putinə qarşı üsyana qalxdı
“Bu, mütləq şəkildə Rusiyanın oliqarx çevrələrinin, Kremldəki qüvvələrin fəaliyyəti ola bilər”
“Bu, mütləq şəkildə Rusiyanın oliqarx çevrələrinin, Kremldəki qüvvələrin fəaliyyəti ola bilər”
“Vaqner” muzdlu hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin "ədalət yürüşü" adı altında hərbi çevrilişə başlayıb. Rus ordusunun böyük əksəriyyətinin onları müdafiə etdiyini deyən Priqojin müdafiə naziri Sergey Şoyqunun Rostova gələrək, “Vaqner”ə qarşı artilleriya və hərbi təyyarələrdən istifadə etdiyini, böyük əməliyyat keçirdiyini iddia edib. Daha sonra ordusu ilə Moskvaya doğru irəliləməyə başlayıb. "Vaqner"çilər Rostov və Voronej şəhərlərini ələ keçiriblər. Tərəflər arasında ağır döyüşlər olub. Rusiya Müdafiə Nazirliyi “Vaqner” döyüşçülərinə müraciət edib. Onları silahı yerə qoymağa və dislokasiya yerinə qayıtmağa çağırıb: “Siz Priqojinin cinayətkar avantürasına aldanıb silahlı üsyanda iştirak edirsiniz. Bir çox yoldaşlarınız səhvlərini artıq anlayıb, daimi dislokasiya yerlərinə təhlükəsiz qayıtmaq imkanını təmin etmək üçün müraciət ediblər. Artıq müraciət edən bütün döyüşçülərə, komandirlərə tərəfimizdən belə yardım göstərilib. Sizdən ehtiyatlı olmağınızı və mümkün qədər tez Rusiya Müdafiə Nazirliyinin və ya hüquq-mühafizə orqanlarının nümayəndələri ilə əlaqə saxlamağınızı xahiş edirik. Hər kəsin təhlükəsizliyinə zəmanət veririk”.
Putin "Vaqner"in qiyamı ilə bağlı Silahlı Qüvvələrə əmr verib
Rusiya Prezidenti Vladimir Putin xalqa müraciət edib. Putin bildirib ki, onlar üsyanla Rusiyanı məğlubiyyətə və təslim olmağa sövq etməyə çalışırlar: "Rusiya özünü daxili xəyanətdən qoruyacaq". Putin silahlı üsyanla bağlı vəziyyəti ölkəyə, eyni zamanda xalqa vurulan zərbə və satqınlıq adlandırıb: "Hərbi üsyanı təşkil edən Rusiyaya xəyanət edib və buna görə cavab verəcək. Mən Rusiyanın Prezidenti, Ali Baş Komandan və Rusiya vətəndaşı kimi ölkənin müdafiəsi üçün hər şeyi edəcəyəm, qətiyyətli addımlar atılacaq". O, hərbi qiyamla bağlı Silahlı Qüvvələrə müvafiq əmr verildiyini bəyan edib. Putin qiyamçıları ölümcül səhvə yol verməməyə çağırıb. Onun sözlərinə görə, Rostovda mülki və hərbi qurumların işi faktiki olaraq bloklanır. Putin bildirib ki, ordu və hüquq-mühafizə orqanlarının əməkdaşları lazımi əmrləri alıblar. O əmindir ki, Rusiya hər şeyə qalib gələcək və daha da güclənəcək.
Moskvada kütləvi tədbirlər ləğv edilib
Moskvada antiterror rejimi ilə əlaqədar əvvəlcədən elan edilmiş kütləvi tədbirlər ləğv edilib. Moskva meri Sergey Sobyanin bildirib ki, bütün şəhər xidmətləri tam işləyir, şəhər ətrafında hərəkətdə çətinlik yoxdur. Moskva Nəqliyyat Departamenti Moskvadan cənuba doğru regionlararası avtobusların mümkün gecikmələri və ləğvi barədə xəbərdarlıq edib. Tula vilayətində Moskva və Lipetsk vilayətlərindən tranzit gediş-gəliş müvəqqəti olaraq məhdudlaşdırılıb.
Zaxarova da çağırış edib: Çökəcəyik!
Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib ki, şəxsi münasibət sonraya buraxılmalıdır: "100 faiz haqlı olduğunuzu düşünsəniz belə. Çünki indi birləşməsək, hər kəs özü üçün, öz baxışı üçün olsa, artıq heç bir şeyin əhəmiyyəti olmayacaq. Yalnız birlik. Baş komandanlıq bayrağı altında birlik. Düşmən sadəcə olaraq bizim vətəndaş qarşıdurmamızı gözləyir. Gözləməyin! Kişilər! Arxanızda uşaqlar, qadınlar, valideynləriniz var! Ölkə sizin arxanızdadır. Əlinizdə silahla müdafiə etdiyiniz hər şey arxanızdadır. Sizin arxanızda özünü fəda edənlərin məzarları var. Dayanma və təslim olma! Başa düşürəm ki, öz fikrinizi ölkənin, xalqın mənafeyindən üstün tutmaq həvəsi böyükdür. Ancaq buna tab gətirməsək, yaşadığımız və mübarizə apardığımız hər şey, hər biri öz yerindən “çökəcək”. Birləşin. Siz qardaşsınız".
"Rusiyada vətəndaş müharibəsini alovlandırmaq cəhdi uğursuzluğa düçar oldu"
Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin deyib ki, keçmişdəki nailiyyətlər hərbi qiyama haqq qazandırmır. Narışkin hərbi qiyama cəhdi ən dəhşətli cinayət adlandırıb. Onun sözlərinə görə, cəmiyyəti silkələmək, qardaş qırğınına səbəb olan vətəndaş müharibəsini alovlandırmaq cəhdi uğursuzluğa düçar olub: "Rusiya vətəndaş cəmiyyəti yetkinlik nümayiş etdirdi".
"Vaqner" bölmələri Voronejdən şimala irəliləyir, hədəf Moskvadır
Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin məlumatında qeyd olunub ki, Yevgeni Priqojinin "Vaqner" Qrupu ilə Rusiya Müdafiə Nazirliyi arasında qarşıdurma açıq hərbi qarşıdurma mərhələsinə keçib: ""Vaqner", demək olar ki, əsas təhlükəsizlik obyektlərini, o cümlədən Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını idarə edən qərargahı ələ keçirib. "Vaqner" bölmələri Voronej vilayətindən şimala doğru irəliləyir və hədəf Moskvaya girməkdir. Kəşfiyyat Xidməti bu hadisəni son dövrlərdə Rusiya dövlətinin qarşısında duran ən ciddi problem kimi xarakterizə edib.
Qərb ölkələri Rusiyadakı vəziyyəti yaxından izləyir
Qərb ölkələrinin dövlət və hökumət başçıları, XİN rəhbərləri Rusiyada "Vaqner"lə Müdafiə Nazirliyi arasında açıq qarşıdurmaya münasibət bildirib. Polşa Prezidenti Andjey Duda tviter hesabında bildirib ki, o, Rusiyadakı vəziyyətlə bağlı Baş nazir, müdafiə naziri və müttəfiqləri ilə müzakirələr keçirib. "Şərq sərhədimizdən kənarda hadisələrin gedişi davamlı olaraq izlənilir". Fransa hökuməti də Rusiyadakı vəziyyəti yaxından izlədiyini bildirib: "Prezident Makron vəziyyəti yaxından izləyir. Biz Ukraynaya dəstəyimizə fokuslanmış olaraq qalırıq". Britaniya hökuməti də Rusiyadakı vəziyyətlə bağlı reaksiya verib. Britaniyanın Xarici İşlər Nazirliyi Rusiyanın "Vaqner" qrupunun muzdlu qüvvələrinin hərəkətindən sonra səyahət edənlərə tövsiyələrini yeniləməklə Rusiyada iğtişaş riski barədə xəbərdarlıq edib: "Rostov vilayətində hərbi gərginlik və ölkə daxilində iğtişaşların baş verməsi riski ilə bağlı xəbərlər var". Almaniya Kansleri Olaf Şoltsun administrasiyası da vəziyyəti izlədiyini bildirib: "Biz Rusiyada baş verənləri diqqətlə izləyirik". Finlandiya Prezidenti Sauli Niinistö yerli mediaya açıqlamasında bildirib ki, bu məsələ Rusiyanın daxili məsələsidir. İsveç xarici işlər naziri də oxşar açıqlama ilə çıxış edib: "Hökumət Rusiyadakı hadisələri yaxından izləyir, vəziyyət ciddidir".
"Rusiya qoşunlarını torpaqlarımızda nə qədər uzun müddət saxlasa, bir o qədər xaos yaşayacaq"
Ukrayna Prezidenti Vladimir Zelenski tviter hesabında bildirib ki, Rusiya öz qoşunlarını və muzdlularını torpaqlarımızda nə qədər uzun müddət saxlasa, sonradan bir o qədər xaos, ağrı və problemlər yaşayacaq: "Şər yolunu seçən hər kəs özünü məhv edər. Başqa bir ölkənin həyatını məhv etmək üçün birliklər, hərbi kolonlar göndərən biri indi qaçanları və xəyanət edənləri çəkindirə bilmir. İnsanlara xor baxan və yüz minlərlə insanı müharibəyə göndərən biri, nəhayət, özünü daha əvvəl silahlandırdığı adamlardan qorumaq üçün Moskva bölgəsində barrikada qurur. Rusiya uzun müddət öz zəifliyini və hökumətinin axmaqlığını ört-basdır etmək üçün təbliğat aparıb. İndi isə elə bir xaos var ki, heç bir yalan gizlədilə bilməz. Bütün bunları edən bir şəxsdir və o, 1917-ci ildə baş verənlərdən qorxur ancaq o, bundan başqa heç nə ilə üzləşə bilməyəcək. Rusiyanın zəifliyi göz qabağındadır. Bu, tammiqyaslı zəiflikdir. Rusiya öz qoşunlarını və muzdlularını torpaqlarımızda nə qədər uzun müddət saxlasa, sonradan bir o qədər xaos, ağrı və problemlər yaşayacaq. Bu, göz qabağındadır. Ukrayna Avropanı rus şərinin və xaosun yayılmasından qorumağa qadirdir. Biz möhkəmliyimizi, həmrəyliyimizi və gücümüzü saxlayırıq. Bütün komandirlərimiz, bütün əsgərlərimiz nə edəcəyini bilir".
"Parçalanma göz önündədir..."
Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib ki, Rusiyada baş verənlər geniş miqyas alıb. Rusiya elitasında parçalanma göz qabağındadır: “Rusiya hakimiyyətinin razılığa gəlmək və hər şeyin həll olunması təsəvvürünü yaratmaq iddiaları heç bir nəticə verməyəcək. Kimsə mütləq uduzmalıdır: ya Priqojin (ölümcül sonluqla), ya da Putin və onun komandası”.
Zurabişvili Rusiyadakı hadisələrlə əlaqədar Gürcüstan sərhədlərinə nəzarəti gücləndirməyə çağırıb
Gürcüstan Prezidenti Salome Zurabişvili Rusiyada baş verən hadisələrlə əlaqədar ölkənin sərhədlərinə nəzarəti gücləndirməyə çağırıb. O, Rusiyada baş verən hadisələrin yaxından monitorinq edildiyini qeyd edib: "Mümkün yeni miqrasiya dalğaları səbəbilə bizim sərhədlərimizə ciddi nəzarət edilməlidir".
Blinken G7 xarici işlər nazirləri ilə Rusiyadakı vəziyyəti müzakirə edib
ABŞ dövlət katibi Entoni Blinken Rusiyadakı vəziyyətlə bağlı Amerikanın müttəfiqləri və tərəfdaşları ilə yaxın koordinasiyada olduğunu bildirib. O, bu barədə tviter hesabında yazıb: "Rusiyada davam edən vəziyyəti müzakirə etmək üçün G7 xarici işlər nazirləri və Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi ilə danışdım. Vəziyyət inkişaf etməyə davam etdikcə ABŞ müttəfiqləri və tərəfdaşları ilə sıx koordinasiyada olacaq". ABŞ dövlət katibi vurğulayıb ki, onun ölkəsinin Ukrayna üçün dəstəyi dəyişməyəcək.
Ərdoğan da Putinlə danışıb, dəstəyini ifadə edib
Rusiya lideri Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıb. Putin həmkarını ölkədə hərbi qiyam fonunda yaranmış vəziyyət barədə məlumatlandırıb. Türkiyə lideri Rusiya rəhbərliyinin addımlarına tam dəstək verdiyini bildirib.
"Vaqner"çilər indi Kremlin öz başına bəla olmaqdadır"
Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev "Şərq"ə deyib ki, Rusiya uzun illərdir əkdiyini-biçməklə məşğuldur. Professorun sözlərinə görə, Rusiya illər boyu postsovet məkanında ölkələrin daxili işinə müdaxilə edib, hər yeri qarışdırıb. İndi isə öz ölkələrində dövlət çevrilişənə cəhd və vətəndaş müharibəsi ilə üzləşiblər: "Rusiyada ötən əsrin 1917-18-ci illərin vəziyyəti yaşanır. Aşağılar yuxarıları qəbul etmir, onların əmri ilə yaşamaq istəmirlər. Rusiyada korrupsiya çox yüksək səviyyədədir. Kreml rəhbəri öz imperiya ambisiyalarından əl çəkə bilmir. Ətrafındakılar da ölkəni talayırlar. Dünya resurslarının 21 faizi Rusiyada olsa da, əhali yaşayış səviyyəsinə görə ilk 50-liyə düşmür. Təbii ki, Rusiyada bu hadisələr baş verməliydi. Priqojin Moskvanın yaratdığı fiqurdur. Muzdlulardan ibarət ordu üzünü hansı tərəfə istəsə çevirə bilər. Vaxtı ilə öz əli ilə meydana çıxartdığı "Vaqner"çilər indi Kremlin öz başına bəla olmaqdadır. 25 minlik ordu ilə Moskvaya doğru irəliləyən "Vaqner"çilər Rostov və Voronej şəhərlərini ələ keçiriblər. Yəqin ki, dayanmayacaqlar. Hökumət narahatdır və ona görə də qiyamı yatırmaq üçün əlindən gələni edəcək. Ancaq bu gedişat göstərir ki, Rusiyanın çökməsini görəcəyik. Rusiya Azərbaycandan öz qoşunlarını çıxartmaq məcburiyyətində qalacaq. Biz də Qarabağda antiterror əməliyyatına başlayaraq, torpaqlarımızı separatçılardan, erməni quldurlarından təmizləyəcəyik".
"Adını "dövlət çevrilişi", yaxud "xunta" qoyun, fərqi yoxdur. Bunu Kreml tərəfindən..."
Siyasi şərhçi Fuad Abbasov isə deyib ki, Priqojin ilk başdan müstəqil fiqur deyildi. Ekspertə görə, onun "Vaqner"i qurması, Suriya, Liviya və digər qaynar nöqtələrdə fəaliyyəti başlı-başına nəzarət altında idi: "Priqojinin təkbaşına nəsə iş görə biləcəyi inandırıcı deyil. O da yaxşı bilir ki, silahlı dəstəsini saxlamaq, sursatla təmin etmək lazımdır. Ola bilsin, Ukrayna ilə savaş fonunda "Vaqner" xeyli hərbi sursatlar toplayıb, amma bunun davamı gəlməzsə, sonrası çətin olar. Adını "dövlət çevrilişi", yaxud "xunta" qoyun, fərqi yoxdur. Bunu Kreml tərəfindən kontrol edilən və Ukrayna müharibəsinin günahkarlarını axtarmaq məqsədilə gündəmə gələn bir fəaliyyət kimi qiymətləndirirəm. Düzdür, Rusiya dövlət başçısı Vladimir Putin açıqlama verdi, müdafiə naziri Sergey Şoyqunun tərəfini saxladı. Şoyqu Putinin ən sadiq yoldaşlarından biridir”.
F.Abbasovun qənaətincə, müqavimətin nə qədər davam edəcəyini demək çətindir. Müsahibimizin fikrincə, Ukraynadakı uğursuz müharibənin suçlularını tapmaq istiqamətində proses gedir. Politoloq qeyd edib ki, bu fəaliyyətin nəticəsi olaraq Şoyqunun, yaxud onun ətrafındakı generalların istefası da mümkündür: “Bir daha təkrarlayıram ki, baş verənlər Priqojinin ağlının məhsulu deyil. Bu, mütləq şəkildə Rusiyanın oliqarx çevrələrinin, Kremldəki qüvvələrin fəaliyyəti ola bilər. Azərbaycan Rusiyada yaşananlarla bağlı rəsmi mövqeyini qorumalı, rəsmi Moskva ilə işbirliyini davam etdirməlidir. Azərbaycan bu müharibədə konkret kiminsə tərəfini tutmur. Xüsusən, Rusiyanın daxilində baş verənlərlə bağlı, vətəndaş müharibəsinə gedən prosesdə hər hansı formada tərəfkeşlik etməsi qeyri-mümkündür. O ki qaldı Rusiyada baş verənlərin Qarabağ ətrafında gedən proseslərə təsiri ilə bağlı Priqojinin açıqlamalarına, Müdafiə Nazirliyi barədə dedikləri çox ciddi şəkildə rus ordusunun imkanlarının zəif olmasına diqqət çəkir.
Əslində bu, eyni zamanda Qarabağda müvəqqəti yerləşmiş rus hərbi qüvvələrinin də nə qədər zəif durumda olduğunu göstərir. Nəticə etibarilə Rusiyada yaşananlar Moskvanın Cənubi Qafqaz bölgəsində mövqelərinin zəifləməsinə səbəb ola bilər. Əlbəttə, bu, Priqojinin nə qədər irəliyə gedəcəyindən, daha doğrusu, ona irəliyə getməyə nə qədər imkan veriləcəyindən asılıdır. Bunlar çox önəmli faktorlardır".