- Azər Badamov: "Azərbaycan-Almaniya münasibətləri strateji tərəfdaşlığın yeni mərhələsinə qədəm qoyub"
Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri çərçivəsində Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Mers ilə bir sıra mühüm sənədlər imzalanıb.
Onların sırasında “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”, həmçinin “Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması və fəaliyyəti haqqında Birgə Bəyannamə” xüsusi əhəmiyyət daşıyır. Bu sənədlər Bakı ilə Berlin arasında münasibətlərin yalnız siyasi və iqtisadi əməkdaşlıqla məhdudlaşmadığını, strateji tərəfdaşlıq müstəvisində yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirir.
Bu sözləri Sherg.az-a açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, Azərbaycan -Almaniya parlamentlərarası dostluq qrupunun üzvü Azər Badamov deyib.

Deputat qeyd edib ki, ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə altı əsas istiqaməti əhatə edir və siyasi-diplomatik, iqtisadi, humanitar, müdafiə, elm, texnologiya və innovasiya sahələrində əməkdaşlığın daha da genişləndirilməsini nəzərdə tutur:
“Sənəd iki ölkə arasında strateji dialoqun institusional əsaslarını gücləndirərək uzunmüddətli əməkdaşlıq üçün möhkəm hüquqi-siyasi baza yaradır. Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması isə iqtisadi potensialın tam reallaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Şura qarşılıqlı investisiyaların təşviqinə, biznes strukturları arasında əlaqələrin genişləndirilməsinə, sahibkarlıq subyektlərinə dövlət dəstəyinin gücləndirilməsinə və yeni birgə layihələrin həyata keçirilməsinə xidmət edəcək. Dövlət başçılarının görüşündə Orta Dəhlizin inkişafı və Azərbaycan–Ermənistan sülh prosesi də geniş müzakirə olunub. Bu məsələlərin Azərbaycan–Almaniya əməkdaşlığının gündəliyində yer alması təsadüfi deyil. Azərbaycan bu gün Avropa ilə Asiyanı birləşdirən Orta Dəhlizin əsas iştirakçısı və etibarlı tranzit ölkəsidir. Ölkəmizin yaratdığı müasir nəqliyyat və logistika infrastrukturu Almaniya üçün də yeni imkanlar açır. Almaniya bu marşrut vasitəsilə Asiya bazarlarına daha təhlükəsiz, sürətli və iqtisadi cəhətdən səmərəli çıxış əldə edə bilər. Bu baxımdan Orta Dəhliz yalnız iqtisadi deyil, həm də geosiyasi baxımdan strateji əhəmiyyət daşıyır. Azərbaycan–Ermənistan sülh prosesinin müzakirəsi də regionda davamlı sabitliyin və təhlükəsizliyin təmin olunmasına Almaniyanın verdiyi önəmi göstərir. Azərbaycanın təşəbbüsü ilə formalaşan yeni regional reallıqlar və sülh gündəliyi Avropa üçün də mühüm əhəmiyyət kəsb edir. Almaniyanın bu prosesə dəstək verməsi regionda iqtisadi əməkdaşlıq və kommunikasiya layihələrinin inkişafına müsbət təsir göstərə bilər. Ümumilikdə, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri və imzalanan sənədlər Azərbaycan–Almaniya münasibətlərində yeni bir səhifə açır. Bu səfər siyasi dialoqun dərinləşməsinə, iqtisadi əməkdaşlığın genişlənməsinə, qarşılıqlı investisiyaların artmasına və strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə mühüm töhfə verəcək”.