Bir telefon zəngi kifayət etdi! “Ərdoğan və Putin qəti razılığa gəliblər”


Təxminən altı həftə sonra ilk dəfə telefonla danışan prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin taxıl müqaviləsindən turizmə, meşə yanğınlarından enerjiyə qədər bir çox mövzunu müzakirə ediblər. 

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Ankara və Moskvadan açıqlamalar bir-birini izləyərkən Putinin Türkiyəyə səfər edəcəyi bəlli olub. Rəsmi açıqlamalarda səfərin tarixi göstərilməsə də, beynəlxalq media sözügedən səfərin avqustun sonunda baş tutacağını bildirir.

NATO-nun Vilnüs sammitindən sonra ilk təmas olan telefon zəngi həm Rusiya, həm də dünya mətbuatında geniş işıqlandırılıb.

"Russia Today"də ən diqqət çəkən xəbər Vladimir Putinin həmkarı Ərdoğanla "Azov" batalyonu üzvlərinin Ukraynaya köçürülməsini müzakirə etməməsi ilə bağlı açıqlaması olub.

Rəsmi RİA Novosti agentliyi Rusiya liderinin mobil telefonla danışdığı fotodan istifadə edərək, “Putin və Ərdoğan görüşün yeri və tarixini müəyyən etmək üçün qəti razılığa gəliblər” yazıb.

Kremlin sözçüsü Dmitri Peskov açıqlamasında Türkiyə və Rusiya liderlərinin üz-üzə görüşəcəyi tarixin yaxın vaxtlarda açıqlanacağını bildirib.

Ərdoğanın həmkarını Türkiyəyə dəvət etdiyini deyən Peskovun sözlərinə görə, görüş  yeri Türkiyədə olmaya da bilər:

"Mütləq Türkiyə deyil, yer müzakirə olunacaq. Putin hazırda ölkədə olmalıdır, ona görə də səfər etmək çətindir. Amma bir daha təkrar edirəm, bütün bunlar diplomatik kanallar vasitəsilə təşkil olunacaq".

Turan