- Tural İsmayılov: “İran-ABŞ danışıqları böhranın idarəsindən dondurulma mərhələsinə keçib”
- “Səhv hesablamalar regional müharibəni alovlandıra bilər”
Dördtərəfli danışıqları dayandırmaqla bağlı qərarımızdan sonra ABŞ tərəfi ilə birbaşa dialoq aparılmayıb. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi brifinqdə deyib ki, İran və ABŞ arasında iki vasitəçi ilə aparılan danışıqlar günortadan sonra saat 3-də başladı və təxminən saat yarım davam etdi:
“Belə qərara alındı ki, danışıqlar yarım saatlıq fasilə ilə yenidən başlasın. Elə bu fasilədə, ABŞ rəsmilərinin təhdid dolu bəyanatlarını eşitdik. Buna görə də, bundan sonra dördtərəfli dialoq baş tutmadı və danışıqlar vasitəçilər yolu ilə mesajların çatdırılması ilə davam etdi”.
Onun sözlərinə görə, İranın dördtərəfli danışıqları dayandırmaq qərarından sonra ABŞ-la heç bir birbaşa təmas baş tutmayıb.

Mövzunu şərh edən politoloq Tural İsmayılov Sherg.az-a bildirib ki, İranın dördtərəfli danışıqları dayandırmaq və ABŞ ilə təmasları yalnız vasitəçilər üzərindən davam etdirmək qərarı, regional təhlükəsizlik memarlığı və qlobal nüvə diplomatiyası baxımından gərginliyin idarə olunması mərhələsindən, böhranın dondurulması mərhələsinə keçildiyini göstərir. Onun fikrincə bu addım ilk növbədə tərəflərin birbaşa dialoq vasitəsilə əldə edə biləcəyi çevikliyi minimuma endirir:
“Sülh prosesi və ya böhranın nizamlanması kontekstində yanaşsaq, vasitəçilərin (məsələn, Oman və ya İsveçrə) iştirakı ilə aparılan diplomatiya dialoqun tamamilə kəsilməsinin qarşısını alsa da, qərarların qəbulu mexanizmini xeyli ləngidir. Birbaşa təmasların olmaması böhran anlarında tərəflərin bir-birinin hərbi-siyasi gedişlərini və bəyanatlarını səhv şərh etməsi (miscalculation) riskini artırır ki, bu da hər hansı lokal insidentin regional qarşıdurmaya çevrilmə ehtimalını gücləndirir. Tərəflər arasında etimadın zəifləməsi diplomatik prosesin tamamilə dayanması riskini əhəmiyyətli dərəcədə artırır, lakin bu, əlaqələrin tamamilə qırılması demək deyil. Politoloji baxımdan mövcud vəziyyət prosesin bitməsindən daha çox, tərəflərin bir-birinə qarşı rıçaq toplamaq taktikasına əsaslanır. ABŞ-ın təhdid ritorikası daxili siyasi faktorlar və regional müttəfiqlərin təhlükəsizlik qayğıları ilə bağlı olduğu kimi, İranın da danışıqları dayandırması daxili auditoriyaya və regional asimetrik güc tərəfdaşlarına güclü iradə nümayiş etdirmək məqsədi daşıyır. Yaranmış etimadsızlıq mühiti diplomatik masanı formal xarakterli etsə də, vasitəçi kanalların açıq saxlanması həm Vaşinqtonun, həm də Tehranın nəzarətsiz gərginlikdən qaçmaq istədiyini göstərir. Nəticə etibarilə, diplomatiya tam dayanmayıb, sadəcə olaraq tərəflərin strateji şərtlərin (məsələn, sanksiyalar və ya regional qüvvələr nisbəti) öz xeyirlərinə dəyişəcəyi ana qədər taktiki gözləmə və təzyiq fazasına keçib”.