Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur

  • Məsul şəxslər hüquq qarşısında cavab verəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da yerləşən Türkevidə jurnalistlərlə görüşərək gündəmlə bağlı sualları cavablandırıb.

Sherg.az xəbər verir ki, Ərdoğan 455 min investorun birbaşa maraqlandığı və son günlər ictimaiyyətdə “fond böhranı” kimi tanınan məsələ ilə bağlı araşdırmaya da münasibət bildirib.

Jurnalistin “Son günlər gündəmi zəbt edən əsas məsələlərdən biri 455 min investorun birbaşa maraqlandığı, ictimaiyyətdə artıq ‘fond böhranı’ kimi tanınan vəziyyətdir. Araşdırma davam edir, saxlanılan və həbs edilən şəxslər var. Həm investorlara mesajınız nədir, həm də bundan sonrakı yol xəritəsi ilə bağlı nə deyə bilərsiniz?” sualını cavablandıran Ərdoğan bildirib ki, söhbət kapital bazarlarının məhdud bir sahəsində və müəyyən sayda fondda ortaya çıxan problemdən gedir.

“Lazımi bütün addımlar atılacaq”

Türkiyə Prezidenti deyib ki, mövcud vəziyyət nə maliyyə sisteminə, nə də Türkiyə iqtisadiyyatına risk yaradır.

“Bunu bazarın tamamına aid problem kimi təqdim etmək Türkiyə birjasına qarşı haqsızlıq olar”, - deyə Ərdoğan vurğulayıb.

Onun sözlərinə görə, kapital bazarlarının prinsipləri və qanunvericilik çərçivəsində bütün zəruri addımlar atılır və bundan sonra da atılacaq. Ərdoğan aidiyyəti qurumların məsələni qətiyyətlə araşdırdığını, məhkəmə orqanlarının da genişmiqyaslı istintaq başladığını bildirib.

Prezident bəzi şəxslərin saxlanıldığını və həbs edildiyini qeyd edib.

“Hüquq qarşısında cavab verəcəklər”

Ərdoğan məsuliyyəti olan şəxslərin hüquq qarşısında cavab verəcəyini vurğulayıb.

“Bilinməsini istəyirəm ki, məsuliyyəti olan kim varsa, hüquq qarşısında cavab verəcək. Bu məsələdə ən kiçik tərəddüd belə olmamalıdır. Heç kimin hansı məqsədlə olursa-olsun yaranmış vəziyyətdən fürsət əldə etməyə çalışaraq insanlarımızı narahat etməyə haqqı yoxdur”, - deyə o bildirib.

Ərdoğan prosesin kapital bazarlarının xüsusiyyətlərinə uyğun olaraq həm şəffaf, həm də son dərəcə həssas şəkildə aparılmasının vacibliyini qeyd edib.

Prezident bildirib ki, oxşar problemin yenidən yaşanmaması üçün hüquqi və inzibati dəyişikliklər də daxil olmaqla zəruri hesab edilən bütün tədbirlər həyata keçiriləcək.