Biz tolerant mühitimizlə dünyada sayılıb-seçilmişik
Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi;
Multikultural dəyərlərimizi təkcə sözümüzlə deyil, əməlimizlə də mütəmadi təsdiq etmişik
Avropa Şurası Parlament Assambleyasının qarşısında Holokost qurbanlarının xatirəsinə həsr edilmiş tədbirdə çıxış edən Frankfurtun yəhudi icmasının ravvini və Almaniyanın Ortodoks Ravvinlər Konfransının prezidenti Aviçay Apel Azərbaycanla bağlı çıxış edib. Ravvin ölkəmizdəki tolerantlıqdan, multikultural dəyərlərdən ağızdolusu danışıb.
Məlumdur ki, 2022-ci ilin oktyabrından hər il yanvarın 27-nin Avropa Şurasında Holokost xatirəsi günü kimi anılması barədə qərar qəbul olunub. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi də bəyanat yayıb. Həmçinin digər qurumlarımızda yaydıqları açıqlamalarda yəhudi xalqına qarşı soyqırımı qınayıb. Bunları nəzərə alan Ravvin Aviçay Apel qeyd edib ki, Azərbaycan dünyada yəhudilərin repressiyaya uğramadığı yeganə ölkədir. O vurğulayıb ki, yəhudilər uzun əsrlərdir əhalisinin əksəriyyəti müsəlman olan bu ölkədə mehriban ailə kimi yaşayırlar: "Bu yaxınlarda Azərbaycanın İsraildə səfirliyi açıldı. Bu, bir çox ölkələrə ən yaxşı nümunə olacaq".
Həqiqətən, əsrlər boyu müxtəlif konfessiyaların nümayəndələri Azərbaycan ərazisində yanaşı yaşayıblar. Mühüm geostrateji mövqeyə malik ölkəmiz din və dini cərəyanların yayıldığı ərazi olub. Azərbaycanın tarixi ərazisində şamanlıq, zərdüştilik (atəşpərəstlik), daha sonralar isə yəhudi dini, xristianlıq və islam yayılıb. Tarixən Azərbaycan ərazisində yaşayan etnik və dini icmalar arasında sıx münasibətlər formalaşıb, heç bir milli, irqi və dini ayrı-seçkilik mövcud olmayıb. Bu sahədə Azərbaycan unikal təcrübəyə malikdir. Bu təcrübəni xalqımız hələ “multikulturalizm” sözünün yaranmasından öncə, əsrlər boyu toplayıb və zənginləşdirib.
Təsadüfi deyil ki, Azərbaycana müxtəlif illərdə səfər edən rəsmi şəxslər ölkədə hökm sürən dini tolerantlığın yüksək səviyyədə olduğunu qeyd ediblər. Respublikamızda mövcud olan dinlərarası münasibətlərin və dözümlülüyün dünyanın digər ölkələri üçün yaxşı nümunə ola biləcəyini vurğulayıblar. Azərbaycanda hökm sürən tolerantlığın spesifik xüsusiyyətini müxtəlif dini konfessiyaların nümayəndələrinin bir-birinə qarşı və dövlətin onlara ayrı-ayrılıqda və bütövlükdə olan münasibəti təşkil edir. Azərbaycan dövləti sadəcə ölkə daxilində deyil, xarici ölkələrdə, o cümlədən qonşu respublikalarda yaşayan minlərlə soydaşımızın da dini ibadətlərini sərbəst icra etməsi üçün qayğısını əsirgəmir. Qonşu ölkələrdə də multikultural dəyərlərin, dini tolerantlığın inkişafı üçün səylər göstərir. Birgəyaşayışın, dini dözümlülüyün, sülhün qarantı olan multikulturalizm Azərbaycanda qədim köklərə malikdir. Milli dəyərlərimizlə həmahəng olan tolerantlıq bu gün digər xalq və millətlər, müxtəlif dövlətlər üçün nümunəyə çevrilib. Başqasının mədəniyyətinə, dünyagörüşünə, dini inancına hörmət etmək, anlayış göstərmək yüksək insani keyfiyyətdir. Bu həm də öz dəyərlərini tanıtmağın, təbliğ etməyin bir yoludur. Tolerantlıq artıq sadəcə müxtəlif xalqlar arasında münasibətlərin tənzimlənməsi deyil, dövlətlər səviyyəsində xüsusi siyasi kurs kimi tətbiq edilən bəşəri bir dəyərə çevrilib. Tarixi mövqedən yanaşdıqda, tolerantlıq anlayışının əvvəllər daha çox qarşılıqlı münasibətlərdə ehtiva olunduğunu, indi isə xüsusi qanunlarla tənzimləndiyini, müxtəlif təşkilatlar və qurumlar tərəfindən qəbul olunan sənədlərdə vacib müddəa kimi öz əksini tapdığını görərik. Qeyd edək ki, Azərbaycanda müstəqilliyin bərpasından sonra Ulu Öndər Heydər Əliyev respublikamızda yaşayan çoxsaylı etnik qruplara və azsaylı xalqlara xüsusi diqqət göstərib. Bunun bariz nümunəsidir ki, “Yəhudilər Azərbaycanda” kitabı hazırlanıb, 2001-ci ilin aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasında “Qafqazın dağ yəhudiləri” mövzusunda beynəlxalq seminar keçirilib. Yəhudi millətindən olan tanınmış şəxslərin yaşadıqları binalarda xatirə lövhələri qorunub saxlanıb. Respublikamızda dinlərarası dialoq və əməkdaşlıq sahəsində əldə olunmuş təcrübə xarici ölkələr tərəfindən yüksək qiymətləndirilir. Roma patriarxı I Varfolomey 2003-cü ilin aprel ayında ölkəmizə iki günlük səfəri zamanı əminliklə qeyd etmişdi ki, Azərbaycanda dinindən, dilindən, millətindən asılı olmayaraq bütün insanların bir-biri ilə ünsiyyəti və dövlətin onlara münasibəti nümunəvidir. “Mən buradakı tolerantlığın səviyyəsindən məmnunam. Azərbaycanda hər kəs istədiyi dinə etiqad edir, istədiyi kimi ibadət edə bilir”. Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyacı, problemləri ilə yaxından maraqlanır. Azərbaycanda milli azlıqların ictimai həyatın bütün sahələrinə inteqrasiyasına, onların dini əqidə azadlığının təminatına, öz mədəniyyət və dillərini inkişaf etdirmələrinə hər çür şərait yaradılır. Azərbaycandakı nadir din-dövlət münasibətləri modeli daim dünyanın aparıcı dövlətlərinin nümayəndələri tərəfindən yüksək qiymətləndirilir. Hətta onlar çıxışlarında bildirirlər ki, Azərbaycanda dinlər arasında tolerantlıq münasibətləri bütün Avropa ölkələri üçün pozitiv bir misal ola bilər. Bu gün dünyada baş verən hadisələr dini inancların təcavüzə məruz qalması, milli və etnik dözümsüzlüyün təşviqi, insanların minilliklər boyu hörmət etdiyi dəyərlərin tapdalanması ilə müşayiət olunan balanslaşdırılmamış, neqativ və birtərəfli məlumatlar bəşəriyyət üçün təhlükə mənbəyinə çevrilib. Avropa və Amerikada islam əleyhinə kampaniyaların geniş işıqlandırılması, digər bölgələrdə baş verən proseslər əksər insanlar arasında ciddi narahatlığa çevrilməkdədir.
İlahiyyatçı-alim Hacı Atif İsmayılov "Şərq"ə açıqlamasında vurğulayıb ki, Azərbaycan xalqı daim yüksək etibar və etimad göstərilən xalqlardandır. Ekspert vurğulayıb ki, Azərbaycanda dinindən, millətindən, irqindən asılı olmadan bütün xalqlar daim mehriban münasibətdə olublar:
"Dini və irqi mənsubiyyətləri fərqli olan millətlər əsrlər boyu Azərbaycanda təhlükəsiz, rahat, sərbəst həyat sürüblər. Azərbaycan dövləti və xalqı bütün insanlıq əleyhinə törədilmiş cinayətləri, soyqırımları qətiyyətlə rədd edib, pisləyib. Dünyanın harasında yaşamasından, dinindən, milliyətindən asılı olmadan insanların öldürülməsinə "yox" deyib. Ona görə də multikultural və eyni zamanda tolerant mühitimizlə dünyada sayılıb-seçilmişik. Ölkəmiz dünyanın bir çox dövləti üçün real nümunə təşkil edib. Tolerantlığı, multikultural dəyərlərimizi təkcə sözümüzlə deyil, əməlimizlə də mütəmadi təsdiq etmişik. Bunun bariz nümunəsi odur ki, Azərbaycanda fərqli dinlərin, ayrı-ayrı millətlərin nümayəndələri uzun illərdir təhlükəsiz, heç nədən ehtiyat etmədən, narahatlıq duymadan ömür sürüblər. Sivil şəkildə öz həyatlarını yaşayıblar, ibadətlərini icra ediblər. Məhz Azərbaycan mühitində ayrı-ayrı dinlərin nümayəndələri bir-birinə hörmət göstərir, sevgi və sayğı çərçivəsində hərəkət edirlər. Müxtəlif dinlərin, hətta fərqli məzhəblərin təmsilçiləri belə qarşıdurma yaşamadan ibadətlərini, ayinlərini icra edirlər. Bu da qardaşlıq simvolunun bariz nümunəsidir".
İlahiyyatçı bildirib ki, dinimizin bizə tövsiyyəsi odur ki, hər bir şəxs dininə, milli mənsubiyyətinə görə deyil, ilk növbədə insanlığına, bəşəri xüsusiyyətlərinə görə dəyərləndirilsin: "Azərbaycan xalqı dinimizin buyurduğu tövsiyəyə gözəl şəkildə əməl edərək multikultural dəyərlər sistemini formalaşdırır. O baxımdan dünyanın bir çox ölkəsində baş verən dini qarşıdurmalar, islamafobiyanın genişlənməsi, radikalizmin və antisemitizmin artması fonunda Azərbaycanda müşahidə olunan tolerant mühit çoxlarını yaxşı mənada heyrətləndirir. Ölkəmizdəki multikulturalizm çoxsaylı əcnəbi din xadimləri tərəfindən dəfələrlə dilə gətirilib, yüksək qiymətləndirilib. Bunlar çox önəmlidir, çünki məhz tolerantlıq mühiti insanları sülhə, vəhdətə, əmin-amanlığa sövq edir. Biz də din xadimi kimi bu istiqamətdə əlimizdən gələni etməyə çalışırıq".