“Paşinyanın qələbəsi Rusiyaya Qafqazdan geri çəkilmə mesajı olacaq”
“Ermənistan xalqı xilas yolunu Azərbaycan və Türkiyə ilə normallaşmada görür”
Bir zamanlar Azərbaycana “göz dağı” vermək məqsədilə cıdır düzündə yallı gedən Paşinyan indi xalqını türklərlə münasibəti yaxşı saxlamağa səsləyir. Deyirlər ki, müharibələr dağıdıcı olsa da, bir çox dəyişikliklərin başlanmasına zəmin yaradır. Həmin dəyişikliyi bu gün Nikol Paşinyanın zehni inkişafında görürük. Baş nazir qeyd edib ki, Türkiyədə 90 milyon, Azərbaycanda 10 milyon, Ermənistanın cənub qonşusu İranda isə təxminən 35 milyon türk yaşayır. Nikol bu faktı sitat gətirməklə, xalqını xəyal dünyasından çıxaraq, reallığı görməyə səsləyib. Əvvəllər Xocalı Soyqırımının törədilməsində türkləri günahkar bilən Paşinyan, indi onu “türk” adlandıran ermənilərə cavabında, bunu təhqir kimi qəbul etmədiyini bildirir. Görünən odur ki, müharibə dumanlı təfəkkürləri aydınlığa çıxarıb.
Mövzu ilə bağlı Güney Azərbaycan Demokratik Türk Birliyi təşkilatının sədri Əjdər Tağızadə Sherg.az-a bildirib ki, Paşinyan hakimiyyətə gəldiyi ilk dövrlərdə revanşist qüvvələrin təsiri altında olub:
“Lakin “Qarabağ klanı”nın üzvlərindən fərqli olaraq, Paşinyan hər hansı terrorçu və ya mafiya qrupunun tərkibindən çıxıb, hakimiyyətə gəlməyib. O, zamanla Rusiyanın işğalçılıq siyasətini genişləndirmək üçün Ermənistandan maşa kimi istifadə edildiyinin fərqinə vardı. Paşinyan Moskvanın təsiri altında hərəkət etməyin ölkəni tənəzzülə aparacağını bilirdi. Avropa ölkələrindən başda Fransa olmaqla, son ana qədər Ermənistanın işğalçı siyasətini dəstəklədilər. 1989-1993-cü illərdə Qarabağda yaşayan erməni azlığı silahlandırılaraq, dünyada baş tutmayan bütün işgəncə metdoları ilə türkləri qanına-qəltan elədilər”.
Siyasətçinin sözlərinə görə Ermənilərin bəziləri indi də həmin siyasətə qayıtmaq istəyir:
“Amma Azərbaycan və Türkiyə qardaşlığı onların nəfəsini kəsib. Ermənilərin törətdikləri əməlləri boyunlarına almamaları azmış kimi, Osmanlı İmperiyasını da “Erməni soyqırımı”nda ittiham ediblər. Vaxtilə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan onlardan bunu sənədlərlə sübut etmələrini tələb etdi. Hələ indiyə qədər onun tələbinə cavab verən olmayıb. Çünki yalançılıq ermənilərin xislətində qədim dövrlərdən bəri özünə yer edib. Avropa ölkələrinin bəziləri başda Fransa olmaqla, qondarma soyqırımı legitimləşdirmək üçün min cür əziyyətə girdilər”.
Təşkilat rəhbərinin fikrincə, tarixi faktlar ermənilərin işğalçılıq siyasətini Rusiyanın tapşırığı əsasında apardığını ortaya çıxardı:
“Paşinyanın hazırda siyasi düşüncələri dəyişsə də, 200 il türklərlə mübarizə apardıqlarını və Azərbaycanın Cənubunda “Böyük Ermənistan” dövləti yaratmaq istədiklərini unutmamalıyıq. Onlar bu ideyanı gerçəkləşdirmək üçün 150.000 türkü qətlə yetiriblər. Rusların Ermənistanı necə xərclədiyi gün kimi aydındır. Rusiyanın Gümrü şəhərində 5000-lik ordusu var. Ona görə də Paşinyanın dili qısadır. Onlar hələ də, rusun əsarətindən xilas olmaq üçün mübarizə aparırlar. Son günlər Nikolun söylədiyi fikirlər, onun tarixi həqiqətlərdən dərs çıxardığını ortaya qoyur. Qədim tarixi ənənələrə görə məğlub olan ölkə qalib tərəfə xərac verməlidir”.
Ə. Tağızadə qeyd edib ki, Azərbaycan qalib tərəf olmasına baxmayaraq, Ermənistana neft və taxıl məhsulları göndərməklə, ona dəstək göstərməyə çalışır:
“Hazırda Ermənistandan qaçan qaçıb, qalanlar isə bədbəxt gündədir. Ermənistan xalqı səfalətdən qurtulmaq üçün Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasını dəstəkləyir. Əgər revanşist qüvvələr məkrli planlara əl atmasalar, Paşinyan seçkilərdə qələbə qazanacaq. Onun seçilməsi Ermənistanla yanaşı, Azərbaycan və Gürcüstanın da xeyrinə olacaq. Helə ki, Paşinyanın çıxışlarında sülh prosesinə xələl gətirəcək hər hansı açıqlamaya rast gəlinmir. Fikrimcə, Nikolun seçkilərdə qalib gəlməsi, Rusiyaya Qafqazdan birdəfəlik geri çəkilmələri üçün ciddi siyasi mesaj olacaq”.