BMT-də beynəlxalq güclərin mövqeyini test edəcəyik

"Qəti sözü əlbəttə ki, yenə də Azərbaycan əsgəri deyəcək!"

"Ermənistanın əsas məqsədi odur ki, BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın Qarabağ ermənilərini "blokadada" saxlaması, "humanitar böhran" yaratması haqda sənəd qəbul etsin". Bu barədə Ədalət Partiyasının sədr müavini, siyasi şərhçi Elxan Şükürlü deyib.

 Ekspert bildirib ki, belə bir sənədin qəbulu Ermənistan hakimiyyətinə və onun Qərbdəki himayədarlarına vaxtilə Kosovoda tətbiq edilən modeli bu dəfə Qarabağ danışıqlarına daşımaq fürsəti verir: "Ermənistanın Azərbaycanla sülh danışıqlarında xüsusi qabartdığı “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliklərinə beynəlxalq zəmanət” tezisinin kökündə də “Kosovo presedenti”nə istinad və süni şəkildə belə bir durumun yaradılması ssenariləri dayanır. 

Əsas missiyası dünyada sülhü və təhlükəsizliyi qorumaq olan BMT-nin artıq öz funksiyanı yerinə yetirə bilmədiyini, bu qurumun beynəlxalq güclərin əlində bir alətə çevrildiyini, dünyaya ən böyük təhlükənin də elə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün olduğu faktını heç vaxt unutmamalıyıq. Avqustun 16-da Nyu-Yorkda keçiriləcək müzakirələrdə bizim üçün ən önəmli nəticələrdən biri, şübhəsiz, bu güclərin mövqeyini yenidən test etmək olacaq. Qarabağdakı erməni separatizmini hansı dövlətlərin açıq şəkildə dəstəklədiyini, Azərbaycanın maraqlarını isə hansı ölkələrin qoruduğunu görərək gələcək münasibətlərin məsafəsini də ona uyğun qurmalıyıq. Problemin köklü həllində son və qəti sözü əlbəttə ki, yenə də Azərbaycan əsgəri deyəcək!".