BMT-ni ermənilərin "rupor"una çevirirlər - Politoloq

Əlisahib Hüseynov: "Qarabağ müzakirələrini ciddi siyasi nəticələr doğuracaq bir hadisə hesab etmirik"
Tamamilə haqlı olaraq beynəlxalq təşkilatlardan Ermənistanın Azərbaycana qarşı kəskinləşən nifrət siyasətinə, revanşizm səylərinə biganə qalmayacaqlarını gözləyirik. Lakin təəssüflər olsun ki, gözləntilərimiz özünü doğrultmur. Birləşmiş Millətlər Təşkilatı (BMT) başda olmaqla, əksər beynəlxalq qurumlar "humanitar yardım" adıyla siyasi oyunlar oynayan Ermənistana və "blokada" şousu ilə dünya birliyini çaşdırmağa davam edən separatçı rejimə təzyiq göstərmək əvəzinə, onlara dəstək verirlər.
Politoloq Əlisahib Hüseynov "Sherg.az"a açıqlamasında bildirib ki, Ermənistanın qondarma məsələləri BMT-nin Təhlükəsizlik Şurasının müzakirəsinə çılxarması bu ölkənin Azərbaycana qarşı növbəti təxribatıdır. Ekspert hesab edir ki, BMT TŞ, ümumiyyətlə, Ermənistanın bu təxribatına "yaşıl işıq" yandırmamalı idi: 
"Görünən odur ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası böyük dövlətlərin təzyiq vasitəsinə, "dəyənəyinə" çevrilib. Eləcə də, erməni lobbisi BMT-nin sülh və təhlükəsizliyə yox, separatçılığa xidmət edən bir təşkilata çevrilməsində mühüm rol oynayıb. Ona görə də bu mötəbər beynəlxalq təşkilatın obyektivliyinə inam hissimizin sarsılması təbiidir. Lakin BMT-nin ermənilərin "rupor"una çevrilməsi Azərbaycanı öz haqlı mövqeyindən əsla çəkindirə bilməz. Bu baxımdan, BMT Təhlükəsizlik Şurasında təşkil olunan Qarabağ müzakirələrini ciddi siyasi nəticələr doğuracaq bir hadisə hesab etmirik. Nəticəsi nə olur-olsun, bu müzakirələrin Azərbaycan üçün ağır mənfi nəticələrə gətirib çıxarması qeyri-mümkündür. Azərbaycan əleyhinə hansısa sərt qərarın qəbul olunacağını da gözləmirəm. Ola bilsin ki, tövsiyə xarakterli hansısa fikirlər, çağırışlar səsləndiriləcək. Lakin rəsmi Bakı bundan sonra da Qarabağda separatçılıq hallarına qarşı qətiyyətli addımlar atılması və ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiya olunması istiqamətində səylərini davam etdirəcək. Heç bir qüvvə Azərbaycanı öz haqlı mövqeyindən çəkindirə bilməz".