"Həmsədrlər Azərbaycanın əl-qolunu bağlamağa çalışırdı"
30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi beynəlxalq müstəvidə uzun illər müzakirə mövzusu olub. Xüsusilə ATƏT-in Minsk qrupu bu problemin həlli üçün yaradılmış əsas vasitəçi mexanizm kimi təqdim edilsə də, illər ərzində onun fəaliyyəti ilə bağlı ciddi suallar yaranıb.
Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, beynəlxalq təşkilatlar və həmsədr dövlətlər problemin həlli istiqamətində real nəticə ortaya qoya bilməyiblər. Prezident İlham Əliyevin Zəngilan səfəri zamanı səsləndirdiyi fikirlər də məhz bu məqamlara diqqət çəkib. Dövlət başçısı çıxışında həm işğal dövründə formalaşmış beynəlxalq yanaşmanı, həm də Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi nəticələri xüsusi vurğulayıb.
Millət vəkili Hikmət Babaoğlu Sherg.az-a uzun illər ərzində ATƏTİ-n Minsk qrupunun yarıtmaz siyasət apardığını bildirib:
"Azərbaycan Prezidenti Zəngilan səfərində bir daha 30 illik işğal dövrünə toxundu. O, beynəlxalq subyektlərin və ATƏT-in Minsk qrupu həmsədrlərinin problemin həlli məsələsindəki mövqeyini tənqid etdi. Prezident qeyd etdi ki, ATƏT-in Minsk qrupu xüsusi olaraq BMT mandatı ilə problemi həll etmək üçün yaradılsa da, əslində bu istiqamətdə ciddi fəaliyyət göstərməyib. Əksinə, qrup problemin dondurulması və status-kvonun qorunub saxlanılması üçün çalışıb. Üç həmsədr ölkə işğal dövründə sinxron şəkildə hərəkət edib və eyni mövqedən çıxış edib. Məqsəd isə Azərbaycanın mövcud vəziyyətlə barışmağa məcbur edilməsi olub. Bu yanaşma zamanla problemin özündən əlavə yeni bir problemə çevrilib.
Şübhəsiz ki, həmsədrlərin hər birinin bölgədə öz maraqları var idi. Nəticə etibarilə, həmin ölkələrin hər üçü BMT Təhlükəsizlik Şurasının daimi üzvü idi. Onlar Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etməli olsalar da, bunu etmirdilər. Əksinə, beynəlxalq hüququn və qətnamələrin təsirsiz qalmasında mühüm rol oynayırdılar. Məsələ bununla da bitmirdi".
Parlamentari qeyd edib ki, ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycanın problemi öz gücü hesabına həll etməsinə də mane olmağa çalışırdılar:
"Azərbaycan nə vaxt beynəlxalq hüquqa əsaslanan sərt mövqe nümayiş etdirirdisə, dərhal həmsədrlər eyni bəyanatlarla çıxış edirdilər. Onlar problemin hərbi həllinin olmadığını bildirərək Azərbaycanın əl-qolunu bağlamağa çalışırdılar.
Bundan əlavə, həmsədrlər o zamankı qondarma “Dağlıq Qarabağ”dan kənarda yerləşən beş rayonun işğaldan azad olunmasına da müsbət yanaşmırdılar. Hətta Laçın rayonunu “Şimali Qarabağ” adlandırırdılar. Bu bölgəni Ermənistanla Qarabağ arasında vahid coğrafi məkan kimi təqdim etməyə çalışırdılar. Onların yanaşmasına görə, Ermənistanla Qarabağ arasında birbaşa quru əlaqəsi saxlanılmalı idi.
Belə bir şəraitdə problemin həll olunmaması təəccüblü deyildi. Bütün bu məqamları yenidən nəzərdən keçirəndə və 44 günlük müharibənin nəticələrini analiz edəndə Azərbaycanın nə qədər böyük qələbə qazandığı daha aydın görünür.
Azərbaycan qətiyyət, cəsarət və güc nümayiş etdirdi".
Deputat vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan üç həmsədrin edə bilmədiyini Azərbaycan özü həyata keçirdi:
"Nəticədə regionda yeni reallıq formalaşdırdı, sülh və sabitlik üçün əsas yaratdı. Bu gün də Azərbaycan regionda davamlı sülhün təmin olunması istiqamətində fəaliyyətini davam etdirir və bu məqsədə nail olmaq üçün əlindən gələni edir".