Amerikalı sahibkar Elon Mask "The Economist" jurnalına müsahibəsində Ukraynadakı müharibə, Avropa siyasəti və süni intellektlə bağlı fikirlərini bölüşüb.
Sherg.az-ın məlumatına görə, Mask bildirib ki, Ukraynada müharibənin başa çatması üçün tərəflərin mövcud cəbhə xətti əsasında sülh razılaşmasına gəlməsi daha real variantdır. Onun sözlərinə görə, Rusiyanın bütün qüvvələrini Ukraynadan çıxaracağına ümid etmək praktik yanaşma deyil.
Milyarder həmçinin qeyd edib ki, siyasətlə həddindən artıq məşğul olması biznesinə ayırdığı vaxta mənfi təsir göstərib. O, ABŞ Prezidenti Donald Tramp administrasiyasında fəaliyyəti dövründə siyasətə həddindən artıq aludə olduğunu etiraf edib.
Mask müsahibədə Böyük Britaniyada sosial gərginliyin artdığını və bunun gələcəkdə ciddi daxili qarşıdurmalara səbəb ola biləcəyini də iddia edib.
Süni intellekt barədə danışan sahibkar yaxın beş ildə bu texnologiyanın insanların intellektual imkanlarını üstələyəcəyini, növbəti on ildə isə cəmiyyətin həyatında əsas rol oynayacağını bildirib. Onun fikrincə, süni intellekt və robot texnologiyalarının inkişafı gələcəkdə insanların daha az işlədiyi, bolluq şəraitində yaşadığı yeni mərhələyə yol aça bilər.