"Cavabdeh qurumlar məsuliyyət daşıyır"  - DEPUTAT

Vəziyyət bu həddə çatmamalıydı

Gədəbəydə baş verən hadisələrə cənab Prezident çox yerində və hərtərəfli qiymət verdi

Arzu Nağıyev: “Bu addımların atılmamasında birmənalı şəkildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Söyüdlüdə fəaliyyət göstərən şirkətin nümayəndələri məsuliyyət daşıyır”


  Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə ötən ay Gədəbəyin Söyüdlü kəndində baş vermiş hadisələrdən də danışıb. Dövlət başçısı vurğulayıb ki, ölkəmizin böyük hissəsi artıq rəsmən “yaşıl enerji” zonası elan edilib və bunun fonunda Gədəbəy rayonunda baş vermiş hadisə tamamilə qəbuledilməzdir. Prezidentin sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib. Bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib: "İnsanlar haqlı olaraq öz etiraz səsini ucaldıblar, amma onların səsinə baxan olub? Yox! Bir gün, iki gün, üç gün, beş gün, hara baxırdı Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Bilmirdimi ki, belə problem var? Ya bilirdi gözünü yumurdu, ya da bilmirdi. Hər ikisi qəbul edilən deyil. Düzdür, vətəndaşların bir hissəsi təxribatçıların fitnəsinə uyaraq ədəbsiz hərəkətlər ediblər, qanunsuz hərəkətlər ediblər və bu da dözülməzdir, qəbuledilməzdir". Dövlət başçısı qeyd edib ki, o təxribatçıların bəziləri Azərbaycanda, bəziləri xaricdə gizlənir. Prezidentin sözlərinə görə, Azərbaycanda olanlar artıq müəyyən edilib və bir neçəsi məsuliyyətə cəlb olunub. Xaricdəkilər də məsuliyyətə cəlb ediləcək: "Heç kim, necə deyərlər, fikirləşməsin ki, biz bunu unutmuşuq. Azərbaycanda xaos, özbaşınalıq, təxribat xarakterli addımlar 1993-cü ildə başa çatıb. Əgər kimsə unudubsa, biz xatırlada bilərik. Ona görə vətəndaşlar da həm mədəniyyət göstərməlidirlər, necə deyərlər, mərifət göstərməlidirlər, qanuna tabe olmalıdırlar, polisə daş atmamalıdırlar, polisə daş atmaq heç kimə şərəf gətirən hərəkət deyil. Bu, birincisi. İkincisi, bu, cinayətdir. Əgər Azərbaycan polisi dözümlülük göstərirsə, o demək deyil ki, kim istəyir polisə daş ata bilər. Bu, qətiyyən mümkün deyil. Mən hər kəsə deyirəm, burada biz kiminsə nazı ilə oynayası deyilik, necə lazımdır, əgər lazım bilsək, kimi lazımdır, elə cəzalandırarıq ki, peşman olar". Bununla yanaşı, dövlət başçısı qeyd edib ki, hadisənin təbii səbəbi var idi, o da ondan ibarətdir ki, xarici şirkət buraya pul qazanmağa gəlib: "Biz etiraz eləmirik, investisiya qoyub, iş yerləri yaradıb. Əlbəttə, onlar gəlib burada xeyriyyəçiliklə məşğul olmurlar, pul qazanmağa gəliblər. Amma bu o demək deyil ki, bizim təbiətimiz məhv olsun. O demək deyil ki, insanların örüş, otlaq sahələri zəbt edilsin. O demək deyil ki, heç kimdən icazə almadan ikinci tullantı gölü qursun. Kim onlara icazə verib? Görünür, ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sövdələşiblər, ya da ki, onu özbaşına ediblər, ona görə ciddi araşdırılmalıdır".
  Dövlət başçısının toxunduğu məsələni "Sherg.az"a dəyərləndirən millət vəkili Arzu Nağıyev deyib ki, Gədəbəydə baş verən hadisələrə cənab Prezident çox yerində və hərtərəfli qiymət verdi. Deputatın sözlərinə görə, Prezident prosesin necə başlanması, kimlərin maraqlı olması, bu hadisədən daxildə və xaricdə istifadə olunması məsələsinə aydınlıq gətirdi: "Təbii, cənab Prezident Gədəbəyin həmin kəndində ekoloji problemin olmasını bir daha qabartdı. Vaxtında bunun qarşısının alınması üçün addımların atılmadığını qeyd etdi. Bu addımların atılmamasında birmənalı şəkildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Söyüdlüdə fəaliyyət göstərən şirkətin nümayəndələri məsuliyyət daşıyır. Dövlət başçısı da bunu vurğuladı. Hər iki qurum problemin qarşısını vaxtında almalıydı. Əlbəttə, insanların narazılığı varsa, vaxtında onlarla müvafiq işlər aparılmalı, istər kompensasiya, istər sakinlərin tibbi cəhətdən müayinələri, əmək fəaliyyəti ilə bağlı problemlərin həlli və digər məsələlər mütləq şəkildə öncədən həllini tapmalıydı. Proses gəlib indiki vəziyyətə çatmamalıydı. Eyni zamanda cənab Prezident hüquq-mühafizə orqanları, əsasən də Azərbaycan polisinin fəaliyyətini yüksək səviyyədə qiymətləndirdi. Həqiqətən, xarici ölkələrin polislərinin törətdikləri əməllərlə müqayisədə Azərbaycan polisi çox humanist davrandı. Belə vəziyyətdə polisi daşa tutmaq heç bir qanun çərçivəsinə sığmır. Azərbaycan polisi xalqımızı qoruyan hüquq-mühafizə orqanlarının öndə gedənlərindən biridir". 
  A.Nağıyev əlavə edib ki, aidiyyəti dövlət qurumlarının, təşkilatların nümayəndələrinin, birbaşa ekologiyaya cavabdeh şəxslərin prosesdə əvvəlcədən iştirakı, hadisələrə münasibət bildirməsi də zəruridir: "Azərbaycanda şirkət quraraq bundan gəlir götürənlərin öz fəaliyyətini ölkə qanunlarına uyğun qurması labüddür. Bununla bağlı təşkil olunan komissiyaya növbəti dəfə tapşırıq verildi ki, məsələ araşdırılsın və kimin günahkar olması, kimin məsuliyyət daşıması barədə məruzə edilsin. Azərbaycanda bu işdə marağı olanların, problemləri başqa istiqamətə yönəltməyə çalışanların cəzalandırıldığı deyildi. Eyni zamanda xaricdən idarə olunanlara mesaj göndərildi ki, proses mütləq tənzimlənəcək və hər kəs layiq olduğu cəzanı alacaq".