Deputat narazıdır: Parlamentdə ciddi məsələlər müzakirəyə çıxarılmır

“Cəmiyyət niyə şəmkirli iş adamının 250 min dollara müğənni gətirməyini müzakirə edir?”


Dünən Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində növbəti iclası keçirilib. İclasda Fransaya görə Azərbaycanın Hərbi Doktrinasına dəyişiklik etmək təklif olunub. Millət vəkili Elşad Mirbəşiroğlu deyib ki, “Azərbaycan Respublikasının Hərbi doktrinası”nın 75-ci maddəsində göstərilir ki, müəyyən dəyişikliklərin edilməsi mümkündür. 

Deputat bildirib ki, artıq Azərbaycan torpaqlarını işğaldan azad edib və “Azərbaycan Respublikasının Hərbi doktrinası”nda dəyişikliklərin vaxtıdır: “Artıq Azərbaycana qarşı olan təhlükələr də dəyişib. Əksər ölkələrin hərbi doktrinaları hər il, iki ildən bir dəyişir. Azərbaycanın da yeni dəyişən dünyada yeni reallıqlara uyğun hərbi doktrinasına dəyişikliklər edilməsi lazımdır. Azərbaycana təhlükə olan ölkələrin adı da Hərbi doktrinada yer alsın. Məsələn, Fransa. Hərbi Doktrinanın 14,15 və 16-cı maddələrində dəyişiklik edilməlidir”.

"Fransa Azərbaycana qarşı təxribatçı çıxışlar edir"

Millət vəkili Ceyhun Məmmədov deyib ki, Avropada islamofob meyllər getdikcə artır: "Bir sıra ölkələrdə Quranın yandırılması, eləcə də müsəlmanlara qarşı dözümsüz münasibətlər geniş vüsət alır. Həmin ölkələrin başında Fransa durur. Fransa davamlı olaraq bir sıra məsələlərdə Azərbaycanı günahlandırmağa çalışır. Reallıq isə odur ki, özünü demokratiyanın beşiyi sayan Fransada Əlcəzair vətəndaşlarının sümükləri muzeydə nümayiş etdirilir. Onlar hələ də bu siyasəti davam etdirir, müsəlmanlara qarşı yenə amansız hərəkətlər edir. Fransa Azərbaycana qarşı da təxribatçı çıxışlar edir. Fransa Azərbaycanın daxili işlərinə qarışmalı deyil. Eyni zamanda sülhün bərqərar olmasına mane olmalı deyil”.

"Makron istəyirsə, Ermənistanı aparıb özünə birləşdirsin"

Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, Ermənistan Fransada baş verənlərdən dərs götürüb sülh müqaviləsini imzalamalı, törətdiyi cinayətlərə görə Azərbaycandan üzr istəməlidir: “Düşünürəm ki, Fransa bu sülh müqaviləsi məsələsinə qoşulubsa, Azərbaycanla və Ermənistan arasında sülh olmayacaq. Biz şərt qoymalıyıq ki, Fransa bu məsələdən uzaq dursun. Makron yuyulmamış çömçə kimi özünü ortaya soxur. Makron istəyirsə, Ermənistanı aparıb özünə birləşdirsin. Danışıqlar harada gedir, Makron özünü soxur ora. Bu gün ədalətli sülh üçün danışıqlar gedir, bir çox ölkələr bizi dəstəkləyir. Sülh müqaviləsinin imzalanmamasından ən çox zərər çəkən ermənilərdir. Ondan-bundan yardım alaraq yaşamaq olmaz”.

"İkinci Avropa Oyunlarında cəmi 11 medal qazanmağımız düşündürücüdür"

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib ki, iyun ayında iki - Avropa Oyunları və Xüsusi Olimpiya Oyunları keçirilib. I Avropa Oyunları Bakıda keçirilirdi və biz 56 medal qazandıq: "Xüsusi Olimpiya Oyunlarında MDB üzrə birinci yeri tutmuşuq. İkinci Avropa oyunlarında isə biz cəmi 11 medal qazanmışıq. Bu, düşündürücüdür".

"Şəmkirli iş adamının 250 min dollara müğənni gətirməyini..." 

Millət vəkili Fazil Mustafa sosial şəbəkələrdə və mediada müzakirə olunan bəzi mövzulara diqqət çəkib. Deputat ciddi məsələlərin müzakirə olunmamasından şikayətlənib: “Bu gün Azərbaycanda cəmiyyət niyə müğənninin Yazıçılar Birliyinə üzv olmağını, Söyüdlü hadisələrini, şəmkirli iş adamının 250 min dollara müğənni gətirməyini müzakirə edir? Düşünürəm ki, biz ciddi məsələləri müzakirəyə çıxarmırıq. Təhsil naziri ötən dəfə dərslərin sentyabrın 1-dən başlaması ilə bağlı təklif irəli sürdü. Ciddi məsələ idi, amma müzakirələr dayandı. Bunun səbəbələrini müzakirə etmək lazımdır. Yaxud Böyük Britaniyanın "World University Ranking" nəşri 2023-cü ildə dünyanın ən yaxşı universitetlərinin reytinqini dərc edib. Reytinqə Qazaxıstanın 9 şəhərindən 21 universitet daxil olub. Bu, ciddi düşünüləsi məsələdir. Digər tərəfdən, müzakirə olunmalı məsələlərdən biri də blokadada olan Naxçıvana bilet məsələsidir. Bunun səbəbi birbaşa korrupsiya ilə bağlıdır. Gürcüstandan İstanbula 100 manatdır, Azərbaycandan 700 manat. Onlar biletlərin üstündən pul tuturlar. Naxçıvana bilet çox satanda, təyyarə ayıranda üstündə 20 manat pul tutur, İstanbula 300 manat. Ona görə də Naxçıvana təyyarə ayırmır. Bu məsələlər müzakirə edilməlidir”. 

"Hakim də insandır, o da səhv edə bilər"

Deputat Erkin Qədirli bildirib ki, Ali Məhkəmə də digər məhkəmələr kimi yanıla bilir. Ona görə də məhkəmə üç pilləlidir ki, mübahisə iştirakçıları yenidən işə baxılması üçün doğru qərar çıxarılmasına nail ola bilsinlər: “Hər məhkəmənin, hər instansiyanın öz məhdudiyyəti var. Ali Məhkəmə onsuz da fakt məsələsini araşdırmır. Konstitusiya Məhkəməsi yalnız konstitusiya ilə bağlı uyğunluq və ziddiyyət məsələlərini həll edir. Problem ondadır ki, bizdə indiyə qədər konstitusiyanın əksər maddələrinin rəsmi şərhi yoxdur. Konstitusiya Məhkəməsinin qərarlarına baxdıqda əksər hallarda cari qanunvericiliyə şərh verilir. Yəni mən demirəm ki, Ali Məhkəmə qanunları poza bilər, poza bilir. Hakim də insandır, o da səhv edə bilər”.

"Belə yersiz ritorikaya son qoyulmalıdır"

Deputat Bəhruz Məhərrəmov bildirib ki, məhkəmə, istintaq və təhqiqat orqanları “ictimai nəzarət” adı altında ciddi təzyiq mühitində işləyir: “Biz əgər ədalətli, obyektiv, hərtərəfli araşdırma arzu ediriksə, cinayət təqibini aparan orqan, ədalət mühakiməsini keçirən məhkəmə birmənalı şəkildə bütün qanunsuz təsirlərdən azad olmalıdır. Amma bu gün hüquq mühafizə orqanları prosesual qanunvericilik çərçivəsində bir addım atmamış artıq antimilli dairələrin muzdlu mediası və sosial media seqmenti öz ssenariləri ilə çıxış etməyə başlayır ki, filankəs hakimiyyətin göstərişi ilə tutuldu, filankəs siyasi məhbusdur, yaxud inanclı məhbusdur. Son qoyulmalıdır bu yersiz ritorikaya. Qərəzli medianın, ayrı-ayrı siyasi qrupların, siyasiləşmiş sosial media vəkillərin cinayət təqibi üzərində ictimai mühakimə qurması, cinayət təqibi orqanları üzərində linç kampaniyası yolverilməzidir”.