Dilqəm Əhməd: "Bayrağı Atatürk özü ucaldıb, beləliklə..."

Atatürkün Azərbaycan sevgisi

Dilqəm Əhməd: "Münasibətlər beləcə inkişaf edib. Qars müqaviləsi imzalanıb, qarşılıqlı səfirliklər açılıb"
  
Oktyabrın 29-u Türkiyə Cümhuriyyətinin quruluşunun 100-cü ildönümüdür. 1923-cü il oktyabrın 29-da türk xalqının Qazi Mustafa Kamalın öndərliyi ilə dörd ilə yaxın davam edən Qurtuluş savaşı və İstiqlal mücadiləsinin məntiqi yekunu olaraq qurulan Cümhuriyyətlə ümumtürk tarixində yeni səhifə yazıldı. Azərbaycanda 23 aylıq ömrü olmuş Cümhuriyyətin süqutundan, Orta Asiyadakı türk xalqlarının milli dövlət qurmaq niyyətlərinin puça çıxmasından sonra Ankarada dünyaya bəyan edilən Türkiyə Cümhuriyyəti bütün Türk dünyası üçün fəxarət ünvanı oldu. O baxımdan qardaş Türkiyə Cümhuriyyətinin 100 yaşı türk dövlətlərinin hər biri fərəh və qürur mənbəyidir. Çünki güclü Türkiyə güclü Azərbaycan, güclü Azərbaycan güclü Türkiyə deməkdir. Bunun ən bariz ifadəsi 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan-Türkiyə birliyi oldu. 2021-ci ilin 15 iyununda imzalanan Şuşa bəyannaməsi ilə bu birliyə tarixdə əbədi qalacaq möhür vuruldu.
 
 Araşdırmaçı-yazar, Cümhuriyyət dövrünün tədqiqatçısı Dilqəm Əhməd "Sherg.az"a açıqlamasında vurğulayıb ki, Mustafa Kamal paşanın rəhbərliyində aparılan milli mücadilədə və Türkiyə Cümhuriyyətinin qurulmasında bu və ya digər şəkildə Azərbaycan türkləri də yer alıb. Araşdırmaçı bildirib ki, Azərbaycan Cümhuriyyəti hökumətinin Mustafa Kamal paşaya dəstəyi haqqında əlimizdə bir neçə xatirə olsa da, münasibətlər Sovet Azərbaycanı dövründə daha yüksələn xətlə inkişaf edib:

 "Məsələn, Azərbaycanın daxili işlər naziri olmuş Mustafa Vəkiloğlu bir məqaləsində yazır ki, hökumət millət vəkillərindən Rəhim Vəkillini təmas üçün Anadoluya göndərib. Rəhim bəy o zaman Batumu işğal altında saxlayan ingilislərdən gizli şəkildə Anadoluya girməyə müvəffəq olub. Sivas konqresi əsnasında Mustafa Kamal paşa ilə təmas edərək bu mücadilədə Azərbaycanın ona nə kimi bir yardımı ola biləcəyini hökumət adına ondan soruşub. Atatürk isə ona belə cavab verib ki, "əsgəri yardıma indilik ehtiyac yoxdur, maliyyə yardımı müvafiq olur". Bu cavabı alan Rəhim Vəkilli Bakıya qayıdıb. Azərbaycan hökuməti süqutundan bir neçə ay əvvəl xüsusi bir mürəxxəslə (gəncəli Məhəmmədəli vasitəsilə) Anadoluya bir milyon franklık yardım göndərib və bu pul ozamankı Ankara hökumətinə təslim edilib. Bu, çox maraqlı xatirədir və mənbələrlə uzlaşır. Belə ki, 1920-ci ilin martında Azərbaycanın baş naziri Nəsib bəy Yusifbəyli xüsusi təmsilçisi Məhəmmədəli bəy vasitəsilə 1 milyon 400 min franklık 12 neft çeki göndərib. Lakin məlum siyasi səbəblərdən pul Ankaraya oktyabr ayında çatıb. Türkiyə arxivlərindən məlum olur ki, həmin çeklərin 8-i və 19 min türk lirəsi oktyabr ayında TBMM hökumətinə çatıb".
  D.Əhməd əlavə edib ki, eyni zamanda mart ayında Bakıda Anadoluya dəstək məqsədilə kampaniya da keçirilib: "Amma bəllidir ki, o zamanlar Müsavat hökuməti dedikləri Azərbaycan hökuməti bir növ ingilis himayədarlığı altında olduğu üçün Türkiyənin milli mücadilə dövründə Mustafa Kamal paşa başqa bir yol seçib. O, bolşeviklərlə təmasda olduğuna görə Azərbaycanın bolşevikləşdirilməsindən sonra Sovet Azərbaycanı hökuməti ilə münasibət qurub. Hətta Gəncə üsyanı əleyhinə də bir çıxışı mövcuddur. Mustafa Kamal paşanın məşhur “Azərbaycanın sevinci sevinci, kədəri kədərimizdir” cümləsi Azərbaycan İctimai Şuralar Cümhuriyyətinin Ankaradakı səfiri İbrahim Əbilovun etimadnaməsi oxunulduqdan sonra söylənilib. Həmin çıxışda Atatürk bu sözləri ifadə edib: “Azəri türklərinin dərdləri öz dərdlərimiz və sevincləri öz sevinclərimiz kimi olduğu üçün diləklərinə çatmaları, azad və müstəqil olaraq yaşamaları bizi çox sevindirir. Türkün xoşbəxtliyi və haqsızlığa məruz qalanların qurtuluşu yolunda Azərbaycan türklərinin də qanını tökməyə hazır olduqlarına dair açıqlamalarınız işğalçılara qarşı türkün və haqsızlığa məruz qalanların gücünü artıran çox dəyərli bir sözdür. Türkiyə Böyük Millət Məclisi və hökumətinin iki qardaş millət arasındakı bağ və marağın daha sağlam və dayanıqlı bir şəkildə olacağına bütün gücüylə çalışacağını və bu mövzuda sizə gərək olan hər cür yardımları edəcəyini ərz edirəm”. 1921-ci il noyabrın 18-də isə Ankaranın Cəbəci səmtində Hamamönü adlı yerdə Azərbaycan səfirliyinin binasına rəsmi törənlə bayraq da asılıb. Bayrağı Atatürk özü ucaldıb. Münasibətlər beləcə inkişaf edib. Qars müqaviləsi imzalanıb, qarşılıqlı səfirliklər açılıb".
  Yazar diqqətə çatdırıb ki, milli mücadilədə Azərbaycan Cümhuriyyəti zabitlərinin də müəyyən qədər iştirakı olub: "Firidun Daryal, Səməd Rəfibəyli, Gülməmməd Qazax, Yunis Şəkərov, Baba Behbud və başqa zabitlər həm Qurtuluş Savaşına qatılıblar, həm də kürd üsyanlarının yatırılmasında iştirak ediblər. Onlar İstiqlal medalı ilə təltif olunublar. Azərbaycanlılardan Əhməd bəy Ağaoğlu bu dövrdə önəmli rol oynayıb. Malta adasından qurtulduqdan sonra o, özünü Ankara hökumətinin güclənməsinə həsr edib, Anadolu agentliyində, “Hakimiyyəti-Milliyyə” qəzetində təmsil olunub. "İrşad" heyətinin üzvü kimi Anadoluda milli mücadiləni izah edib, daha sonra parlamentdə də təmsil olunub”.