Tramp müharibədən bezib: İran ilə münaqişədən çıxmaq istəyir

ABŞ Prezidenti Donald Tramp Tehranla uzanan hərbi qarşıdurmadan yorulub və genişmiqyaslı döyüş əməliyyatlarını yenidən başlamadan bu vəziyyətdən çıxış yolları axtarır.

Sherg.az xəbər verir ki, bu barədə "The Atlantic" məlumatlı mənbələrə istinadən xəbər yayıb.

Nəşrin məlumatına görə, prezidentlə mütəmadi əlaqə saxlayan qeyri-rəsmi müşavirlərdən biri bildirib ki, Iran ilə müharibə Trampa “bezdirici” gəlib.

“Danışıqlardakı dalana baxmayaraq, Tramp hərbi əməliyyatları yenidən başlatmaq istəmir”,- deyə jurnal yazır.

Bundan əlavə, bu həftə Amerika lideri "insanları öldürmək” istəmədiyini bildirib və hərbi fəallığın azaldılması barədə göstəriş verib. Səbəb isə qarşıdan gələn Pekin səfəridir. Tramp burada Si Cinpin qarşısında Yaxın Şərqdə növbəti sonsuz müharibəyə ilişib qalmış lider kimi deyil, sülhyaratıcı kimi görünmək niyyətindədir.

Mənbələrin sözlərinə görə, Tramp Iranın güzəştə getməməsindən və müdafiəni davam etdirməsindən narazıdır. Onun fikrincə, münaqişə həddindən artıq uzanıb. Prezident administrasiyasındakı “şahinlərin” bombardmanların bərpası çağırışlarını bloklayaraq, kövrək atəşkəsi qorumağa üstünlük verir.

Bundan əvvəl "Life.ru" yazmışdı ki, Donald Tramp Irana endirilən son zərbələri “dostyana şillə” adlandırıb və atəşkəs rejiminin qüvvədə qaldığını vurğulayıb. O həmçinin bildirib ki, üç ABŞ esminesi Hörmüz boğazından atəş altında uğurla keçib, heç bir zərər görməyib, hücum edənlər isə “kiçik qayıqları” ilə birlikdə “tamamilə məhv edilib”.