Din, həm də təhlükəsizlik məsələsidir


Ceyhun Məmmədov: "İnzibati metodlarla yanaşı ciddi ideoloji işin aparılmasına ehtiyac var"

  "Dini Komitənin imam, imam müavini, dini ayinlərin icraçısı vəzifəsinə keçirdiyi müsahibələrdə iştirak edən namizədlərin böyük əksəriyyətinin uğur qazana bilməməsi dini fəaliyyət sahəsində görməli olduğumuz işlərin hələ çox olduğunu göstərir". Bu sözləri millət vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov deyib. Deputat bildirib ki, nəzərə almalıyıq ki, din həm də təhlükəsizlik məsələsidir: 

"Bu gün İranın sosial şəbəkələr vasitəsilə Azərbaycana yönəlmiş dini təbliğatı sürətlə davam edir. Bu baxımdan dini fəaliyyət sahəsində islahatların daha da sürətlənməsinə, dini təhlükəsizliyimizin daha da möhkəmləndirilməsinə ciddi ehtiyac var. Reallıq ondan ibarətdir ki, paralel dünyalarda yaşayırıq. Ayrı-ayrı dini qruplar Azərbaycanda dini duruma təsirlərini gücləndirmək, ətraflarına daha çox dindar kütləni toplamaq üçün ciddi səylə çalışır və yarışırlar. Hər gün bu məqsədlə sosial şəbəkələrdə, xüsusilə tiktokda və yutubda yüzlərlə videolar yayılır. Əgər bu təbliğatın əsas məqsədi həqiqi dini dəyərlərin təbliğatı olsaydı, burada heç bir problem olmazdı. Ancaq burada söhbət ayrı-ayrı ölkələrin dövlət-din münasibətləri modelinin ölkəmizə ixrac olunmasından gedir. Bu da özü-özlüyündə çox ciddi siqnaldır".
  Parlament üzvünün sözlərinə görə, hazırda ölkəmizdə bu sahədə mövcud problemlərin həlli məqsədilə iki istiqamətdə iş aparılır: "Biri inzibatidir ki, bu metod da hər zaman uğurlu olmur. İnzibati metodlarla yanaşı ciddi ideoloji işin aparılmasına ehtiyac var. Biz çalışdığımız kimi qarşı tərəf də çalışır. Sovet hökuməti nə qədər çalışsa da, dini insanların həyatından tam çıxara bilmədi. Bu gün ölkədə siyasi-ictimai durumun təhlili göstərir ki, insanların dinə münasibəti çox həssasdır. Bu həssaslıqdan kənar qüvvələrin istifadə etməməsi üçün çox çalışmalıyıq".