“Donbas alınsa belə, müharibə bitməyəcək” - Politoloq

"Bu Kremlin gözlədiyi qələbəni gətirməyəcək, Rusiyanın əsas hədəfi siyasi xal toplamaqdır”

Rusiya-Ukrayna arasında 2022-ci il fevralın 24-də başlayan müharibə 4 ildir ki, gərgin müstəvidə davam edir. Ukrayna lideri Volodimir Zelenskinin rusiyalı həmkarına atəşkəslə bağlı göndərdiyi məktub, tərəflər arasında soyuq buzların əridiyinə dair ümidləri artırsa da, Putin məktubu oxumağa macal tapmadığını açıqladı.

Tərəflər arasında Donbas üzrə yaranan fikir ayrılıqları dərinləşib. ABŞ prezidenti təhlükəsizlik zəmanəti qarşılığında Ukraynaya Donbasdan imtina etməyi təklif etdi. Hətta Rusiya rəsmiləri dəfələrlə Zelenskidən ordusunu Donbasdan çıxarmağı tələb ediblər. Ukrayna lideri isə cavabında, ordunun bölgədən çıxarılmasının Kiyev üçün strateji məğlubiyyət olacağını açıqlayıb. Xatırladaq ki, 2025-ci ildə Putin 60 gün ərzində Donbası tamamilə ələ keçirəcəyini bəyan etmişdi. Lakin bu strategiya iflasa uğradı. İndi isə həmin məqsədin noyabr ayına qədər reallaşdırılması nəzərdə tutulur.

Mövzu ilə bağlı politoloq Rəşad Bayramov Sherg.az-a bildirib ki, Donbas Rusiya-Ukrayna müharibəsində siyasi və simvolik yük daşıyan əsas cəbhəyə çevrilib:



"Donbas, olduqca möhkəm hərbi qoruma sistemi ilə əhatə olunub. Belə bir şəraitdə Rusiyanın Donbasa tam nəzarəti ələ keçirməsi üçün yalnız taktiki üstünlük kifayət etməyəcək. Bunun üçün paralel olaraq, Ukraynanın müdafiəsinin sistemli şəkildə çökməsi və logistik dəstəyin kəsilməsi lazımdır. Mövcud güclər nisbətinə baxdıqda, qısa müddət ərzində belə bir hadisənin baş verməsi çətin məsələdir. Çünki Rusiya ordusunun müəyyən istiqamətlərdə əldə etdiyi irəliləyiş, yüksək itkilər və yavaş temp hesabına başa gəlir”.

Politoloqun sözlərinə görə, müasir müharibə şəraitində artilleriya, dron sistemləri və kəşfiyyat üstünlüyü önəmli rol oynayır:

“Lakin bunlar belə Donbas kimi dərin müdafiə olunan bölgədə “sürətli işğal”ı təmin etmir. Ona görə də noyabr ayına qədər tam nəzarət ehtimalı aşağıdır. Donbas tamamilə işğal olunsa da, müharibə bitməyəcək. Əksinə, münaqişə yeni bir mərhələyə keçəcək. Bu isə Ukraynanın müdafiə taktikasını dəyişməsinə və Qərbin ona verdiyi hərbi dəstəyin daha da artmasına səbəb olacaq. Çünki Donbasın statusu müharibənin başlanğıcından etibarən Ukraynanın suverenliyi və Avroatlantik inteqrasiya xətti ilə bağlı fundamental məsələ kimi qəbul edilir”. 

R.Bayramov onu da qeyd edib ki, Donbasın tam nəzarətə alınması, hipotetik olaraq Rusiyaya informasiya üstünlükləri qazandıra bilər:

“Lakin bu, müharibədə strateji qələbə ilə eyni məna daşımır. Müasir geosiyasi müharibələrdə, ərazi nəzarəti vacib olsa da, yekun nəticəni müəyyən edən əsas faktorlar siyasi legitimlik, beynəlxalq mövqe və uzunmüddətli hərbi-siyasi dayanıqlılıqdır. Odur ki, Donbasın qısa müddətdə tam ələ keçirilməsi real imkanlardan uzaqdır. Bu proses hərbi məqsəddən daha çox, siyasi xal qazanmaq və informasiya müharibəsində üstünlük əldə etmək üçün ortaya atılan arqumentə bənzəyir".