- "Cəbhədə hər şeyi dronlar dəyişir. Rusiyanın hücum potensialı getdikcə zəifləyir"
Rusiya-Ukrayna müharibəsi uzandıqca Kiyevin hərbi strategiyasında da ciddi dəyişikliklər müşahidə olunur.
Ukrayna ordusu son dövrlərdə cəbhə xəttindən daha çox Rusiyanın dərinliklərində yerləşən strateji obyektləri, enerji infrastrukturu, hərbi anbarlar və logistika mərkəzlərini hədəfə alır. Bu taktikanın əsas məqsədi Rusiyanın hərbi imkanlarını zəiflətmək, təchizat zəncirini pozmaq və müharibənin iqtisadi yükünü artırmaq kimi qiymətləndirilir.
Mütəxəssislərin fikrincə beş ildən çoxdur davam edən Rusiya-Ukrayna müharibəsi artıq nəhəng tank diviziyalarının və kütləvi canlı qüvvənin qarşılaşdığı ənənəvi döyüş deyil. Ucuz, lakin öldürücü PUA-ların (xüsusən FPV dronların) hökm sürdüyü texnoloji münaqişəyə çevrilib.
Ukraynadakı 1200 kilometrlik cəbhə xəttində ölüm saçan bu cihazlardan yayınmaq üçün amansız gizlənpaç oyunu gedir.
Qeyd edək ki, həm Ukrayna, həm də işğalçı Rusiya cəbhədə yeni texnologiyaları fasiləsiz olaraq təkmilləşdirirlər. Hər iki tərəf cəbhə xətti boyunca nisbətən kiçik bir ərazidə qoşun, nəqliyyat vasitələri və artilleriya toplamaq kimi köhnə taktikalardan imtina etmək məcburiyyətində qalıb. Çünki görünən hədəflər dronlar üçün asan şikara çevrilir.
Bunun əvəzinə cəbhə xəttinin hər iki tərəfində cəmi iki-üç əsgərdən ibarət qruplar kilometrlərlə uzanan nəhəng ölüm zonasına səpələnərək kiçik qazma sığınacaqlarda gizlənirlər.
Döyüş meydanında Rusiya daha çox hücumlara və Ukraynanın bu hücumların qarşısını almaq cəhdlərinə diqqət yetirir. Ukrayna tərəfi isə təchizat xətlərinə, şəxsi heyətin əvəzlənməsinə və təxliyələrə fokuslanır.
İndi yeni mövqelər qazanmaq ciddi təhlükələrlə müşayət olunur və bir çox hallarda kiçik bir ərazi üçün böyük risklər tələb edir.
Mövzu ilə bağlı danışan hərbi ekspert Ədalət Verdiyev Sherg.az-a açıqlamasında Ukrayna cəbhəsində vəziyyətin gərgin olaraq qaldığını bildirib. Onun sözlərinə görə, döyüşlər daha çox şimal istiqamətində qeydə alınır: "Rusiya ordusunun kiçik qüvvələri Ukrayna müdafiəsini yarmağa cəhd etsə də, ciddi nailiyyətlər əldə edə bilmirlər. Xarkovda, Sumıda döyüşlər qarşılıqlı zərbələrlə davam eləyir. Cənub istiqamətində isə dronların iştirakı ilə mövqe döyüşləri gedir".
Ə. Verdiyev qeyd edib ki, əməliyyatlar teatrında biz əvvəlki aylara nisbətən daha çox dronları, dron əleyhinə vasitələri və radioelektron mübarizə sistemlərini müşahidə edirik:
"Ukrayna tərəfindən dronların çoxsaylı istifadə olunması Rusiya qoşunlarının hərəkətini və cəmləşməsini kifayət qədər çətinləşdirir.
Döyüş əməliyyatları zonasının havadan daim sıx dron nəzarətində olması Rusiyanın kütləvi hücumlarına imkan vermir, onların sayı da minimuma qədər azalıb.
Ukraynanın zərbələri Rusiya ordusunun hücum potensialını kifayət qədər çətinləşdirib, logistik problemlər getdikcə artmaqdadır. Amma bunun müharibənin taleyini həll edəcək metod olduğunu deyə bilmərik, çünki Rusiyanın da daha çox raketlərlə və zərbə PUA-ları ilə Ukrayna ərazisinə ziyan vurduğunu müşahidə edirik. Lokal ləngimələr tamamilə mümkündür, amma Rusiya ordusunun iflic vəziyyətinə gətirilməsi üçün Ukraynanın həyata keçirəcəyi hərbi fəaliyyətlərin miqyası kifayət qədər böyükdür".