Düşmən qüvvələrin planına dəstək verməməliyik

Hərbi qulluqçumuzun yaralanmasına səbəb olan təxribat da sübut edir ki, sülh müqaviləsi tezliklə imzalanmalıdır

İyulun 12-də Ermənistan silahlı qüvvələri Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimizə atıcı silahlardan atəş açıblar. Azərbaycan Ordusunun bölmələri cavab tədbirləri görüb və qarşı tərəf susdurulub. Xatırladaq ki, iyulun 11-də də erməni tərəfi Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərimizi atəşə məruz qoymuşdular. Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseyn Abdullayev yaralanmışdı. 
  
Son günlər intensiv hal alan erməni təxribatları ilə bağlı "Sherg.az"a danışan Azərbaycan Demokratik Partiyasının sədr müavini, politoloq Həsrət Rüstəmov deyib ki, Qarabağdakı təxribatlar Cənubi Qafqazda sülhü öz maraqları üçün təhlükə sayan Rusiya və Fransanın işinə yarayır. Ekspert vurğulayıb ki, ermənilər səhvən düşünürlər ki, bölgədə gərginliyin qalması onların maraqlarına daha çox uyğundur: "Regionda davamlı və qalıcı sülh Azərbaycanın maraqlarına xidmət edir. Ona görə də ermənilərin əli ilə bölgədə gərginlik yaradanların təhrikinə aldanmamalıyıq. Düşmən qüvvələrin planına dəstək verməməliyik. Hərbi qulluqçumuzun yaralanmasına səbəb olan təxribat da sübut edir ki, sülh müqaviləsi tezliklə imzalanmalıdır. Həmçinin sərhədlər müəyyənləşməli və regional istisadi layihələr başlanmalıdır. Zaman keçdikcə, bu proses daha da yeni çətinliklərlə qarşımıza çıxa bilər".