Ərdoğan öz mesajını açıq verdi
Ən gec 2025-ci ildə rus silahlıları Qarabağdan çıxacaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO liderlərinin sammitindən sonra keçirilən mətbuat konfransında deyib ki, Rusiya sülhməramlıları 2025-ci ilə qədər Qarabağda müəyyən edilmiş yerlərdə qalacaq. Ərdoğan bildirib ki, Rusiya sülhməramlıları 2025-ci ildə Qarabağı tərk edəcək. O, Rusiyanın bu razılaşmaya sadiq qalacağına inandığını vurğulayıb:
"Razılıq bu formadadır və Rusiyanın razılığın şərtlərinə sadiq qalacağına ümid edirəm. Hörmətli qardaşım İlham Əliyev də məsələni yaxından izləyir".
Türkiyə liderinin diqqət çəkdiyi məsələni və ifadələrini "Sherg.az"a dəyərləndirən millət vəkili Elman Məmmədov deyib ki, Ərdoğan diplomatik qayda-qanunlara uyğun olaraq öz mesajını verib. Deputat diqqətə çatdırıb ki, Türkiyə liderinin ifadələrində Rusiya rəhbərinə ünvanlanmış başqa ismarıclar da var: "Rusiya "sülhməramlı" kontingent adı ilə silahlı qüvvələrini Azərbaycan ərazilərinə yerləşdirib. Guya vasitəçi kimi ölkəmizə gəliblər. Ancaq həqiqət və mövcud vəziyyət necədir? Rusiya silahlı qüvvələri Qarabağa yerləşən gündən tərəfkeşlik edirlər. Vasitəçi iddiasında olan ölkə bitərəf olmalıdır.
Aydındır ki, Rusiya silahlılarının Azərbaycana gəlməsində məqsəd Azərbaycanın Qarabağ ərazisində yaşayan separatçıların, cinayətkarların təhlükəsizliyini təmin etməkdir. Separatçıları qorumaqla, himayə etməklə, onlara silah-sursat verməklə, təlimlər keçməklə bunu açıq-aşkar büruzə verirlər. Bir neçə gün Ermənistanda qapalı toplantı keçirilib və separatçılardan biri də həmin toplantıda iştirak edib. Bizim Laçın yolunda sərhəd-keçid məntəqəmiz var. Həmin separatçı qanuni sərhəd-buraxılış məntəqəsindən keçərək Ermənistana getməyibsə, hansı yolla, kimlərin vasitəsi ilə İrəvana yollanıb?! İki variant var, separatçı ya rusların maşınında keçib, ya da Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobilində gedib. Xocalı aeroportundan da İrəvana uçuşlar həyata keçirirlər. Belə faktlara görə Rusiya "sülhməramlıları" ərazimizi nə qədər tez tərk etsələr, o qədər yaxşıdır. 10 noyabr sazişinə görə, onların 2025-ci ilədək fəaliyyət müddəti var. Lakin Azərbaycan tərəfi hər an iddia qaldıra bilər ki, Rusiya "sülhməramlıları" ölkəmizin qanunlarını pozmaqla, separatçıları müdafiə etməklə məşğuldur və ona görə Qarabağdan getməlidir".
Parlament üzvü bəyan edib ki, bunu etməsək belə ən gec 2025-ci ildə rus silahlıları torpaqlarımızdan çıxacaq: "Əmin olun, rus "sülhməramlıları" Qarabağı tərk edəndən sonra təxribatlara da son qoyulacaq. Təxribatların əsas səbəbkarlarından biri rusların hərbi kontingentidir. Bölgədə sabitlik, əmin-amanlıq və dayanıqlı sülh üçüncü tərəflərin müdaxiləsinə imkan verməyəcək. Məsələ budur. Rusiya isə Cənubi Qafqazda mövcudluğunu uzatmaq, hətta əbədiləşdirmək istəyir. Xocalıda özlərinə kilsə tikiblər, dədə-babalarına heykəl qoyublar. Başqa qələtlərlə də məşğul olurlar. Bu da onu göstərir ki, ruslar getmək fikrində deyil. Cənab Ərdoğan da o səbəbdən deyir ki, məsələ rusların istəyi ilə deyil və onlar müddət bitəndə Qarabağı tərk edəcəklər. İfadə yumşaq olsa da, arxasında çox sərt mövqe dayanır".